Elmar Məmmədyarovla surinamlı həmkarı arasında telefon danışığı oldu

SİYASƏT 19 iyn 2020, 21:57

Xarici İşlər naziri Elmar Məmmədyarovla Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle arasında telefon danışığı olub.

 

XİN-dən Demokrat.az-a verilən məlumata görə, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı nazirlər mövcud qlobal vəziyyətə toxunaraq ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar və bu xüsusda qarşılıqlı dəstəyin, həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Surinam Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

 

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs ediblər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.

 

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

 

Nazir Yldiz Pollak Beigle Azərbaycanla Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb və Bakıya səfəri zamanı ADA Universitetində tanışlığını məmnunluqla xatırlayıb.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top