Prezident: "Biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq"

İQTİSADİYYAT 17 iyn 2020, 23:41

Biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq.

 

Demokrat.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Bankının təşəbbüsü ilə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

 

Dövlət başçısı bildirib:

 

"Pandemiya bitən kimi biz sizi gözləyirik. Biz yenidən sizi qarşılamaqdan məmnun olardıq. Bizə yad olmamağınız düşünürəm ki, bizim üçün çox yaxşıdır. Siz bizim ölkə ilə tanışsınız. Bizim etdiklərimizin hamısını bilirsiniz. Çünki hazırda - iqtisadi islahatlarımızın bu mərhələsində sizin Azərbaycandakı fəaliyyətiniz bizə kömək edəcək ki, əməkdaşlığı müvafiq qaydada planlaşdıraq və artımı, məşğulluğu yaradan sahələrə diqqəti cəmləyək. Siz bizim şaxələndirmə, sənaye inkişafı ilə bağlı planlarımızdan məlumatlısınız. Ona görə də əminəm ki, siz Bakıda çox məşğul olacaqsınız.

Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim "Doing Business" reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, "Doing Business"dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb - 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir. Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq.

 

Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.

 

Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir.

 

Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinizə görə minnətdarlığımı bildirmək istərdim. Mən şəxsən yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar. Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top