Rusiyada məşhurlaşan azərbaycanlı tibb bacısı AYNA-da: “Sizə yalvarıram...”

MÜSAHİBƏ 19 iyn 2020, 16:03

Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dönəmdə tibb işçiləri, sanki ön cəhbədə döyüşən qəhrəmanları xatırladır. Belə bir vaxtda özünü və ailəsini fəda etməyə hazır olan qəhrəmanlarımızdan biri hazırda Azərbaycanı Rusiyada təmsil edir. Artıq qısa zaman kəsiyində Rusiyanın bir neçə vilayətində məşhur olmağa başlayıb, şəkilləri küçələrdə böyük lövhələrə vurulub, ünvanına təşəkkürlər edilir, haqqında sosial şəbəkələrdə müzakirələr gedir.

 
Beləliklə, AYNA-nın müsahibi Nuranə Əminovadır.


- Nuranə xanım, Rusiyada tibb sahəsində nə qədər müddətdir çalışırsınız?


- Rusiyada 2012-ci ildən işləyirəm. Krasnoqorsk Şəhər Xəstəxanasında prosedur tibb bacısı kimi çalışıram. İşimiz ondan ibarətdir ki, xəstələrdən qan analizi götürürük və onlara iynə (əzələdaxili və damardaxili) vururuq.


- Rusiyada pandemiya nə zaman baş qaldırdı?


- Rusiya pandemiya ilə mübarizəyə mart ayından başladı.


- Pandemiya zamanı koronaviruslu xəstələrlə işləməyə könüllü olaraq qərar verdiniz? Bu günə kimi nə qədər insandan test götürmüsünüz?


- COVID-19 ilə əlaqədar bizi evlərdə analiz götürməyə göndərdilər. Yoluxma təhlükəsinə baxmayaraq, dərhal bu işə razılaşdım və rəhbərliyə vəzifələrimi sona qədər icra edəcəyimi söylədim. İşimi sevirəm və uşaqlıqdan bu barədə xəyallar qurmuşam. Özünütəcrid rejimində evlərə gedirdim və burundan, ağız boşluğundan yaxmalar götürürdüm. Özümlə və qazandığım uğurlarla fəxr edirəm, çünki bir ay ərzində həmkarlarımla birlikdə 6 mindən çox analiz götürməyi bacardıq. Çox az adam belə riskli işə girişərdi.


- Bu işə başlayarkən, yəqin riskləri də gözə aldınız. Neçə saat xəstəxanada iş başında olursunuz, çətinlikləriniz nələrlə bağlı olur?

 
- Bütün bu müddətdə gündəlik 15-16 saat işləmişik. Uşaqlarımı, demək olar, görmürdüm. Bundan əlavə, kombinezonda olmaq çox çətindir, çünki narahat geyimdir, nəfəs almaq çətin olur, bədən daim qaşınır. İş o qədər çox olurdu ki, heç nahar etməyə belə vaxtımız olmurdu, nəticədə 9 kq arıqladım. Bir dəfə, hətta o qədər yorulmuşdum ki, günün sonunda liftdən çıxarkən huşumu itirib yıxıldım. Xəstələrin axını çox böyük olduğundan və ehtiyacı olanların hamısına yardım etməli olduğumuzdan, sürətli və kompakt işləməli idik. Hətta, bir nüansı da xatırladım, ilk günlər uşaqlarımın üzünü həsrət qalmışdım, iş başında olan zaman mənə SMS yazırdılar ki, “ana, darıxmışıq sənin üçün, nə zaman gələcəksən? Sənə axşam yeməyi hazırlamışıq”. Onu da qeyd edim ki, böyük qızımın 14, balaca qızımın isə 12 yaşı var. Evə gəlirdim, sanki iməkləyən uşaqlar kimi içəri daxil olurdum, məni güclə evə salırdılar, duş almaqda kömək edib, yatağıma uzadırdılar. Yeməyi gətirib, əlləri ilə yedizdirirdilər. Yəni o vəziyyətdə halım yox idi. Həmişə deyirdim ki, mənə kömək edin ki, işləyə bilim, mənə yazmayın ki, darxıram, çünki o zaman mənəvi əzab çəkirəm. Ondan sonra mənə yazmırdılar. Yalnız gecə saat 10 olan kimi yazırdılar ki, “ana, nə vaxt gələcəksən?”


- Əvvəllər deyilirdi ki, bu virusa daha çox yaşlı insanlar yoluxur. Rusiyada yoluxma daha çox hansı yaş kateqoriyası insanlarda aşkarlanıb?


- Düzdür, yoluxanlar arasında yaşlı qrupun insanları da var. Amma yoluxanlar arasında 38, 40, 42 yaşlarında cavanlar da az deyil. Bu virus elə bir virusdur ki, yaşa baxmır. Hətta tanışlarımızdan da yoluxanlar oldu, onlar 6 gün reanimasiyada yatdılar. Şükür, sağaldılar. Palatada 20 nəfər insandan 18 nəfəri öldü. Sağ qalanlardan biri də mənim tanışım oldu. Yəni bundan qaçmaq mümkünsüz bir şeydir. Dəhşətdir, burda yaşananlar inanılmaz dərəcədə vahiməlidir.


- Şəkilləriniz sərgilənən zaman nə hissləri keçirdiniz? Azərbaycanda sosial şəbəkələrdə bu gün əksəriyyət sizdən danışır. Bunu yaşamaq necə bir hissdir?


- Bir azərbaycanlı olaraq, Rusiyada millətimizi çalışqan, qorxmaz və başqalarına kömək etməyə həmişə hazır olan biri kimi göstərdiyimə görə çox məmnunam. Moskva şəhəri və Moskva vilayətində yayılan şəklimə gəlincə, bu, qəzet, televiziya üçün çəkilmişdi və tibb sahəsindəki qəhrəmanlara həsr olunmuşdu. Düzünü deyim ki, bu qədər yayılacağını bilmirdim. Bu barədə həkimlərimiz mənə məlumat verdilər və plakatın şəklini çəkib mənə atdılar. Şəklin altına da “Nuranə, sən bizim fəxrimizsən” yazmışdılar. Buna görə onlara təşəkkür edirəm! İnanın ki, onların öz həkimləri işləməkdən imtina etdilər, amma mən imtina etmədim. Özümlə, azərbaycanlı olmağımla qürur duyuram. Mən onlara da dedim ki, sonadək sizinləyəm. Bu, mənim vəzifə borcumdur. Uşaqlıqdan ən böyük arzum həkim olmaq idi, düzdür, həkim ola bilməsəm də, tibb bacısı ola bildim. Həm də bu, bizim qanımızdadır. Biz igid, mərd xalqıq. Ən gözəl tədbiri isə Azərbaycan gördü. Sağ olsun ölkə rəhbərliyi, cənab İlham Əliyev və hökumətin başında olanlar. Çox yaxşı və ciddi tədbirlər gördülər. Dünya üzrə ən az xəstə və ölü sayı Azərbaycandadır. Azərbaycanda məktəblər bağlanan zaman bizim uşaqlar burda məktəbə gedirdilər. Sağ olsunlar ki, tədbiri çox tez gördülər. Onu da qeyd edim ki, mənim bu şəklimi artıq Sankt-Peterburqda da sərgiləyiblər.


- Azərbaycanda virusun varlığına inananların sayı azalır, bunun əksinə yoluxmalar artır. Bizə nə tövsiyə edirsiniz?


- Mən Azərbaycan xalqına üzümü tutaraq, yalvararaq deyirəm ki, bu virusun mövcudluğuna inanın. Həqiqətən virus var, xəstələrin sayı durmadan artır. Biz bu işin içindəyik və o qədər dəhşətli hadisələr görürük ki... Hətta, xəstəxanalarda yer yoxdur. Biz gedirik, xəstələrin analizini götürürük və baxırıq ki, ağır bir vəziyyətdə təcili tibbi yardım gözləyirlər. Təcili tibbi yardımlar çatdıra bilmir. Bir düşünsülər, əgər belə bir xəstəlik mövcud deyilsə, bu qədər xəstələrin, ölənlərin sayı hardandır? Düzdür, yoluxanlar arasında hamilə qadınlara rast gəlməmişik, amma yoluxanlar arasında uşaqlar da var. Hansı ki, test olunub, cavabları pozitiv çıxıb. İlk gündən nə çətinliklərlə, mübarizələrlə üz-üzə çalışdıq. Xahiş edirəm, özünüzü qoruyun, özünüzdən muğayat və Allaha əmanət olun!

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top