Nizami Səfərov: “Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı növbəti dəfə təsdiq olundu”

GÜNDƏM 16 iyn 2020, 10:16

Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun 10 iyun 2020-ci il tarixli Birgə bəyanatını müasir beynəlxalq hüquqdan irəli gələn açıq mesaj kimi qəbul etmək lazımdır.


Uzun illərdən bəri erməni təbliğatının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və təcavüz nəticəsində müvəqqəti işğal altına düşmüş Dağlıq Qarabağda baş verənləri “xalqların öz müqəddəratını təyinetmə prinsipinin” həyata keçirilməsi ilə izah etmək cəhdləri növbəti dəfə ifşa olundu və tamamilə iflasa uğradı.


Beynəlxalq hüququ saxtalaşdırmaq istəyən erməni tərəfi, nəhayət, bilməlidir ki, xalqlara və millətlərə məxsus heç bir hüquq etnik təmizləmələr, soyqırımı, insanlıq əleyhinə və hərbi cinayətlərin bünövrəsində realizə oluna bilməz. Belə cəhdlərin heç bir hüquqi nəticəsi olmamaqla, beynəlxalq birlik tərəfindən tanınma ehtimalı sıfıra bərabərdir. Avropa Parlamentinin səlahiyyətli şəxslərinin Birgə bəyanatı bu həqiqəti bir daha təsdiq edib.


İlk növbədə, qəbul edilən sənəddə Azərbaycan Respublikasının ərazı bütövlüyü və sərhədlərinin toxunulmazlığı növbəti dəfə təsdiq olunub.


Ermənistanı Dağlıq Qarabağla birləşdirən üçüncü avtomobil yolunun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilməsi Birgə bəyanatda beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Bunun məntiqi nəticəsi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsində hər hansı layihənin reallaşdırılması hüquqi cəhətdən Azərbaycan dövlətinin müstəsna yurisdiksiyasına daxildir.


Bu cür hüquqi mövqe, eyni zamanda, Dağlıq Qarabağda beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq iqtisadi fəaliyyət göstərən və ya buna cəhd edən bütün şəxslərə və şirkətlərə ciddi xəbərdarlıqdır və işğal faktına baxmayaraq, ölkəmizin bu bölgədə suveren hüquqlarının beynəlxalq səviyyədə qorunmasının təzahürüdür. 


Növbəti mühüm məqam Dağlıq Qarabağ və ətraf rayonların işğalı faktının Birgə bəyanatda qeyd-şərtsiz təsdiq edilməsidir. Bu məsələyə yanaşmada beynəlxalq hüquqda konsensusun formalaşması münaqişənin həlli üçün müstəsna əhəmiyyət daşıyır.


Xatırlatmaq lazımdır ki, “işğal” termini BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrdə də əksini tapıb. Bu qətnamələrin müzakirəsi zamanı bir sıra dövlətlər “işğal”  və “təcavüz” terminlərindən geniş şəkildə istifadə etiblər.


Məsələn, Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli iclasında Cibuti nümayəndəsi “baş vermiş təcavüz nəticəsində işğal edilmiş bütün ərazilərdən Ermənistan qoşunlarını çıxarılmasını” tələb edib.


Macarıstan Respublikasının nümayəndə heyəti adından çıxış edən cənab Erdeş qeyd edib ki, “zorakılıq və soyqırımı aktlarına beynəlxalq birlik tərəfindən kəskin münasibət nümayiş etdirilməməsi fonunda kimlərsə belə nəticəyə gələ bilər ki, guya öz məqsədlərinə təcavüz, yüz minlərlə kişi, qadın və uşaqların yaşadıqları yerlərdən qovulması nəticəsində nail ola bilərlər”.


Ermənistanın uzun illərdən bəri irəli sürdüyü sərsəm iddialardan biri də Birgə bəyanatda ifşa edildi. Münaqişənin guya Azərbaycanla marionet Dağlıq Qarabağ rejimi arasında olduğunu iddia edərək ermənilərin işğalçılıq və etnik təmizləmə siyasətini gizlətməyə yönəlmiş cəhdləri Avropa Parlamentinin yüksək vəzifəli nümayəndələri tərəfindən faktiki olraq rədd edildi.


Münaqişənin məhz Azərbaycan və Ermənistan arasında olduğunun bildirilməsi artıq istər regional – Avropa səviyyəsində, istərsə də universal səviyyədə – Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilmiş və mövcud beynəlxalq reallığı əks etdirən bir mövqedir.


Xatırlatmaq istərdim ki, illər öncə BMT-nin Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ məsələsinin müzakirələri zamanı münaqişənin Azərbaycan və Ermənistan arasında olması haqqında bir sıra nümayəndə heyətləri tərəfindən (Pakistan, Macarıstan və b.) fikirlər səsləndirilib. 


Pakistanın nümayəndəsi cənab Niaz Azərbaycanla Ermənistan arasında münaqişənin kəskinləşməsindən narahatlığını bildirərək, erməni təcavüzünü qınadığını və erməni qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edib.


10 iyun 2020-ci il tarixli Birgə bəyanatı qiymətləndirərkən qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri və normaları əsasında həll edilməsi istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasət növbəti dəfə öz yüksək səmərəliliyini nümayiş etdirdi.


Yaxşı olardı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Avropa Parlamentinin beynəlxalq hüquqdan irəli gələn qətiyyətli mövqeyini nəzərə alsınlar. Bir daha nəzərə almaq lazımdır ki, Minsk Qrupunun mandatı onun fəaliyyətində beynəlxalq hüququn prinsiplərini, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, Helsinki Yekun Aktının müddəalarını rəhbər tutmasını nəzərdə tutur. Bu isə, nəticədə, Dağlıq Qarabağ probleminin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasını ehtiva edir.


Nizami Səfərov,
Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top