Deputat: “Nikol Paşinyan hökumətinə qarşı etirazlar getdikcə genişlənəcək”

GÜNDƏM 16 iyn 2020, 17:43

“Nə qədər ki, Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməyib və Azərbaycan torpaqlarını işğaldan azad etməkdən boyun qaçırır, bu ölkədə heç vaxt sosial-iqtisadi inkişaf və siyasi sabitlik olmayacaq”.


Bunu “Report”a açıqlamasında deputat Ülvi Quliyev deyib.


O vurğulayıb ki, işğalçı ölkədə vəziyyət getdikcə ağırlaşır. Bunun nəticəsində Ermənistanda hökumət böhranı və hakimiyyət uğrunda mübarizə gərginləşib.


Deputat bildirib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarksyanın eyni gündə istefaları dərinləşməkdə olan hakimiyyət böhranının simtomudur.


Ü.Quliyev hesab edir ki, Ermənistanın hazırkı hakimiyyətinə qarşı etirazlar yalnız məmurların istefası ilə yekunlaşmayacaq, xalq da bu prosesə qoşulacaq: “Baş nazir Nikol Paşinyan getdikcə nüfuzunu itirir. Çünki xalq verdiyi vədləri yerinə yetirə bilmir, ölkədə səfalət hökm sürür. İş o yerə çatıb ki, indi nəinki xalq, heç komandası da Paşinyana inanmır. Son zamanlarda onun hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Heç şübhəsiz, bu istefalar əvvəlcədən hökumətdən kənar müəyyən dairələrdə razılaşdırılıb, bu da hökumətin monolit olmadığını, hakim partiyanın daxilində narazılıqların artdığını göstərir. İstefa verən yüksək rütbəli dövlət məmurlarının müxalifət cinahında yer alma ehtimalı olduqca yüksəkdir”.


Onun sözlərinə görə, N.Paşinyan bunun qarşısını almaq üçün müxalifətə qarşı səlib yürüşünə başlayıb. Deputat söyləyib ki, artıq ölkənin Baş Prokurorluğu Çiçəklənən Ermənistan Partiyası və “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları Çiçəklənən Ermənistan Partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar: “Ölkədə vəziyyət ağır olduğuna görə müxalifətin nüfuzu artır. Nikol Paşinyan da rəqiblərini güc strukturlarının köməyi ilə sıradan çıxarmağa çalışır. Əsas məqsədlərdən biri də Qaqik Srukyanla hökumətdən yeni istefa verən şəxslərin birləşməsinin qarşısını almaqdır”.


Milli Məclisin deputatının fikrincə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq ölkəni böhrandan çıxarmaq mümkün olmayacaq. Ermənistanın miskin dövlətə çevrilməsinin kökündə Azərbaycana qarşı işğalçılıq siyasətinin dayandığını vurğulayan Ü.Quliyev deyib ki, koronavirus pandemiyası Ermənistanın vəziyyətini daha da ağırlaşdırıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb və təcrid vəziyyətində çabalayır. Azərbaycanla yanaşı, regionun güclü dövləti olan Türkiyə də Ermənistanla sərhədlərini bağlı saxlayır və rəsmi Yerevanla heç bir əməkdaşlıq etmir.


Ermənistanın yalnız İran və Gürcüstanla olan sərhədləri açıq idi. Koronavirus pandemiyasına görə bu ölkələr də Ermənistanla sərhədləri bağlayıb. Bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil.


Aclıq və yoxsulluq içində boğulan ermənilər isə iki il idi Nikol Paşinyan hökumətindən real islahatlar, sosial-iqtisadi inkişafı təmin edəcək layihələr gözləyirdi. Baş nazir bunu edə, xalqa verdiyi sözü yerinə yetirə bilmədi. Ona görə də Paşinyan hökumətinə qarşı etirazlar getdikcə güclənəcək. İndiyə qədər xaricdən gələn ianələr hesabına yaşayan erməniləri artıq yalançı vədlərlə inandırmaq mümkün deyil. Ona görə də erməniləri daha ağır günlər gözləyir”.


Ermənistanın ciddi təbii resurslara, iqtisadi potensiala malik olmadığını vurğulayan deputat qeyd edib ki, işğalçı ölkə indiyə qədər xarici havadarlarının dəstək və ianələri hesabına ayaq üstə dayana bilib. Onun fikrincə, Ermənistanın yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğalına son qoymaqdadır: “Yalnız bundan sonra Ermənistan regiondakı dövlətlərlə real əməkdaşlığa və bunun nəticəsində sosial-iqtisadi inkişafa nail ola bilər”.


Onun fikrincə, nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, bu ölkədə baş verən bütün mənfi proseslər Azərbaycanın xeyrinədir: “Bütün hallarda Ermənistanın daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişaf etməsi, koronavirus pandemiyası zamanı hökumətin qarşılaşdığı problemlər, sosial-iqtisadi problemləri həll edə bilməməsi Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistandakı mövcud vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışmalıdır.


Son günlərdə koronavirus pandemiyası ilə bağlı yaşanan problemlərlə əlaqədar olaraq müxalifətin etirazlarının artmasından, xüsusilə güc strukturları rəhbərlərinin istefa vermələrindən sonra Paşinyan hökumət üzvlərinə xitabən “ölkədə son iki ildə yaşanan inkişafı görməyənlər varsa, hökumətin yeni tərkibdə qurula biləcəyinin” siqnallarını verir. Bu o deməkdir ki, Paşinyan hökuməti göstərməyə çalışır ki, vəziyyətə nəzarət edə bilir. Əslində, hökumət vəziyyətə nəzarəti önəmli dərəcədə itirib və belə davam edərsə, ölkə xaosa sürüklənə bilər.


Ümumiyyətlə, yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq “isti” olacağı ehtimalı olduqca yüksəkdir. Müxalifət cəbhəsi yəqin ki, payıza doğru hökumətə qarşı təzyiqlərini daha da artıracaq. Əgər koronavirus pandemiyası payıza qədər davam edərsə və iqtisadi problemləri də bura əlavə etsək, Paşinyan hökumətinin vəziyyəti olduqca çətin olacaq”.


Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top