ALİ ATTESTASİYA KOMİSSİYASININ RƏHBƏRİ DƏYİŞDİRİLDİ! – Ramiz Mehdiyev yeni rəhbəri kollektivə təqdim edib

HADİSƏ 04 sen 2018, 17:12

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

"Azpolitika.info"ya mötəbər mənbələrdən verilən məlumata görə,  AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov quruma rəhbərlik etdiyi dövrdə yol verdiyi ciddi qanunsuzluqara görə işdən kənarlaşdırılıb. Artıq onun yerinə təyinat da olub.

Famil_Mustafayev_new

Belə ki, saytımıza verilən məlumata görə, Vəli Hüseynovun yerinə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təyin olunub.

ramiz-mehdiyev-3Bu gün Famil Mustafayev Ali Attestasiya Komissiyasının kollektivinə də təqdim olunub. Təqdimatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və  Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.

Mənbənin məlumatına görə,  Ramiz Mehdiyev çıxışında keçmiş rəhbərliyin fəaliyyətini kəskin tənqid edib, AAK-ın işində ciddi dönüş yaradılmasının zəruru olduğunu bildirib.

Qeyd edək ki, Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə  Salyan rayonunda anadan olub. 

1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır.
60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

famil-mustafayevFamil Mustafayev 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini kimi fəaliyyət göstərib.

1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin əvvəlcə vitse-prezidenti, sonra isə  prezidenti olub.

1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin əvəlcə icraçı direktoru, sonra isə prezidenti işləyib.

1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti vəzifəsində çalışıb.

2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi işləyib.

2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri vəzifələrində işləyib.

2016-cı ildən bu günə qədər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olub.

2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından bu günə qədər isə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri işləyib.
2017-ci ilin sentyabr ayından Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top