İradə Musayeva: “Əvvəllər uşaqlıq həvəsidir, keçib-gedər, deyirdik, keçmədi...” (FOTO/VİDEO)

ŞOU-BİZNES 18 iyn 2020, 16:25

Bu gün ölkəmizdə hansı sahədə olur-olsun, istedadlı gənclərimiz çoxdur. Onlar vətənimizi istər daxildə, istər də xarici ölkələrdə çox uğurla təmsil edirlər. Belə gənclərimizdən biri də Pərviz İsmayılovdur. O, modelliklə yanaşı, aktyor kimi fəaliyyət göstərir, ölkəmizi Türkiyədə uğurla təmsil edir, bu yaxınlarda da "Savaşın əfsanələri” filmində çəkilib.


Pərvizi bir də anasının - tanınmış ədəbi tənqidçi İradə Musayevanın dilindən tanıyaq.


Qaynarinfo İradə Musayeva ilə müsahibəni təqdim edir:


- Gəlin lap əvvəldən, Pərvizin uşaqlığından danışaq. Pərviz necə uşaq olub? Yaşıdlarından nə ilə fərqlənirdi?


- Pərviz çox fərqli uşaq olub. Uşaq vaxtı, 4-5 yaşı olanda böyük kağız parçalarından, saçaqlı süfrələrdən, lələklərdən, taxta parçalarından özünə sərkərdə libasları, qalxanları, qılıncları düzəldirdi. Sonralar model kimi reklamlara çəkiləndə, demək olar ki, evdə heç birimiz maraq göstərmədik.
 

- Pərvizin xarakterində hansı nüanslar var ki, bu, onu yaşıdlarndan fərqləndirir?


-  Xarakter etibarilə çox fərqlənir yaşıdlarından. Mənimlə üst-üstə düşən xasiyyətləri (prinsipiallığı, yaxşı mənada inadkarlığı və s.) çoxdur, amma çox vaxt yola getmirik. Çox ədalətpərəstdir, cəsarətlidir, saxtakarlıq, yaltaqlıq, yarınma kimi anlayışların mahiyyətindən xislətində zərrə qədər də heç nə yoxdur. İstəmədiyi işi ona heç cür gördürmək, istəmədiyi sözü dedizdirmək olmaz.


- Modelliyin, aktyorluğun arxasınca gedərkən sizin bir valideyn kimi ona dəstəyiniz oldumu?


- Universiteti bitirəndən sonra da ("Din tarixi” ixtisasını bitirib) istəmədiyi sahə olduğu üçün diplomu qoydu bir kənara. Bəlkə də bizim bu cür biganə davranışımız onu həvəsdən salırdı, amma bütün hallarda öz istəyinə doğru can atırdı. Ən məşhur firmaların geyimlərini, mebellərin reklamlarını metrolarda, küçələrdə, mağazalarda və s. yerlərdə görəndə sadəcə gülümsəməklə keçirdik.


Sizə maraqlı bir əhvalat danışım: Bir dəfə Qəbələdə yoldaşımla mebel mağazasına girdik, divar boyu Pərvizin şəklini gördük. Oğlumuz olduğunu dedik və o reklam şəklinin birini də bizə verərlərmi? - deyə soruşduq. Dedilər ki, sayla veriblər... Amma nə aldıqsa, Pərvizə görə endirim etdilər. 


- Əvvəl modellik, sonra aktyorluq. Bəs Pərvizin aktyorluq həyatı necə başladı? Hansı filmlərdə rol alıb?


- Aktyor təhsili yoxdur. Ailə olaraq aktyor olmasını da istəməmişik, lakin heç vaxt arzusuna qarşı çıxmamışıq. Azərbaycanda bir neçə serialda kiçik rolları olub, lakin Türkiyəyə gedəndən sonra uğurları daha da artdı. "Möhtəşəm yüz il”, "Savaşın əfsanələri” filmlərdə türk elçisi, türk sərkərdəsi kimi rollara çıkildi. "Dolunay” filmində Aleks rolunu canlandırdı və s. 
 

- Söylədiniz ki, Türkiyədə də filmlərə çəkilib və daha uğurlu alınıb. Bəs ilk təklif necə oldu?

 
- İstanbulda ilk dəfə hansısa kütləvi səhnədə çəkilirmiş, qəflətən rejissorun gözü satışıb Pərvizə, görünüşünə, şəxsiyyətinə, türk əsilli obraza uyğun siması olduğuna görə çağıırıb və başqa rol verib. 


- İradə xanım, Pərvizin atasının bu məsələyə münasibətini necə olub?


- Atası hələ də gözləyir ki, "cavanlıq xobbisi” bitəcək və gəlib öz biznesini quracaq Azərbaycanda. Amma mən Pərvizi tanıyıram, bilirəm ki, bu adam özü olmaq, özünü tapmaq, sevdiyi işlə məşğul olmaq azadlığını heç nəyə dəyişməyəcək... 


- Ana kimi övladınız haqqında nə düşünürsünüz?


- Mənəviyyatına, əxlaqına, dürüstlüyünə görə ondan arxayınıq, hansı ölkədə yaşasa, fəxrimiz olacaq, inşallah. Lakin zəmanəyə uyğunlaşa bilməməsi problemi var. Xarakter möhkəmliyi çox zaman insana zərbələr endirir. 


- Bir azərbaycanlı ziyalı xanım kimi gənclərimiz haqqında nə düşünürsünüz, onlara  məsləhətiniz?


- Əslində Azərbaycanda bu cür gənclər üçün şərait yaradılmalıdır. Öz zəhmətini, iradəsini və arzularını, potensialını ortaya qoymaq istəyən yaraşıqlı, istedadlı, ağıllı gənclər niyə öz xoşbəxtliyini və gələcəyini uzaqlarda axtarsın ki?!

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top