Deputat: “Ermənistanın atdığı addım onların həqiqi niyyətini ifşa edir”

SİYASƏT 13 iyn 2020, 19:33

“Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin 10 iyun 2020-ci il tarixində qəbul etdiyi bəyanatı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması yolunda vacib bir sənəd hesab edirəm”.


Demokrat.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Nigar Arpadarai belə bəyanatla çıxış edib. 


O bildirib ki, Avropa Parlamentinin həmin sənədİni alqışlayır və onun hazırlanmasında iştirak edən şəxslərə dərin minnətdarlığını bildirir. 


Millət vəkili söyləyib ki, sözügedən bəyanat Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərin Ermənistan tərəfindən qeyri-qanuni işğalından bəhs edir. Eyni zamanda, Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsini qarşılıqlı inama, sülhə və barışığa əngəl yaradacaq bir addım kimi qiymətləndirir.


“Bildirmək istərdim ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının nəticələrini birbaşa və ya dolayı yolla möhkəmləndirməyə xidmət göstərən hər hansı bir layihə və ya təşəbbüs beynəlxalq hüquqa görə təcavüz aktının davamıdır. Ermənistan tərəfinin atdığı bu addım onların həqiqi niyyətini ifşa edir və göstərir ki, erməni tərəfinin sülh danışıqlarında iştirakı yalnız dünyanın diqqətini davam edən işğaldan yayındırmaq məqsədi daşıyır.


Həmkarlarımı, diplomatlarımızı, diasporu, əlaqədar dövlət orqanlarını və bütövlükdə ölkəmizin fəal ictimaiyyətini mümkün qədər çox sayda ölkənin parlamenti və hökumətləri tərəfindən oxşar bəyanatların verilməsinin təmin olunması istiqamətində səy göstərməyə çağırıram”, - deyə N.Arpadarai əlavə edib.


Onun fikrincə, əsla mövcud vəziyyətlə barışmamalıyıq:


“Hesab edirəm ki, bu bəyanat Azərbaycan torpaqlarının işğaldan azad olunması və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtması yolunda növbəti addım olmalıdır”.


Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top