Azərbaycan polisləri qanunun keşiyində — Qədim Roma üsulu ilə

SİYASƏT 08 iyn 2020, 23:52

Bundan sonra şuluqluq etmək istəyən vətəndaş üst geyimində yatıb-qalxsın

 

Koronavirus pandemiyası Azərbaycanda dərin müşahidələr üçün münbit zəmin yaratdı. Əgər biriləri üçün koronavirus azadlığın məhdudlaşdırılmasıdırsa, o birilər üçün əl-qol açmağa bir vasitəyə çevirildi.

 

Bildiyimiz kimi, yumşaq şəkildə məsuliyyətsiz və qanunsuz davranan vətəndaşlarımıza nəzarət etməyin mümkünsülüyünü görən Azərbaycan hökuməti, ötən həftə radikal tədbirlərə əl atmağa məcbur oldu. Nəticədə Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron bölgəsinin sakinləri üçün həftəsonu, sözün əsl mənasında ləğv edildi. Cəmi bir total qadağa tətbiq etməklə ölkədəki müəssisələrin, obyektlərin fəaliyyəti tam olaraq dayandırıldı.

 

Anlayırıq ki, bu, zəruri tədbir idi, çünki Azərbaycan vətəndaşları dünyanı vahiməyə salmış koronavirusa tüpürməklə əvvəlki həyat tərzlərini davam etdirmək qərarına gəlmişdilər. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsispi ilə hərəkət edən həmvətənlərimiz o boyda virusun varlığını belə, qəbul etmək istəmirdilər.

 

Lakin elan edilən total evdən çıxmaq qadağası bir problemi həll etməmiş, o birilərini yaratdı. Koronavirusla mübarizədə özlərini əsas qüvvələrdən biri hesab edən hüquq mühafizə orqanlarının cəsarətli əməkdaşları vətəndaşların itaətsizliyi ilə mübarizədə xeyli pozuntulara yol verdilər. Yəni, el dilində desək, lap ağ elədilər.

 

Amma indi 21-ci əsrdir və istənilən qəhrəmanlıq və “qəhrəmanlıq” mütləq kiminsə telefonunun kamersına tuş gəlir. Sosial şəbəkələrdə yayılan Bakının Yasamal rayonunda çəkilmiş bir video polisimizin qanunun keşiyində hansı mübarizə metodlarına üstünlük verməsini bir daha nümayiş etdirdi.

 

Görüntülərə əsasən, ərazidə yerləşən binaların sakinlərindən biri balkondan zibilləri polislərin başına atır. Acınacaqlı faktdır və heç bir məntiqli izahı da ola bilməz. Amma buna cavab olaraq, bizim asayiş keşikçilərimiz nə edir?

 

Polisimiz başlayır Qədim Roma dövrünün metodları ilə “adekvat” cavab tədbirləri görməyə. Yəqin onlara bu əmri verən xatırlayıb ki, Romada bir legionerin qanun pozmasına görə, hər onuncu legioner edam edilirdi. Və bu üsul çox effektiv idi. Ona görə də bir dəstə polis tökülür binada yaşayan, az qala hər onuncu sakinin canına.

 

Nəticədə qanunu qorumağa borclu olan cəsarətli qanun keşikçilərinin elə bu qanunu necə pozduqlarını göstərən utancverici kadrların şahidi oluruq. Heç bir sanksiya olmadan (hər halda bu sənədin təqdim edilməsini sübut edən bir kadr yoxdur), yarımçılpaq vətəndaşları öz evlərindən sürüyə-sürüyə çıxarmaq, polislərin əməlində qanunun aliliyinin deyil, bayağı bir qisasın, insanları qorxutmağın əsas məqsəd olduğunu nümayiş etdirir. Hər halda bu əmri verən RƏİS sosial şəbəkələri oxumamış deyil.

 

 

Təkrar edirik ki, bu və ya digər sakinin asayiş keşikçilərinin başına zibil tökməsi qanunsuz hərəkətdir və bunu edən şəxs cəzalandırılmalıdır. Ancaq kadrlardan gördüklərimiz polisin qanunun aliliyini niyə belə qeyri-adi, qanuna uyğun gəlməyən şəkildə həyata keçriməsi barədə müəyyən klassik suallar yaradır: Kimdir günahkar? Və nə etməli?

 

Son sualın cavabı gün kimi aydındır: qanuna tabe olan vətəndaş olmaq lazımdır. Ancaq ilk sualın cavabı güclü dilemma yaradır: axı, hər tərəf həmişə günahını rəqibində görür, özündə deyil.

 

Hər halda, düşünürəm ki, növbəti dəfə belə hallara bəri başdan hazır olmaq lazımdır. Məsələn, şuluqluq etmək istəyən vətəndaş bütün günü evdə üst geyimində yatıb-qalxsın ki, sonra polislərin onun alt paltarını bütün bina sakinlərinə nümayiş etdirməsindən şikayətçi olmasın. Elə asayiş keşikçiləri də daha ayıq-sayıq olmalıdırlar: mənzillərin sayı çoxdur, amma qanunu pozanlar bir-iki nəfərdir. Ayıq olsunlar ki, sayı səhv hesablamasınlar. Yoxsa bununla dövlətə xeyir yox, “ayı xidməti” göstərmiş olarlar... (Ayna.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top