Dövlət agentliyi həkimlərin aksiyasına münasibət bildirdi

SOSİAL 17 iyn 2020, 14:06

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının keçirdikləri aksiyaya münasibət bildirib. 


Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər.


Onun sözlərinə görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstərib: "Abşeron rayonu üzrə koronovirus infeksiyası ilə bağlı çağırışlara Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gedib. Bu stansiyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri tibb işçilərinə mart ayı üzrə 345 730.02, aprel ayı üzrə 390 903.33 və may ayı üzrə 348 910. 20 müddətli əlavələr ödənilib. Ümumilikdə 1 milyon 85 min 543 manat 55 qəpik ödənililib.


Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödəyir. Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətləri TƏBİB araşdıracaq".


Məlumat üçün bildirək ki, aksiya iştirakçıları etirazlarında qızdırmalı vətəndaşların çağırışlarına getsələr də, onların maaşlarına artımların əlavə edilmədiyini, təcili tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına etdiklərini, aparatların işlək vəziyyətdə olmadığını, benzin pulunu xəstələrin verdiyini iddia ediblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top