Koronavirus niyə bəzi ölkələrdə çox, bəzilərində az adamı öldürür? — Sərdar Cəlaloğlu ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 14 iyn 2020, 16:00

Koronavirusun ölüm saçan yeni növü dünyanın inkişaf etmiş, səhiyyəsinin gücü ilə daim “öyünən” ölkələrində vüsət alır, amma həmin ölkələrin səhiyyəsinin xidmətlərindən istifadə edən, inkişaf səviyyəsi daha aşağı olan ölkələrdə göstəricilər aşağı olur.

 

Pandemiya yayılmağa başladığı vaxtdan yaranan bəzi sual və şübhələri Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarından biri daha da artırıb.

 

Belə ki, təşkilat Rusiyada koronavirusa yoluxma sayı çox olsa da, ölüm halının aşağı olmasının səbəblərini açıqlamaqda çətinlik çətir.

 

Təşkilatın fövqəladə vəziyyət üzrə proqram rəhbəri Mayk Rayan ölkədə yoluxma və ölüm sayı arasında uyğunsuzluğun olduğunu deyib: “Bilirik ki, Rusiyada testlər yüksək saydadır. Ancaq hökumətdən xahiş etmişik ki, ölümlə bağlı rəqəmləri verəndə hansı metoddan istifadə etdiklərinə dair açıqlama versin. Rusiya və Avropada oxşar səhiyyə sistemdiir. Ancaq Avropada ölüm faizi çox daha yüksəkdir".

 

Koronavirus, onun ətrafında yayılan informasiyalar, şübhə və çoxsaylı suallarla ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğluya müraciət etdik.

 

“Həmin ölkələrdə sığorta təbabəti olduğuna görə, orda ölüm faktlarını həm də sığorta idarələri diktə edir”.

 

-Necə olur ki, Avropa və Amerika səhiyyəsi daha güclü olduğu halda, burada ölüm halı çoxdur, Rusiyada isə təxminən 500 min yoluxmanın olmasına baxmayaraq, ölüm halları az olur?

 

-Fərqli göstəricilərin olması ölkələrdə statistikaya olan yanaşma ilə bağlıdır. Geridə qalmış ölkələrdə, totalitar cəmiyyətlərdə bir qayda olaraq statistika həqiqəti əks etdirmir. Məsələn, Çinin özündə ölüm sayı ilə bağlı verilən rəqəmlər şübhə doğurur. Eləcə də Rusiya avtoritar ölkə olduğu üçün görünür orda da ölüm sayını gizlədirdilər. Bir vaxtlar deyirdilər ki, Azərbaycanda 5-6 faiz işsiz var, amma pandemiya ortaya çıxardı ki, 35-40 faiz əhali işsizdir və dövlət onlara ödəniş etməyə məcbur oldu. Avropa ölkələrində statistikanın doğruluğunu yoxlayan bir neçə istiqmətli qurumlar – qeyri-hökumət təşkilatları var, Avropa Birliyinin statistika idarəsi var. Xüsusən həmin ölkələrdə sığorta təbabəti olduğuna görə, orda ölüm faktlarını həm də sığorta idarələri diktə edir. Amma Rusiyada sığorta təbabəti olmadığından, orda səhiyyə dövlətin nəzarətində olduğundan statistika dövlətin nəzarətindən asılı olaraq dəyişə bilir. Bunun yeganə səbəbi budur, başqa səbəb yoxdur. Rusiyadır, Çindir, İrandır – bu ölkələrdə statistikalar reallığı əks etdirmir.

 

“Konyuktura məqsədilə şişirdilmə halları ola bilər”

 

-Amma ÜST-nin açıqlamasında bəzi ölkələrin koronaviruslu xəstələr arasında ölüm faizini artıra biləcəyi də istisna edilməyib. Hansısa Avropa və ya Amerika ölkəsinin rəqəmləri şişirməsi ilə bağlı iddialara necə yanaşırsız?

 

-Rəqəmləri şişirtmək yalnız o ölkələrə lazım olur ki, həmin ölkələrə BMT pul ayırılır. Bunu ona görə edə bilərlər ki, daha çox vəsait alsınlar. İndiki vəziyyətdə beynəlxalq donor təşkilatları yalnız Afrika ölkələrinə və digər geridə qalmış ölkələrə pul ayırır. Amma inkişaf etmiş ölkələrdə statistikanın şirşirdilməsinin heç bir məntiqi əsası yoxdur. Çünki heç kim Avropaya və ya Azərbaycana daha çox xəstə olduğuna və ya ölüm halına görə pul ayıran deyil. Ancaq konyuktura məqsədilə şişirdilmə halları ola bilər – yəni əhalinin azadlığının məhdudlaşdırılması, demokratik prosesləri tənzimləmək və s. məqsədlərlə ola bilər ki, bu da ölkədaxili siyasi bir məsələdir. Amma bütün ölkələr bunu şişirtməkdə maraqlı ola bilməz, çünki bu həmin ölkələrin səhiyyəsi ilə bağlı şübhə yaradır.

 

“Hindistanlılar heç zaman əllə görüşmür, bizim kimi öpüşmürlər”

 

- Belə bir xəbər də yayılmışdı ki, alimlər keçmiş MDB ölkələrində koronavirusa yayılma hallarının Avropa və Amerikaya ölkələri ilə müqayisədə az olmasının səbəbini bu ölkələrdə doğumdan sonra məcburi qaydada körpələrə vərəm əleyhinə vaksinin vurulması ilə izah edirlər. Bildirilirdi ki, Qərb ölkələrində bu vaksinasiyanın edilməsi könüllü xarakter daşıyır. Yəni, yoluxma və ölüm halları ilə bağlı fərqin olmasının hansısa tibbi əsaslarının olması mümkündürmü?

 

-Vərəm əleyhinə peyvənd bütün dünya ölkələrində aparılır. Avropada da anadan olan kimi uşaqlar peyvənd edilir. Ona görə də keçmiş SSRİ ölkələrində, eləcə də bəzi müsəlman ölkələrində xəstələnmənin sayının az olması əhalinin sıxlığı, həyat tərzi ilə, təmas imkanlarının təbii şəkildə az olması ilə əlaqədar ola bilər. Məsələn, hindistanlılar heç zaman əllə görüşmür, bizim kimi öpüşmürlər, kasta sisteminə görə sosial məsafəni saxlayırlar. Ərəb ölkələrində əhalinin sıxlıq səviyyəsilə bağlı təbii olaraq sosial məsafə saxlanılır. Dİgər səbəb isə qidalanma, həyat tərzi ilə bağlı ola bilər ki, bununla bağlı elə bir şərtlər ola bilər ki, koronavirusun yayılmasına imkan verməsin. Faktiki olaraq bu məsələlər elmi şəkildə öz əsasını tapmalıdır. Ümumiyyətlə bu sahədə həddindən artıq çoxlu elmi tədqiqatların aparılmasına ehtiyac var. Bu araşdırmaların nəticəsində koronavirusa qarşı daha effektiv mübarizə üsullarını tapmaq olar. Əgər bunun qarşısını alan hansısa qidalanma növü, həyat tərzi, ənənə varsa, bunu başqa ölkələrdə də tətbiq etmək olar. Hazırda bir sıra ölkələrdə, o cümlədən də Türkiyədə bu cür tədqiqatlar aparılır.

 

“Burada siyasətdən çox spekulyasiya var”

 

-Sizcə, qlobal səviyyədə koronavius, onun ətrafında yayılan informasiyalarda düşünülmüş siyasət varmı?

 

-Burada siyasətdən çox spekulyasiya var. Adətən bütün hadisələrlə bağlı bu cür hal müşahidə olunur. Bəzi “xəstə” adamlar var ki, hadisələri şişirtməyə və ya gizlətməyə meyillidirlər. Bu məsələ ilə da bağlı “informasiya çirkinliyi” var. Bu da o ölkələrdə daha çox inkişaf edir ki, həmin ölkələrdə dövlət informasiya orqanları işi lazımi səviyyədə qurmurlar. Hardakı ciddi, etibarlı informasiya xidməti var, baş verən hadisələr haqqında obyektiv və tez məlumat əldə etmək mümkün olur. Amma istənilən halda insanların psixologiyası elədir ki, ümumilikdə bu cür hadisələrlə bağlı şayiələr baş alıb gedir. Dövlət orqanlarının da vəzifəsi də məhz şayiələrə qarşı effektiv mübarizəni təşkil etmək. Bunun da yeganə yolu özünün obyektiv və opertiv məlumat verməsi və xalqın da bu məlumatlara inanması ola bilər. Başqa cür bu məsələni aradan qaldırmaq mümkün deyil. Dünyanın hər yerində baş verən hadisələrlə bağlı dezinformasiyaların yayılması qaçılmazdır. Təkcə koronavirusa qarşı deyil, həm də koronavirus ətrafında informasiya manipulyasiyasına qarşı ciddi mübarizə təşkil etmək lazımdır. (Cebhe.info)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top