"Prokurorluqda fəaliyyətimi dayandırmaq üçün dəfələrlə ərizə yazmışam..." — Nizami Qocayevin oğlu DANIŞDI (FOTO)

MÜSAHİBƏ 14 iyn 2020, 20:10

Məşhur polis rəisi olmuş Nizami Qocayevin oğlu Ramin Qocayev yenicə vəkillik fəaliyyətinə başlaması münasibətilə "Demokrat.az" xəbər portalına müsahibə verib. 


Müsahibəsi zamanı Ramin Qocayev yeni vəkillik fəaliyyətindən, bu sahədə görülən işlərdən və ailəsinin ona təsirlərindən danışıb. 


Daha ətraflı Demokrat.az müsahibəni təqdim edir: 


— Sizin vəkillik fəaliyyətinə başlamağınız həm ictimaiyyət nümayəndələri, həm də hüquq sahəsində çalışanlar üçün gözlənilməz oldu. Bununla bağlı nə deyə ilərsiz? 


— Əslində mən bunu gözlənilməz hal kimi qiymətləndirmirəm. Təxminən 20 ildən çoxdur ki, hüquq-mühafizə sahəsində, həm daxili işlər, həm də prokurorluq orqanlarında çalışmışam. 


Düşündüm ki, bu sahədə kifayət qədər fəaliyyət göstərsəm də artıq qazandığım təcrübəni müdafiə institunda istifadə edim. Yəni, illərlə qazandığım təcrübəmi müstəqil şəkildə vəkillik fəaliyyətində həyata keçirim. 


— Siz həm daxili işlər, həm də prokurorluq orqanlarında yüksək vəzifələr daşımısınız. Sizi vəkilliyə cəlb edən maraq nə oldu?


— Doğrusu, bu gün hüquq sahəsində qazandığım təcrübə, o cümlədən ölkə rəhbərliyi tərəfindən son dövrlər vəkillik sahəsində aparılan uğurlu islahatlar, cənab Prezident İlham Əliyevin Vəkillər Kollegiyasına olan böyük diqqəti və Anar Bağırovun Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrliyinə gəlməsi, onun rəhbərliyi ilə bu sahədə qazanılan uğurlar məndə bu sahəyə maraq yaradıb. 


Düşündüm ki, vəkillik sahəsində yaradılan böyük şəraitdən mən də qazandığım təcrübəmə uyğun olaraq yararlana bilərəm. Bununla mən həm insanların hüquq və azadlıqlarının təmin edilməsinə, həm də vəkilliyin inkişafına öz töhfəmi verə bilərəm. 

 


— Siz Nizami Qocayev kimi məşhur ailənin övaldısınız. Ailənizdə kifayət qədər tanınmış hüquqşünaslar və bu sahədə çalışmış yüksək vəzifəli insanlar mövcuddur. Maraqlıdır, hər zaman ittiham tərəfində olmuş Ramin Qocayev bu gün müdafiə mövqeyinə keçib. Burada ailənizin təsiri olubmu?


— Əvvəla, hər bir işə obyektiv yanaşılanda ittiham və ya müdafiə tərəfində olmaq fərq eləmir. 


Digər tərəfdən isə mən prokurorluqda da, daxili işlər orqanlarında da hər zaman böyük hörmət və ehtiram görmüşəm. Hətta, prokurorluqda fəaliyyətimi dayandırmaq üçün dəfələrlə ərizə yazmışam, ancaq rəhbərliyin etimadı ilə mənim vəzifədən getməyimə imkan verilməyib. Rəhbərlik hər zaman mənə etimad göstərib. Öz növbəmdə mən də dövlətimizin mənə göstərdiyi bu etimadı hər zaman yüksək qiymətləndirmişəm. Mənim prokurorluqda qalmağımla bağlı istəyin olması yalnız və yalnız mənə qürurverici olub. 


Ailəmin mənə təsiri məsələsinə gəldikdə isə onu deyim ki, indi mənim kifayət qədər yaşım var. Odur ki, lazım gələndə sərbəst düşüncəmi və fikirlərimi ailəmin diqqətinə çatdırmışam. 


Bilirəm ki, siz Nizami müəllimi nəzərdə tutursunuz. Şübhəsiz ki, bunsuz mümkün də deyil. Atam Nizami müəllim hər zaman mənim fəaliyyətimin ittiham tərəfində olmasını arzulayıb. Sadəcə olaraq mənim düşüncəm və qərarım ondan ibarətdir ki, artıq bu sahədə dövlətimizə və millətimizə daha çox fayda verə bilərəm. 


— Cavablarınızdan belə anladım ki, sizin vəkillik fəaliyyətinə başlamanız daha çox Anar Bağırovun Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyinə gəlişi ilə bağlı olub. Bununla bağlı nə deyə bilərsiniz? 


— Bəli, tamamilə düz təxmin etmisiniz. Mənim vəkillik sahəsinə gəlməyimə əsas marağı Anar Bağırovun Azərbaycanda vəkilliyin inkişafı üçün göstərdiyi xidmətlər yaradıb. Anar Bağırov çox peşəkar, dövlətini və millətini sevən hüquqşünasdır. Onun bu sahəyə rəhbərlik etməyi Azərbaycanda vəkillik sisteminin nüfuzunu daha artıracaq.


Öz növbəmdə mən də bütün fəaliyyətimi vəkilliyin inkişafına və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində quracam. 


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top