“Elçibəyin davamçıları ulu öndərin qarşısında təzim etməlidirlər” fikrinə İsa Qəmbərdən CAVAB

GÜNDƏM 19 iyn 2020, 10:27

“1993-cü ilin “4 iyun qiyamı” Rusiyanın xüsusi xidmət orqanlarının hazırladığı və Rusiyanın Azərbaycanda əvvəlki dönəmdən qurduğu şəbəkənin də geniş şəkildə iştirak etdiyi qiyam idi. Demokratik, xalq tərəfindən seçilmiş qanuni Elçibəy hakimiyyətinə qarşı qiyam... Bu qiyamdan faydalanaraq hakimiyyətə gələn qüvvələrin Azərbaycan Xalq Cümhüriyyətinin qurucularını - Rəsulzadəni, Topçubaşovu və digər şəxsləri xilas etməsi barədə danışmaq mənə çox təəccüblü gəlir. Bir neçə gün əvvəl, Zahid Orucun mətbuatda bu barədə çıxışını gördüm, hətta hesab edir ki, məni də Heydər Əliyev xilas edib, buna görə də Heydər Əliyevə təşəkkür etməliyəm...”


Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Milli Məclisin deputatı Zahid Orucla debat zamanı deyib.


Zahid Oruc isə İsa Qəmbərə belə cavab verib: “Nə olar ki? Bu, yaxşı bir siyasi davranış nümunəsi olardı...”


İ.Qəmbər sözlərinə belə davam edib: “İndiki gənclər o dövrlə bağlı məlumatsızdırlar. Heydər Əliyevin iyulun 16-da sədrlik etdiyi iclas zamanı məni parlamentin binasında həbs ediblər. Zahid Oruc deyir ki, Heydər Əliyev məni Surət Hüseynovdan xilas edib... Məni iki gün Bakı Şəhər Baş Polis İdarəsində saxladıqdan sonra helikopterlə Gəncəyə aparıblar. Orada Gəncə təcridxanasına yerləşdirildim. O zaman Bakının 50 faizi Surət Hüseynovun nəzarətində idisə, Gəncə 100 faiz idi. Ola bilər, Surət Hüseynov anladı ki, nə oyun qurulur, ona görə də bizə qarşı hər hansı fiziki təzyiq olmadı. Faktiki olaraq Heydər Əliyev məni və digər hakimiyyət nümayəndələrini həbs etdirib Gəncəyə göndərtmişdi. 10 gün Gəncədə qalmışıq. Heydər Əliyevin etdikləri bunlardırsa, təşəkkür etməliyiksə... İsa Qəmbərə münasibət budursa, Rəsulzadəyə, Topçubaşova, Elçibəyə və digər böyük şəxsiyyətlərə münasibətinə fikir bildirməyə ehtiyac qalırmı?! Haradadır böyük şəxsiyyətlərin Bakıda abidələri? Niyə Bakı Dövlət Universitetinə Rəsulzadənin adı verilməyib? Digər məsələləri heç demirəm... Gəlin bu mövzulara girməyək, çünki burada hakimiyyətin qazanacağı element yoxdur. Rusiyanın təşkil etdiyi qiyam olub, bu qiyam zamanı da indiki hakimiyyət nümayəndələrinin bir qismi bilavasitə iştirak edib, bir qismi də, sadəcə, faydalanıblar, hakimiyyətə gəlmək üçün sui-istifadə ediblər. Hakimiyyətə gələndən sonra da səriştəsiz, bacarıqsız, həddindən artıq korrupsioner xarakter daşıdıqlarına görə Azərbaycanın sərvətlərini toplamaqdan başqa heç bir iş görməyiblər, ölkəni bugünkü bərbad vəziyyətə gətirib çıxarıblar. Budur hakimiyyətin xidməti... Onlar tarixdən bundan uzağa gedən qiymət almayacaqlar”.


O, Əbülfəz Elçibəylə bağlı görüşünə də toxunub: “1993-cü ilin iyunun 17-də axşam Əbülfəz Elçibəylə görüşmüşəm. Məndən əvvəl Elçibəy 3 nəfəri birlikdə qəbul edib – Heydər Əliyev, Rəsul Quliyev, Etibar Məmmədov. Əbülfəz bəylə söhbətimizdə nəyin müzakirə olunduğunu danışdıq. Dedi ki, adamları Surət Hüseynova, qiyamçılara qarşı birgə mübarizəyə səsləyirəm, qətiyyən yaxın durmurlar, əksinə Surətin Bakını alacağını, qan tökəcəyini bildirirlər. Əbülfəz bəy dedi ki, onları nə qədər əməkdaşlığa dəvət etsəm də, razılaşmırlar. Vəzifə vəd olunub, qəbul etməyiblər... Sonra bu adamlar deyirlər, Elçibəy Bakının tərk etdi...”


Z.Oruc İ.Qəmbərə sual ünvanlayıb: “Surət Hüseynova Baş Nazirin müavini vəzifəsini kim vermişdi? Hər halda Heydər Əliyev verməmişdi, elə deyilmi?”


İ.Qəmbər isə suala sualla cavab verir: “Baş Nazir vəzifəsinə kim təyin etmişdi?”

 
Z.Oruc qeyd edib ki, Heydər Əliyev hakimiyyəti xalq cəbhəsindən, Müsavat Partiyasından deyil, Surət Hüseynovun əlindən alıb: “Buna sevinməlisiniz...”

 
İsa Qəmbər isə “Nağıl danışmayaq” cavabını verib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top