“Elmar Məmmədyarovun övladının xaricdəki villaları onu gözükölgəli edir” — Hafiz Hacıyev

SİYASƏT 08 iyn 2020, 18:20

“Avropa Şurası ikili standartlardan istifadə edərək, özünün məkrli siyasətini ortaya qoydu”.

 

Bu sözləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

O, bildirib ki, Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər çoxşaxəli olub. Onun fikrincə, separatçı rejimin keçirdiyi “seçkilər”ə Avropa Şurasının biganə qalması, münasibət bildirməməsi çox şeydən xəbər verir:

 

“Cənab Prezidentin çıxışı çox geniş və əhatəli idi. Orada bəzi həqiqətlər üzə çıxdı. Bilirsiniz ki, Avropa Şurası həmişə Azərbaycana qərəzli münasibət göstərib. O cümlədən Dağlıq Qarabağda keçirilən “seçkilər”də hamı bildi ki, saxta seçkidir, “iqruşka” seçkidir. İndi istəyirlər orada bir rejim qursunlar. Bu da mümkün olan məsələ deyil. Bütün dünya dövlətlərinin heç biri onu tanımadı, amma Avropa Şurası ikili standartlardan istifadə edərək, özünün məkrli siyasətini ortaya qoydu. Ona görə də, bunlar həmişə Azərbaycana təzyiq göstərməkdən ötrü yaradılmış qurumlardır. Özünün görürsünüz ki, bir ATƏT-in Minsk qrupu yaradılıb, bu günə qədər 27 ildir gəlib-gedirlər, heç bir iş görmürlər. Belə deyək, bunun özü bizim üçün düşündürücü bir məsələdir. Ondan sonra bəzi dövlətlərin ikili standartlardan yanaşmasıdır. Yəni, dünya dövlətləri istəsəydilər, Azərbaycanın ərazi bütövlüyünü BMT-nin dörd qətnaməsi çərçivəsində həll edərdilər və bu gün də biz əziyyət çəkməzdik. Buna görə də, bu dövlətlər çalışırlar ki, həmişə Azərbaycana təzyiq göstərsinlər, Azərbaycandan nəsə qoparsınlar. Bu məqsəd üçün yaradılmış təşkilatlardır. Amma Azərbaycan heç vaxt buna boyun əyməyəcəkdir.

 

Partiya sədri, bu işdə məsul olan Xarici İşlər Nazirliyinin siyasətinə də toxunub:

 

“Ona baxmayaraq neyləmək olar ? Azərbaycan xarici siyasət idarəsinin rəisinin gözükölgəli olması, onun bu məsələdə dövlət başçısının tələblərinə uyğun olaraq dünya təşkilatları qarşısında kəskin şəkildə qaldıra bilməməsi bizə utanc verir. Amma cənab Prezidentin dedikləri həqiqətdir və biz bunların hamısını görə-görə gəlmişik və bundan sonra da heç vaxt gedib Avropa Şurası və yaxud digər dövlətlərlə razılaşası deyilik ki, siz icazə verirsinizmi gedək torpağımızı alaq ? Ermənilər bizim torpaqlarımızı işğal edibdir, bizim də torpaqlarımızı işğaldan azad  etmək üçün səlahiyyətlərimiz özümüzdədir. Cənab Prezidentin də bu sahədə çox ciddi və prinsipial mövqeyi var. Hər dəqiqə biz öz torpaqlarımızı işğaldan azad edə bilərik. Buna görə də heç kim biz heç nə deyə bilməz. Burada söhbət nədən gedir ? Söhbət ondan gedir ki, bunlar terroristlərdir, bu terroristlər Qarabağda neçə illərdir öz havadarlarının hesabına “at oynadır”. Biz bunun qarşısını almaqdan ötrü beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə ciddi şəkildə işləməliyik. Amma bu sahəyə təhkim olan nazirliyin hələki işi bizi qane eləmir. Onun son vaxtlar xaricdə çıxan, övladının adına olan villaları, evləri bu bir növ o sahəyə baxan naziri gözükölgəli edir. Ona görə, biz cənab Prezidentə arxa olmalıyıq, kömək olmalıyıq. Baxmayaraq ki, biz müxalifət fikirli, müxalifət partiyasının rəhbəri kimi  cənab Prezidentin ədalətli mövqelərinin hamısını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz torpaqlarımızı heç kəsə hədiyyə verəsi deyilik. Gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik və düşünürəm ki, bu da cənab Prezident İlham Əliyevin vaxtında olacaq. Qısa müddətdə torpaqlarımızı işğalçılardan azad etməkdən ötrü antiterrror əməliyyatı keçirəcəyik. Ondan sonra qoy, ATƏT, Avropa Şurası getsin istədiklərini eləsin. Onların nazı ilə çox oynamışıq. Bundan sonra, onların nazı ilə oynamayacağıq”.

 

H.Hacıyev hesab edir ki, nə olursa-olsun Azərbaycan heç nəyə əhəmiyyət vermədən öz haqq işində mübarizəsini davam etdirməlidir:

 

“Avropa Şurası həmişə Azərbaycanda aranı qarışdırmaqla məşğul olan qüvvələrə dəstək olub. Bunlar “Azərbaycanda insan hüquqları pozulur” deyib, haray-həşir salanlardır. Əlbəttə, onları qane eləmir ki, Dağlıq Qarabağda bu oyuncaq rejimin saxta seçkilər keçirir və ona münasibət bildirmirlər. Bir milyondan çox qaçqınımız var, ona münasibət bildirmirlər. Amma Bakıda hansısa narkomanı tutanda, iki nəfər bir-birini itələyəndə münasibət bildirirlər. Bizim Allaha şükür, ölkədə o qədər satqın, o qədər Avropadan qrant alan təşkilatlar var. O təşkilatları dərhal müdafiə edirlər. Ona görə də, əlbəttə ki, onların əlinin altında bu cür insanlar onlara xeyir verir.

 

“Bu cür məsələlərdə Avropa Şurasının ikili standartlatı bizi qane etməyib və edəsi də deyil.  Ona görə də, biz, onlara əhəmiyyət verməməliyik.  Onlara əhəmiyyət o vaxt verə bilərdik ki, onlar bizim Dağlıq Qarabağı işğalçılardan azad etmək üçün onlara təzyiq göstərərdi. Orada keçirilən “seçkilər”ə öz münasibətini bildirərdi. Amma bunlar qərəzli mövqe ortaya qoyublar. Qərəzli mövqeyə görə də biz heç vaxt ruhdan düşməməliyik. Təbii ki, bunlar həmişə belə olublar. İstəyirlər ki, bizim neftimizi, qazımızı və digər sərvətlərimizi almaqdan ötrü bu, təzyiqin bir formasıdır. Biz, Avropa Şurasız da yaşaya bilərik.  Orada olanların da əksəriyyəti ermənipərəst deputatlardır, ermənilərin tərəfini güdənlərdir. Oradakı deputatların əksəriyyəti alverçilərdən ibarətdir. Hərəsi bir dövlətdən gəlib, deyirlər əşi 3 il, 5 il burada oturmuşuq görək nə uduruq, nə qazanırıq. Kimdən nə qədər pul alırıq? Rüşvətxor insanlardır. Onlar özlərinin hüquqlarını müdafiə edə bilmirlər, bizim hüquqlarımızı haradan müdafiə edəcəklər.  Ona görə də, cənab Prezidentin dediyi kimi, bunların böhtanlarına, onların bizə atdığı yalançı fikirlərə heç vaxt əhəmiyyət verməməliyik. Düşünməlidirlər ki, biz onları saymırıq”.    

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top