İlham Əliyev onun haqqında uydurulan mifi darmadağın etdi

SİYASƏT 16 iyn 2020, 11:55

Ölkəmizin siyasət tarixində özünəməxsus yer tutan, öz bilik, bacarığı, qabiliyyəti, qətiyyəti nəticəsində sovet imperiyasının yüksək zirvəsinə ucalmış böyük azərbaycanlılardan biri də görkəmli dövlət xadimi Heydər Əliyevdir.


İndiyədək bu qüdrətli insan haqqında çox yazılıb, çox danışılıb, çoxlu sənədli filmlər çəkilib. Özlərini onun silahdaşları və məsləkdaşları adlandıranların və ya məhz Heydər Əliyevin hakimiyyətə gəlişi sayəsində vəzifə, titul sahibi olmuşların səmimi, yaxud qeyri-səmimi, açıq-aşkar süni fikirlərinin, açıqlamalarının şahidi olmuşuq. Onun siyasi fəaliyyətini yüksək qiymətləndirənlər də, sayları az olsa da, tənqid edənlər də var. Amma kim nə deyir-desin, 1993-cü il 15 iyun hadisələrindən sonra cəmiyyətimiz hakimiyyətə əsl siyasətçinin qayıtdığını hiss etdi.


Bütün müstəqil düşüncəli təhlilçilər həmişə bir məqama diqqəti cəlb edirlər. Həyatın müxtəlif çətinliklərindən keçmiş Heydər Əliyev qüdrətli siyasətçi olmaqla yanaşı, dostla düşməni ayırd etmək kimi mühüm cəhətə malik idi.


Bu xüsusiyyət Heydər Əliyev ocağında yetişmiş və siyasətçi kimi püxtələşmiş Prezident İlham Əliyevə də aiddir. Ötən 17 illlik idarəetmə dönəmində İlham Əliyevin ona dost əlini uzadan heç bir əli kənara itələmədiyinə hər kəs şahiddir. Amma, ilk növbədə, atasının ətrafında olub, lider saydıqları şəxsiyyətin oğluna qarşı nümayişkaranə şəkildə düşmənliyi davam etdirən, əsassız və tükənməz ambisiyalara sahib olan kəsləri bağışlamayıb. Hələ siyasi yola deputat olaraq çıxdığı çağlarda ANS-ə müsahibəsində İlham Əliyev etiraf etmişdi ki, onun haqqında ağlasığmaz şaiyələri uydurub, dövriyyəyə buraxan ölkənin ədalət sistemindən qaçıb okeanın o tayında gizlənən psevdosiyasətçidir.


Son dönəmdə ölkə başçısının apardığı kadr islahatları da göstərir ki, məhz onun barəsində yayılan iyrənc uydurmaların mənbəyi yaxın müddətə qədər dövlətin ideoloji işinə rəhbərlik edənlər və onların ətraflarında dolaşanlar imiş. Çünki bir tərəfdən Prezident Administrasiyasında aparılan kadr dəyişikliklərindən sonra bu şaiyələrin sayı birmənalı olaraq azalıb, digər tərəfdən vaxtilə Heydər Əliyevin oğlunun hakimiyyətdə olmasını, Mehriban Əliyevanın I vitse-prezident kimi geniş miqyaslı fəaliyyətilə ona dayaq durmasını həzm edə bilməyənlər eks-ideoloqların bioqrafiyasını “təmizləməklə” məşğul olmağa, birgə fəaliyyətə keçməyin işarələrini verməyə başlayıblar.


Hər halda keçmiş səhiyyə naziri Əli İnsanovun “Xural” internet televiziyasında yayımlanan “Siyasət meydanı” proqramına verdiyi müsahibəsində “Ramiz Mehdiyev böyük təcrübəyə malik insandır. Yadınızda saxlayın, Ramiz Mehdiyev heç bir zaman özü şəxsən qərar verməyib heç nəyə. Ancaq o, tapşırığı yaxşı səviyyədə icra edə bilər. …Ramiz Mehdiyevlə heç vaxt bizim kəskin qarşıdurmamız olmayıb” kimi fikirləri dilə gətirməsi bu təsəvvürü yaradır.


Cəmiyyət müxtəlif insanlardan ibarətdir, hər kəsin söz və ifadə azadlıq haqqı var. Amma bu hüquq heç kimə başqaşına şər-böhtan atmaq haqqı da vermir. Məsələn, Əli İnsanovun dövlət başçısını “dostluğa xəyanət”, “insanlardan yeri gələndə lazımınca istifadə edib, sonra onu atmaq”, “insanların taleyinə biganə qalmaq”, “uzun illər onunla işləyənlərin taleyinə baxın”, “indi 5-6 nəfər qalıb ətrafında, hamısını da həmin tale gözləyir” kimi uydurma fikirlərlə səciyyələndirmək cəhdi rəsulquliyevsayağı hərəkətdən başqa bir şey deyil.


Çünki hər şey göz qabağındadır. İllərdir müxalifətçilər İlham Əliyevi atasının hakimiyyətdə təmsil olunan silahdaşlarından və məsləkdaşlarından, o cümlədən Ramiz Mehdiyevdən təmizləməməkdə ittiham edirdilər. Bundan başqa, uzun illər onunla işləyən 70-80 yaşlı həmin insanları qəbul edərək, xidmətlərinə görə onlara minnətdarlığını bildirən, çoxdan çatdıqları təqaüd dövrünə orden və mükafatlarla, eləcə də Heydər Əliyev ordenini təltif etməklə yola salan da İlham Əliyevdir. 82 yaşlı Ramiz Mehdiyevi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edən də İlham Əliyevdir.


Məgər bu, “insanlardan yeri gələndə lazımınca istifadə edib, sonra onu atmaq”dırmı?! İlham Əliyevin atasının məsləkdaşlarına göstərdiyi alicənab jest nə zamandan “insanların taleyinə biganə qalmaq” kimi qiymətləndirilir. Belə taledən kim narazı qala bilər?!


Yanlış deyilsə, Əli İnsanovun qudası Məhərrəm Əliyevdir və o, Prezidentin köməkçisi – Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır. Onun kiçik qardaşı Adil Əliyev uzun illər deputat olduqdan sonra hazırda Milli Məclisin sədr müavinidir. İlham Əliyev insanların taleyinə biganə olsaydı, ona qarşı kəskin müxalifətdə dayanan bir zatın qudasını Prezident Administrasiyasında vəzifəyə təyin edərdimi? Əlbəttə ki, yox. Bu faktlar İlham Əliyevə yalnız nüfuz gətirir. Çünki hər kəs qohumuna görə deyil, bilik, bacarıq və qabiliyyətinə görə irəli çəkilməlidir və kimsə də hansısa qohumunun tutduğu yola görə karyerasından məhrum edilməməlidir. Bu, sivil və demokratik cəmiyyətin təntənəsidir.


Bundan başqa, ölkədə Xoşbəxt Yusifzadə nümunəsi var. Dahi siyasətçi Heydər Əliyev İranda səfərdə olarkən, qonşu ölkənin prezidentinə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni təqdim edərək, onun Xəzər dənizindəki neft və qaz yataqları ilə bağlı hər bir xırdalığı bildiyini söyləmişdi. Prezident İlham Əliyev isə SOCAR-da birgə işlədikləri dövrdə Xoşbəxt Yusifzadədən bir çox şeylər öyrəndiyini, “Əsrin müqaviləsi” ilə bağlı ABŞ-da aparılan danışıqlar zamanı ölkəmizi birgə təmsil etdiklərini dəfələrlə bildirib. Və İlham Əliyev bu günə qədər Xoşbəxt Yusifzadənin SOCAR-dakı yüksək vəzifəsindən uzaqlaşdırılmasına yol verməyib. Təkcə bu fakt İlham Əliyevə “istifadə edib, atmaq” çamurunu yapışdırmaq istəyənlərə əla cavabdır.


Yəqin ki, bir çoxları bilmir. İlham Əliyev və bacısı Sevil Əliyeva vaxtilə Dövlət Təhlükəsizliyi Komitəsinin (indiki DTX) Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin fortepiano sinfində təhsil alıblar. Onun müəllimi şairə Xurşudbanu Natəvanın nəticəsi Nailə Kərimova olub. İlham Əliyev prezident olarkən artıq Nailə xanım məktəbin direktoru idi. Həyatının son illərində şəkər xəstəliyindən əziyyət çəkən Nailə xanım yataq xəstəsi olsa da, İlham Əliyev onun dünyasını dəyişənədək vəzifəsindən kənarlaşdırılmasına yol vermədi…


Bu nəcib xüsusiyyət İlham Əliyevin 2019-cu il, martın 1-də ölkənin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə də özünü büruzə verdi. Xalq artisti Zeynəb Xanlarovanın öz fikrini yaxşı ifadə edə bilməməsi hər kəsə bəllidir. Görüş zamanı onun çıxışının digər həmkarları tərəfindən yaxşı qarşılanmadığını, öz nitqlərini qocaman sənətkara cavab verilməsi üzərində qurduqlarını görəndə İlham Əliyev məsələyə dərhal müdaxilə edərək, Zeynəb xanımın sıradan biri olmadığına, atasının vəzifədən çıxarıldığı, pensiyada olarkən səhhətində problemlər yarandığı və müəyyən mənada təcrid vəziyyətində yaşadığı, sovet məkanında arzuolunmaz şəxs kimi qəbul olunduğu ən ağır günlərində cəsarətlə onun Moskvadakı evinə gələrək, Heydər Əliyevə mənəvi dəstək göstərdiyini xatırlatdı. Bu, İlham Əliyevin yaxşılığı unutmadığını göstərən yüksək insani münasibətdir.


Yeri gəlmişkən, həmin görüş zamanı səsləndirilən bütün təkliflərə və rəylərə həssaslıqla yanaşması, problemləri çevik şəkildə həll etməsi İlham Əliyevin ölkəni idarə edə bilməməsi barədə bədxahların uydurduğu mifi də birdəfəlik alt-üst etdi…


Beləliklə, əgər Əli İnsanov bu cür inandırıcı olmayan fikirlərlə siyasi partiya lideri kimi nüfuz qazanmaq istəyirsə, əbəs yerə çalışır. Çünki siyasətçinin dürüst danışıb-danışmaması, mübarizə yolunda çamur atmaqdan belə çəkinməməsi onun siyasi karyerasını birdəfəlik bitirə biləcək ciddi məqamdır. Cəmiyyət yalanları və yalançıları bağışlamır…


Xatirə Sadiq (konkret.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top