"İstehsal etdiyiniz məhsulları Ukrayna bazarına asanlıqla çıxara bilərsiniz" — AÇIQLAMA

DÜNYA 08 iyn 2020, 14:51

Azərbaycanın Ukraynadakı Ticarət Evi yeni inkişaf strategiyasına reallaşdırır. “Made in Azərbaycan” brendinin xarici ölkələrdə tanıdılması və ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi, satışı, təşkili və əlaqələndirilməsində ticarət evlərinin səmərəsi böyükdür.


Demokrat.az xəbər verir ki, bu baxımdan Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycav Ticarət Evi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab  və digər yerli məhsulların Ukraynanın rəqabət bazarına çıxarılması üçün monitorinq və  menecment fəaliyyətini davam etdirir.


Bununla bağlı məlumat verən Azərbaycanın Ukraynadakı Ticarət Evinin təsisçisi Daşqın Əhmədov bu günlərdə ölkəmizdə istehsal olunan şərab və şərab məhsullarının Ukraynaya gətirilməsi üçün sözü gedən ölkənin müfafiq qurumlarından pərakəndə və topdan satış lisenziyasının alındığını bildirib.


Daşqın Əhmədov qeyd edib ki, son illər Prezident İlham Əliyevin Azərbaycanda  sahibkarlığın və qeyri neft sektorunun inkişafına  göstərdiyi diqqət və qayğı, xüsusən də xarici dövlətlərdə Azərbaycan Ticarət Evlərinin açılması ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların xarici bazarlara çıxarılması üçün geniş imkanlar yaradıb. Artıq ticarət evi olaraq, Ukraynanın bir sıra market şəbəkələrində  yerli məhsullarımızın satışını təmin etmək üçün razılaşmalar əldə etmişik. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanlı iş adamları, istehsal müəssisəsi rəhbərləri və sahabkarlar üçün istehsal etdikləri məhsulların Ukrayna bazarına çıxarılması üçün əlverişli şərait yaranıb. Bu baxımdan ölkə rəhbərliyinin qarşımızda qoyduğu göstəriş və tapşırıqlara uyğun olaraq Azərbaycan Ticarət Evinin  yaxın gələcəkdə Lvov, Dnepr, Xarkov və Sumı şəhərlərində filiallarının açılışı olacaq.


“Əsas hədəfimiz perspektivdə Azərbaycan Ticarət Evinin Ukraynanın bütün şəhərlərində filiallarının açılmasına nail olmaqdır. Əminəm ki, Azərbaycan İqtisadiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin  koordinasiyalı işi ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların dünya bazarına çıxarılmasında müstəsna rol oynayacaq”.


Daşqın Əhmədov onu da əlavə edib ki, artıq ilkin olaraq ”Abşeron Şərab” ATSC-nin müxtəlif çeşiddə 16 min şüşə  şərab məhsullarını  Azərbaycan Ticarət  Evinin platforması çərçivəsində Ukrayna bazarına çıxarıb.


“Məqsədimiz yaxın gələcəkdə bu rəqəmi ayda 50 min şüşəyə qaldırmaqdır. Əminəm ki, bu ilin sonunadək Azərbaycan istehsalı olan məhsulları Ukraynanın böyük market şəbəkələrinin vitrinlərində görə biləcəyik.


Mən buradan üzümü Azərbaycanlı iş adamlarına, xüsusən də istehsal müəssisələrinin rəhbərlərinə və sahibkarlara tutaraq demək istəyirəm ki, istehsal etdiyiniz məhsulların Ukrayna bazarına çıxarılması üçün onlara yaradılmış imkanlardan maksimum istifadə etsinlər. Düşünürəm ki, yaradılmış ticarət platforması Azərbaycanlı iş adamlarına göydən düşmüş bir fürsətdir.


Xatırladım ki, Azərbaycan Ticarət Evində ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu ev daima Azərbaycanlı iş adamlarının üzünə açıqdır.


Buyursunlar gəlsinlər, həm istehsal etdikləri məhsullarla Azərbaycanı tanıtsınlar, həm də Avropanın ən böyük ölkələrindən sayılan Ukrayna bazarında özlərinə yeni partnyorlar və müştərilər qazanmaqla istehsal imkanlarını daha da  genişləndirsinlər”, – deyə Daşqın Əhmədov bildirib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top