"Elçibəy tələbəlik yoldaşım idi, Heydər Əliyev isə partiya liderim oldu" — MÜSAHİBƏ

MÜSAHİBƏ 15 iyn 2020, 23:22

 “Bu gün – Milli Qurtuluş bayramıdır. Xalqımızı, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılmasında Ulu Öndərə böyük dəstək olmuş klassik partiya üzvlərini bu bayram münasibəti ilə təbrik edirəm. 27-ci ildir ki,  mən - 84 yaşlı fəlsəfə elmləri doktoru,  professor, “91”-lərin fəal üzvü  Qurtuluş gününü Bakının “8-ci km” sahəsindəki “xruşşovka” binanın 4-cü mərtəbəsində, 12 nəfər ailə üzvümlə yaşadığım üçotaqlı mənzildə qarşılayıram... Bu gün ölkədə  artıq 51 min nəfərə Prezident təqaüdü verilir. Ancaq mən bundan da mərhumam... Halbuki,  27 il öncə -1993-cü ilin bu gününün yetişməsində, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq Azərbaycanı daha dəhşətli faciələrindən xilas etməsində mənim də kifayət qədər rolum olub...”

 

 

Demokrat.az bildirir ki, bu sözləri moderator.az-a 1993-cü ilin bu günlərində Azərbaycanda baş verənlər haqda geniş müsahibə verən Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, YAP-ın qurucularından, “91”-lərdən biri Əsədulla Qurbanov  söyləyib.


“Tələbə ikən Heydər Əliyevdən müsahibə götürmüşəm...”

 

 - Əsədulla müəllim, Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?


 - Bu gözlənilməz tanışlıq hələ mən gənc ikən baş verib. 1957-ci ildə indiki BDU-nun filologiya fakültəsinin tələbəsi kimi  Universitetin “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı qəzetinin müxbiri işləyirdim. Universitetdə Mir Cəlal Paşayev, Həmid Araslı, Abbas Zamanlı, Əli Sultanlı və s. kimi tanınmış professor və müəllimlərdən dərs almışam...


Müəllimlərimizdən də, tələbələrdən də qəzetimiz üçün maraqlı müsahibələr götürürdüm. Yadıma çox maraqlı bir epizodu saldınız. 1957-ci il idi. Bir dəfə redaktor tapşırıq verdi ki, tarix fakültəsinin müdavimlərindən birindən müsahibə götür. Dekanlığa müraciət etdim. Məsləhət gördülər ki, 106-cı auditoriyada müəllim Aslan Aslanov tarix fakütəsinin tələbələrinə estetikadan dərs deyir, tənəffüsdə ona yaxınlaş. Zəng vurulan kimi Aslan müəllimə yaxınlaşıb məqsədimi çatdırdım. O, dərhal yaxınlıqda dayanan ucaboy, yaraşıqlı, səliqə-sahmanlı bir cavanı göstərib dedi: «Budur, əlaçı tələbələrimizdən biri - Əliyev! O, sənin bütün suallarına cavab verər...»


Həmin tələbəyə yaxınlaşıb tanış oldum... Bax, bu müsahibə mənim Heydər Əliyevlə ilk tanışlığıma vəsilə oldu. O vaxt hələ gələcəkdə Azərbaycanın lideri olacağını bilmədiyim əlaçı tələbə ilə sual-cavabımız təxminən belə oldu:


“- Siz fəlsəfi fənlərdən hansını daha çox sevirsiz?


Heydər Əliyev:


- Estetikanı.


- Nə üçün məhz estetikanı?


- Çünki Aslan müəllim gözəlliyin fəlsəfi mahiyyəti haqqında bizə çox maraqlı mühazirələr oxuyur...”.

 

Müsahibə universitet qəzetində çap olundu. Çox xoşbəxtəm ki, hələ tələbə ikən Heydər Əliyevdən bəlkə də ilk müsahibəni mən götürmüşəm...


- Yeri gəlmişkən, tanınmış tələbəlik yoldaşlarınızdan kimlər yaddaşınızda daha qabarıq izlər qoyub?


- Tələbə yoldaşlarım arasında ictimai-siyasi fəaliyyətləri ilə tanınmış mərhumlar Əbülfəz Əliyev (Elçibəy) və Sabir Azəri barədə xüsusi danışmaq istərdim.


Sonradan jurnalist və yazıçı kimi məşhurlaşmış Sabir Azəri – Xruşovun hakimiyyətə gəlişindən sonra Stalinin şəxsiyyətə pərəstişi ilə mübarizə mövqeyini bəyənməyərək Stalini müdafiə edən insanlardan idi. Buna görə onu 50-ci illərin ikinci yarısında həbs etmişdilər. Əbülfəz Əliyev isə bütövlükdə sosializm sisteminin əleyhinə olduğundan 70-ci illərdə də onu da bir müddət həbsxanada yatırtdılar. Həbsdən çıxandan sonra sağlamlığını bərpa etməkdə və işə düzəltməkdə ona əlimdən gələn köməyi göstərmişəm. Mən isə sovet-sosialist sisteminə qarşı yox, cəmiyyətdə sosial ədalətin pozulmasına səbəb olan bir para rüşvətxor və bürokrat dövlət məmurlarına qarşı idim. Qeyd edim ki, bu gün də həmin mövqedəyəm...


Əsədulla Qurbanov 1957-1982-ci illərdə Oqtay Eldəgəz, Xudu Məmmədli, Yusif Məmmədəliyev kimi görkəmli Azərbaycan ziyalılarının rəhbərlik etdiyi, müstəqillik ideyalarının yenidən oyanması üçün çalışan Milli Azadlıq Qərargahı adlı gizli təşkilatda da tələbə ikən bir müddət fəaliyyət göstərib. Lakin onun siyasi bioqrafiyasında  ən maraqlı məqam 1991-1993-cü illərdə Naxçıvanda yaşayan Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması üçün məşhur “91-lər” sırasında göstərdiyi xidmətlərlə bağlıdır.

 

 

Ə.Qurbanov:

- Mən hələ Heydər Əliyevin Azərbaycan KPMK-nın I katibi olduğu, eləcə də sovet rəhbərliyində işlədiyi illərdə onun sosial ədalətsizliyə qarşı mübarizəsini dəstəkləmişəm... 1982-ci ildə Rusiyanın Rostov Dövlət Universitetində 5 aylıq ixtisasartırma kursu keçirdim. İlk günlərdən diqqət etdim ki, universitetin zalında Siyasi Büro üzvlərinin portretləri arasında H.Əliyein portreti sonuncu sıradadır. Ancaq fürsət tapıb bu barədə etirazımı universitet rəhbərliyinə çatdıra bilmirdim. Həmin ilin noyabrında SSRİ rəhbəri L.İ.Brejnev vəfat etmişdi. Onun anım mərasimində rektor Yuri Jdanova yaxınlaşıb etirazımı çatdıra bildim. O, cavab verdi ki, axı Əliyev yenicə büro üzvlüyünə qəbul edilib. İzah etdim ki, bunun məsələyə dəxli yoxdur, büro üzvlərinin adları əlifba sırasıyla düzülür və buna görə də H.Əliyevin adı ikinci olmalıdır. Rektor razılaşıb səhvini etiraf etdi və Heydər Əliyevin portretini ikinci yerdə asdırdı...

 

Qorbaçov H.Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdırdıqdan və o, Naxçıvana gəldikdən sonra biz bir qrup ziyalı yeni bir təşkilat yaradıb, onu həmin qurumun başına gətirmək, sonra da ölkə rəhbərliyinə qayıdışını təşkil etmək fikrinə düşdük. Bu minvalla Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev o dövrkü şəraiti və yaşını nəzərə alaraq YAP rəhbəri olmaq istəmirdi. Ancaq mərhum akademik Ziya Bünyadov, Fərəməz Maqsudov, Sirus Təbrizli, X.Ulutürk və s. başda olmaqla 91 nəfərin imzaladığı müraciətlə onu Azərbaycan xalqının xilası naminə bu işə dəvət etdik. Bu dəfə H.Əliyev müraciətimizə müsbət cavab verdi. Başda “91-lər” olmaqla 550 ziyalı və fəal Naxçıvana yollandıq. Beləliklə, 1992-ci il noyabrın 21-də YAP-ın ilk təsis konfransını keçirdik. Orada H.Əliyev özü məni YAP Siyasi Şurasına üzv seçdi...


- 1993-cü ilin gərgin iyun günlərində, yəni AXC hakimiyyətinin yıxıldığı bir dövrdə prezident olan Elçibəylə tələbə yoldaşı olmuşdunuz. Digər tərəfdən isə Heydər Əliyevin lideri olduğu YAP-ın Siyasi Şura üzvü, həmin partiyanın yaradıcılarından və ən fəal üzvlərindən idiniz. Maraqlıdır, bu halda necə davrandınız?

 

 

-  Bəli, Elçibəy  tələbəlik yoldaşım idi, Heydər Əliyev isə partiya liderim oldu...  Amma həmişə olduğu kimi, o, təlatümlü günlərdə də mənim üçün öncə Azərbaycan xalqının, dövlətçiliyinin mənafeyi idi. Rəhbərliyində olduğum YAP da məhz vətənimizin, dövlətçiliyimizin xilası üçün köklənmişdi... 1993-cü il iyunun 5-də rəhmətlik Rəfael Allahverdiyevlə birgə YAP-ın “Nərimanov” metro stansiyası yaxınlığındakı mərkəzi qərargahında əyləşib Naxçıvanda olan partiya lideri Heydər Əliyevdən göstərişlər gözləyirdik. Artıq Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi olaylar başlamışdı. Ulu öndər zəng etdi və Rəfael Allahverdiyevə dedi ki, Gəncədəki hadisələr Azərbaycanın sonuna çıxa bilər, onun qarşısını mütləq almaq lazımdır. O, məsləhət gördü ki, “91-lər”in nümayəndələri başda olmaqla, bir qrup ziyalı o vaxtkı prezident Ə.Elçibəyin yanına gedib onu başa salsın ki, qiyamın qarşısını təcili almaq lazımdır. Sonra Heydər müəllim R.Allahverdiyevə daha bir tapşırıq verdi: “Rəfael, professor Əsədulla Qurbanovu tap və onunla birgə Azərbaycanın tanınmış ağsaqqallarından biri olan İmam Mustafayevin yanına gedib ondan xahiş edin ki, Elçibəylə görüşüb, ona Gəncəyə yollanıb orada danışıqlar aparmaq üçün komissiya yaratmağı məsləhət görsün...” Rəfael müəllim H.Əliyevə yanında olduğumu söylədikdən sonra partiya lideri mənimlə də danışıb İ.Mustafayevlə görüşməyin vacibliyini bir daha vurğuladı...

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top