Məşhur “91-lər”in üzvü: "O, bıçaqla Heydər Əliyevin şəklini deşik-deşik etmişdi" — FOTO

MÜSAHİBƏ 15 iyn 2020, 20:40

Heydər Əliyevi xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət üçün müraciət etmiş məşhur 91-lərdən olan Vüqar İsmayılov Konkret.az-a müsahibə verib.


Demokrat.az həmin müsahibəni təqdim edirik:


– Vüqar müəllim, siz də məşhur 91-lərdənsiniz. Amma ümumiyyətlə uzun illərdir sizdən səs-soraq yoxdur?


– Bəli, düz buyurdunuz, o məşhur 91 – lərdən biri də mənəm. Məni o qrupa salan hadisənin kökü bir qədər dərinliklərdədir. Mən 1988-ci ildə hərbi xidmətdə olarkən Lenin otağında politbüro üzvlərinin şəkillərini divardan asmışdım. Bizdə xidmətdə  İrəvan şəhərindən olan rus serjant var idi. O bıçaqla məhz Heydər Əliyevin şəklini deşik-deşik etmişdi. Buna görə o serjantla vuruşmuşdum, Serjant nalayiq danışığından əl çəkməyəndə onu çox bərk döydüm. Bu hadisədən sonar  Heydər Əliyevə qarşı məndə qeyri -ixtiyari xoş maraq yaranmışdı… 1989-cu ildə əsgərlikdən qayıdana qədər irəvanlı rus mənimlə danışmadı…


1991-ci ilin fevralında gecə vaxtı televiziyada canlı yayımla Ali Sovetin sessiyasına baxırdım. Birdən Heydər Əliyevin çıxışını gördüm, yadıma o hadisə düşdü, o çox gözəl və həyəcanlı danışırdı. Onun çıxışının təəssüratı altına düşdüm və günlərlə özümə gələ bilmədim. O çıxış edərkən, onun əleyhinə bəzi deputatlar danışırdı, ayaqlarını yerə döyürdülər, çığırırdılar, fit çalırdılar, ona danışmağa mane olurdular. Sabahısı günü yalnız bir şeyi düşünürdüm ki “necə təşkilatlanmalı və onu təşkilata rəhbər seçməli?”.  Amma siyasi təcrübəm yox idi, yollarını bilmirdim. Bir il də keçdi, televizorda gördüm ki, aprel ayında Ali Sovetin qarşısında piket keçirdirlər və Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda çağırışlar etdilər. Daha yol açılmışdı, sevinərək qanad açıb uçdum onların yanına. Qoşuldum ordakılara, “Səs”, “İki sahil” və “Şərqin qapısı” qəzetlərinin rəhbərləri ilə tanış oldum. Öyrəndim ki, bura toplaşanlar “Əlincə Xeyiyyə Cəmiyyəti”nin üzvləridir, Sabahısı gün getdim cəmiyyətə. Rəhmətlik Fərəməz Maqsudov idi rəhbəri, çox böyük səmimiyyət və hörmətlə qarşıladı məni, niyyətimi bildi və məni də ora üzv yazdı və mənə o cəmiyyətin vəsiqəsini verdi. Özümü dünyanın ən bəxtəvər adamı sayırdım . Mən hər gün ta piket dağılana qədər bir həftə onların içində fəaliyyət göstərdim və Hacıbala Abutalıbovu ilk dəfə orada tanıdım. Hələ də ordakı çıxışları xatırlayıram və o çıxışlar adamda inam yaradırdı ki “xilaskar tezliklə gələcək və Azərbaycan xalqını xilas edəcək”.


– Bəs necə oldu siz Heydər Əliyev haqqında yazı yazdınız?


– O dövrdə Sumqayıtda “168 saat” qəzetinin  müxbiri ilə-Faiq Hüsiyevlə  dostlaşdım və o məni qəzetlə əməkdaşlığa, məqalələr yazmağa dəvət elədi. Mən Heydər Əliyev haqqında əsgərlikdəki hadisəni kiçik məqalə şəklində dərc etdirdim. Bu, elə bir dövr idi ki, xalqa Heydər Əliyevi unutdurmuşdular, bu qəzetdəki material müəyyən yerlərdə yayıldı və bir qisim sadə insanlar ayıldılar ki xilaskar var və onu hakimiyyətə gətimək olar… Əlbəttə, insanların az bir hissəsi bundan xəbər tutdu, çünki qəzet yalnız Sumqayıtda yayımlanırdı.Sonradan o qəzeti “Heydərçi” qəzet elan edib bağlamışdılar da…


Bir dəfə isə piketlərin birində prezidentliyə namizəd akademik Nizami Süleymanov çıxış edirdi və öyrəndim ki onun “Axtarış” adlı qəzeti var imiş. Sabahısı gün getdim tapdım o redaksiyanı və orada baş redaktorla dostlaşdım, oldum oranın da əməkdaşı . Yalnız bir məqsədim var idi. Heydər Əliyevi xilaskar kimi təbliğ etmək və bunun üçün bütün imkanlardan istifadə etmək. Sentyabr ayında ”Səs” və “İki sahil” qəzetləri ilə də əməkdaşlığım başladı. Mən hər gün “Əlincə” Xeyriyyə Cəmiyətinin qərargahına baş çəkirdim, fəaliyyət göstərirdim və orada tanış olduğim Əli Nağıyev mənə dedi ki, bu gün axşam saat 6-da konfrans zalında yığışmalıyıq və Heydər Əliyevə müraciət imzalamalıyıq, Görək neçə nəfər olacağıq?


Bütün Heydərsevərlərə bacardığımız və imkanımız çatdığı qədər məlumat verdik və hamısı yığışdı. Cəmi 91 nəfər idik. Birinci cərgədə Murtuz Ələsgərov oturmuşdu. Həmin gün mənim “Axtarış” qəzetində Heydər Əliyevlə bağlı çox sensasion bir məqaləm çıxmışdı və oxucular köşklərdən onu dərhal alıb oxumuşdular. Həmin qəzeti Murtuz müəllimə orada təqdim etdilər. Yazıya baxdı, mənə baxdı, gülümsədi və sevincini gizlətmədi. Bu vaxt iclas başladı, Əli Nağıyev müraciəti oxudu və biz hamımız onun altına imza atdıq. Müraciətdən bir həftə sonra “Səs” qəzetində Sirus Təbrizlinin “Heydər bəyi biz çağırmalıyıq!” adlı geniş bir müsahibəsi çıxdı və bununla da mənim fəaliyyətimin ikinci mərhələsi başladı. Çünki orada Sirus bəy deyirdi ki artıq Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması barədə danışıqlar gedir. Oktyabrın sonlarında isə televiziyadan xəbər tutdum ki, Naxçıvan AXC təşkilatı şəhərdə çevrilişə cəhdi edib, televiziya binasını və Daxili İşlər Nazirliyinin binasını tutublar. Heydər Əliyev Ali Məclisin önündə mitinq təşkil edərək xalqı meydana dəvət edib və beləliklə AXC təşkilatına qalib gələrək onları tərki silah edib.


– Bəs onunla ilk görüşünüzü necə xatırlayırsınz?


– Dediyim kimi Naxşıvanda baş verən hadisələrdən dərhal sonra tez “168 saat” qəzetinin redaksiyasına getdim. Faiq Hüsiyevlə qərara aldıq ki, birlikdə uçaq, Naxçıvana Heydər Əliyevdən müsahibə alaq. Amma son anda onun anası xəstələndi gedə bilmədi… Baş redaktor Varis Yolçuyev mənə vəsiqə və ezamiyyə kağızı yazıb verdi, dedi “get, uğurlar arzulayıram!”.


Beləliklə, böyük sevgi-məhəbbətlə uçdum Naxçıvana, səhər tezdən gəldim Ali Məclisin binasına, qapıda dayanan polis nəfərinə özümü təqdim elədim, dedi “lap yaxşı, həyətdə gözləyin, o hələ işə gəlməib, bax, həyətdə nə qədər adam onu gözləyir”. Həyətdə 30-40 adam hansısa kənddən gəlmişdilər və onlar hamısı bir yerdə kişinin qəbuluna düşməli idilər. Saat 11-də bir qara “Qaz 31” avtomobili dayandı binanın qarşısında və içərisindən düşən o idi. Mən həyəcandan bir anlığa donub yerimdə qaldım. O nurlu təbəssümlü çöhrəsini ətrafa gəzdirdi və adamların içində bir ağbirçək ona yaxınlaşaraq belə dedi: “Ey Azərbaycanın şanlı oğlu, biz səni ziyarət etməyə gəlmişik!”. Heydər Əliyev sevinc hissi ilə onlara dedi ki, “Xoş gəlmisiniz!, keçin içəri”.


Onların hamısını zala ötürdülər. Mən də adamlara qoşulub zala daxil oldum. İclas başladı, məlum oldu ki, camaat Ordubadın Nüsnüs kəndindən gəliblər və öz problemlərini söyləyirdilər. Maraqlıdır ki, görüş iclas formasında keçirildi və kişi əksəriyyətini bir-bir tribunaya dəvət edir və çıxışlarına diqqətlə qulaq asırdı. Və hər şeyi də qeyd edirdi və axırda özü çıxış etdi və problemlərin həlli üçün göstərişlər verdi. Hamı böyük sevinc və razılıq hissi ilə vidalaşıb getdilər.


Bu anda mən də oturduğum yerdən “bir dəqiqə!” işarəsi edərək kişinin diqqətini cəlb etdim. Elə əvvəldə də o məni camaatın arasında görüb mənim orda nəsə bir yad adam olduğumu hiss etmişdi. O başı ilə işarə etdi ki, “buyur”. Mən ona yaxınlaşdım və vəsiqəmi, ezamiyə kağızımı və əvvəldən yazılı tərtib etdiyim sualları təqdim etdim, o, onlara baxdı, mən dedim ki “o boyda yol gəlmişəm ki, mütləq sizdən müsahibə götürüm, lütfən imtina etməyin”. Dedi “yaxşı qalx, ikinci mərtəbəyə”. Mən zaldan çıxdım, qalxdım ikinci mərtəbəyə. Keçdim qəbul otağına, orada oturdum, əlimdə də bir albom var idi və o albomda Heydər Əliyev haqqında son bir il ərzində ölkə mətbuatında az da olsa dərc edilən bütün qəzet materiallarını kəsib yapışdırmışdım. Və birinci səhifədə Heydər Əliyevin şəklini yapışdıraraq yazmışdım ki, Heydər Əlirza oğlu Atatürk idealımdır! Qəbul otağında bir saqqallı cəbhəçi də oturmuşdu. O mənə dedi ki “bir həftədir burdayam və onun qəbuluna düşə bilmirəm, sən də bir həftə gözləməli olacaqsan”.


Mən başladım albomu vərəqləməyə. Bu vaxt o cəbhəçi də baxdı, albomdakıları gördü və başladı mənlə mübahisələr etməyə, mən də ona yaxşı cavablar verdim və kişinin köməkçisi bu an mənə dedi ki “siz içəri keçə bilərsiniz”. Mən kabinetə daxil oldum uzun bir kabinet idi və o başda sanki əsl bozqurd simvolu əyləşmişdi, çünki geyimi, cemperi də boz idi, saçları da,.. Yaxınlaşdım ,bir daha görüşdük. Dedi “əyləş , o əlindəki albom nədir elə?” Dedim, “İstərdim ki, bir buna baxasınız və məni elə belə adi sıradan bir jurnalist hesab etməyəsiniz”.


O götürüb alboma baxdı və böyük məmnunluq hissi ilə bir-bir səhifələri vərəqlədi, o materialların əksəriyyəti onun özündə yox idi, dedi ki, “bunları hardan, necə tapıb bir yerə yığmısan?”. Məəttəl qalmışdı, soruşdu ki, “sənin neçə yaşın var?”, dedim “24”. Dedi “sən hara, mən hara, sən cavan oğlan, mən yaşlı adam, səndə mənə qarşı olan bu simpatiyanın səbəbi nədir?”.


Mən Heydər Əliyevə onunla bağlı hər şeyi danışdım, o daha da məəttəl qaldı, dedi ki, “Sən xarici mətbuatdan da materiallar tapıb yığa bilərsən bu albomuna, onlar məndən çox yazırlar”.


Mən ona dedim ki çox istərdim ki bu alboma bir avtoqraf yazasınız. O da yazdı ki “Gənc dostum Vüqar, sənin bu fəaliyyətin və ürəkdən gələn təşəbbüsün məni çox sevindirdi. Mən bundan sonra da çalışacağam ki xalqıın, o cümlədən də gənclərin hörmət və məhəbbətini qazanım. Hörmətlə Heydər Əliyev. İmza”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top