Musa Musayev Siyavuş Novruzovu tənqid edir? — “Özünü cəngavər kimi...”

GÜNDƏM 16 iyn 2020, 11:33

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvlərinin narazılığı davam edir. Musa Musayev və Əli Əlirzayevdən sonra Əli Nağıyev də danışıb. 


“Heydər Əliyev deputat olduğu vaxt çıxış edəndə Milli Məclisdə ayaqlarını yerə çırpanlar, təpik döyənlər, fit çalanlar bu gün Heydər Əliyevin guya təbliğatçıları kimi şeypur çalanlar dəstəsi yaradıblar”, - deyə o bildirib.


Əli Nağıyev 1996-cı ildən 2006-cı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri işləyib, YAP sədrinin müavini kimi fəaliyyət göstərib. Onun hakim partiyada müavinliyi də 2006-cı ilə qədər çəkib. Nazir postundan uzaqlaşdırılandan sonra Belarus Respublikasına səfir göndərilib, 2011-ci ildə geri çağırılıb. Əli Nağıyev nazir vəzifəsindən və YAP sədrinin müavini postundan getdikdən sonra hakim partiyadakı dayaqlarını itirib. 2013-cü ildə isə hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Əli Nağıyevin YAP sıralarından xaric edildiyini bildirib. Onun sözlərinə görə, keçmiş nazirin partiyadan çıxarılması onun diplomatik fəaliyyətilə bağlı olub. 


Bu arada Musa Musayev yenidən sərt fikirlər səsləndirib. “Bəzi işbazlar, yalançılar, dil pəhləvanları Ulu Öndərin ad günündə, anım günündə, Qurtuluş Bayramında və Ulu Öndərin adı ilə bağlı olan digər tədbirlərdə, həmçinin sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda utanmadan, qızarmadan əsassız çıxışlar edir, özlərini qəhrəman, cəngavər kimi göstərməyə çalışırlar”, - deyə o, vurğulayıb.


M. Musayev 1993-cü ildə mərhum Heydər Əliyev Bakıya gələrkən onun mühafizəsinin təşkilində iştirak etdiyini xüsusi vurğulayıb və canlı şahidlərin adını çəkib.


Lakin Musa Musayev konkret olaraq kimləri tənqid etdiyini açıqlamayıb. 


YAP-ın qurucu üzvünün mərhum Heydər Əliyevin mühafizəsi məsələsinin üstündə xüsusi dayanması onun deputat Siyavuş Novruzovu nəzərdə tutması barədə mülahizələrə səbəb olub. Çünki hazırda YAP icra katibinin müavini olan Siyavuş Novruzov bir neçə gün əvvəl mərhum Heydər Əliyevin mühafizəsini həyata keçirdiyi barədə fikirlər səsləndirmişdi.(yenisabah.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top