Vətəndaşı təhqir edən polisin cəzalanmasına RƏYLƏR

SİYASƏT 10 iyn 2020, 23:24

“İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib”.

 

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd edilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib: “Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”.

 

Qeyd edək ki,  Yasamal rayonunda polislərin üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmələri faktı ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən şəxslərin iyunun 8-də saxlanılması zamanı polis əməkdaşlarından biri yaşayış binasının qadın sakinini və ərini “siz dovşansınız” deməklə təhqir edib. Əməliyyat zamanı asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfər saxlanılıb.

 

Ümumilikdə hadisə ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilir. Sosial şəbəkələrdə polislərin başına əşyalar, zibil atan şəxslər qınanılır və müvafiq şəkildə cəzalandırılmalı olduqları qeyd edilir. Eyni zamanda bildirilir ki, sakinlərə “dovşan” deməklə təhqir edən polis əməkdaşının cəzalandırılması da yerində verilən qərardır.

Fəzail Ağamalı

 

Məsələ ilə bağlı deputat Fəzail Ağamalı bildirib ki, əslində bu cür hadisələr baş verməli deyil: “Bütün zamanlarda olduğu kimi, koronavirusun tüğyan etdiyi çətin anlarda da Azərbaycan xalqının yanında olan, böyük fədakarlıqla bu virusa qarşı mübarizə yer alan polis əməkdaşlarının, əlbəttə ki, əməli və fəaliyyəti yüksək qiymətləndirilməlidir. Elə bunu da görürük. Sadəcə olaraq, bir nəfərin hansısa səbəbdən qanunları pozması təəssüf doğurmaqla bərabər, ümumiləşdirilməli deyil. Bu faktı götürüb, bütövlükdə sosial şəbəkələrdə polislərin üzərinə getmək olmaz. Bu, çox böyük ədalətsizlikdir. Daxili İşlər Nazirliyi həmin polislə bağlı artıq qərarını verib və o, cəzasını alıb. Bundan sonra da yəqin ki, tədqiqat nəticəsində o, yol vermiş olduğu qanun pozuntularına görə cəzasını alacaq. Lakin başqa bir tərəf də var. Vətəndaşlarımızın da qanunsuz hərəkət edərək, polisin üzərinə müxtəlif əşyalar atması və bunun da sosial şəbəkələrdə paylaşılması yolverilməzdir. Hansı qanun pozuntularına yol veriblərsə, bu da araşdırılmalı, qanun qarşısında cavab verməlidirlər. Çünki Azərbaycan hüquqi dövlətdir və burada hər iki tərəfin əməlləri dəqiq araşdırılmalı və hər kəs öz əməlinə görə cavab verməlidir. Sosial şəbəkələrdə də bu cür haqsız-ədalətsiz mövqelərə və şərhlərə son qoyulmalıdır. Çünki bizim polisimiz övladlarımızdır. Onlar hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olublar. Hazırkı dövrdə sabitliyimizə görə eyni zamanda polis əməkdaşlarına minnətdar olmalıyıq. Həmçinin polisin üzərinə gedən haqsız hücumlara da qəti mövqeyimizi nümayiş etdirməliyik. Onlar başqa ölkədən gəlməyiblər və bu övladlarımız ən riskli şəraitdə belə öz missiyalarını ləyaqətlə yerinə yetirirlər. Bir nəfərin qanunsuz əməlinə görə bütün polis əməkdaşlarını hədəfə almaq həm ədalətsizlik, həm də allahsızlıqdır”.

 

Qabil Hüseynli

 

Politoloq Qabil Hüseynli bildirib ki, insanlar bu mərhələdə təmkinli mövqe tutmalıdır:

 

“Hazırda bəşəriyyət böyük fəlakətlə üz-üzə qalıb və hər bir dövlət bundan qorunmağa çalışır, çıxış yolu axtarır. Lakin hələ ki bu çıxış yolu tapılmır. Karantin tədbirləri də ona yönəlib ki, cəmiyyətdə müəyyən bir sabitlik qorunub-saxlansın. Zənnimcə, polis və vətəndaş təmkinli davranmalı, ədəbli olmalıdır. Ancaq vətəndaş polisə müqavimət göstərirsə, bunun da cəzası verilməlidir və başqa da yol yoxdur. İnsanlar onu qoruyan polisə nəyə görə yuxarı mərtəbədən zibil atmalıdır? Ancaq hesab edirəm ki, istənilən halda polis çalışmalıdır ki, etirazlar böyüməsin. İnsanlar deyilən qaydalara bir-iki gün əməl edərsə, dünya dağılar? Polis orada insanları təhqir edib, ”dovşansız" ifadəsini işlədib. Məlumata görə, artıq həmin polis cəzalandırılıb ki, bunun özü də müsbət haldır". (“Yeni Müsavat”)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top