Deputat Harmancını müdafiəyə qalxdı: “Şəlalə ilə məsafə saxlamadığı üçün linç edirlər?!"

GÜNDƏM 17 iyn 2020, 12:23

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Qubada çəkdirdiyi şəkli sosial şəbəkə hesabında paylaşıb. Sosial şəbəkə istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayan bu addım müxtəlif müzakirələrə və ciddi tənqidlərə səbəb olub.


H.Harmancı  paylaşdığı fotoya görə üzr istəyib. O, bildirib ki, sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyir:


"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.


İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.


Baş verənlərdə faciəli bir məqamın olmadığını deyən millət vəkili Fazil Mustafa “Sherg.az”a açıqlamasında bildirib ki, cəmiyyətimizdə hər mövzunu bəhanə etmək üçün fürsət axtarırlar. Deputat ÜST rəsmisinin qeyri-adi bir addım atmadığını qeyd edib:


“Həmin xanım Qubaya gedib qaydaları pozubsa, o zaman cəmiyyət haqlı ola bilər. Qubada karantin rejimi müəyyən edilməyib, ona görə də karantin elan edilməyən yerə getməkdə heç bir problem yoxdur. Bunlar qanunla qadağan olunmayıb. Kimlərsə bəhanə edib deyir ki, “Hande Harmancı hər kəsə evdə qal deyib, özü buna əməl etmir”.


Hande xanım pis əməl edibsə, o zaman əhali bunu etməsin. O yemək süfrəsi arxasında 20 nəfəri başına yığıb şənlik edib? Təklikdə gedib şəkil çəkdirib, bunun nəyi faciədir? ÜST-də bir türk nümayəndəsi var, onu da qovmaq istəyirlərsə, bu başqa məsələ. O gedəndən sonra da yerinə efiopiyalı gələcək, nə olsun ki, nə dəyişəcək? 


Əlbəttə, bunlar olmasa idi daha yaxşı, amma faciə baş verməyib. O başına çoxlu adam yığıb yemək yeyib məsafə saxlamasaydı, qınamaq olardı. 3 aydır burda qalır, bəlkə gedib 2 gün yorğunluğunu çıxarmaq istəyib. Bu cəmiyyəti anlaya bilmirəm, nə üçün bütün bunları şişirdirlər axı?”.


Millət vəkili etiraz edənlərin tamamilə haqsız olduğunu düşünür: 


“Şəlalə ilə sosial məsafə saxlamadığı üçün linç edirlər? Bu cür cəmiyyət görməmişəm. Nəyə etiraz edirlər hələ də başa düşə bilməmişəm. Qubaya getməkdə nə var ki? Adam karantindən qabaq iki günlük rayona gedib. Kütlənin eyni mövzunun arxasında düşüb etiraz etmək, nəyisə qəbul etməmək sindromunu dəhşətli hesab edirəm.


Adamı Azərbaycandan iyrəndirəcəklər. Bəlkə də o xanımın Azərbaycana böyük sevgisi var, öz-özünə gülür ki, bu insanlar nədən narazıdırlar? Bir motiv olsa, cəmiyyətin reaksiyasını qəbul edərəm. Şəkillərdə sosial məsafəyə aid heç bir narahatedici amil yoxdur. Bu insan harasa gedəndə Azərbaycan xalqından icazə almalıdır?


Bütün bunlar məntiqsizdir. Baş verənlərdə heç bir qəbahət görmürəm. Lənkarana, Gəncəyə gedib şəkil çəkdirsəydi, başa düşərdim. Çünki orada karantin rejimi var. Axı Qubada karantin rejimi yoxdur”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top