AŞPA-nın Azərbaycana qarşı fobiyası və Ermənistan SEVGİSİ...

TƏHLİL 08 iyn 2020, 13:36

ABŞ-da qaradərili Corc Floydun ağ dərili polis zabiti tərəfindən qətlə yetirilməsindən sonra başlanan etirazlar, nümayişçilərə qarşı zorakılıq, jurnalistlərin həbsi fonunda beynəlxalq təşkilatların demokratiya və insan haqları üzərindən çağırışları yada düşdü. 

Eyni proses bir sıra Qərb ölkələrində də müşhidə olunur. Polis zorakılığı Avropa küçələrində adi hala çevrilib, bəs insan haqları, demokratiya hardadır? Xüsusilə Azərbaycanda adi ürək tutmasını şişirdən təşkilatların susqunluğu diqqət çəkir. Bu təşkilatlardan biri Avropa Şurası Parlament Assambleyasıdır. Bütün fəaliyyətini anti-Azərbaycan mövqe üzərində quran AŞPA səssizliyə qərq olub. Hansı ki, bu qurum Ermənistana xüsusi simpatiyası ilə də seçilir. 


Güclülər və ermənilərin sevgilisi...


Mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin keçirdiyi “seçkiləri” dünyada demək olar ki, bütün ölkələr və beynəlxalq təşkilatlar qınadı. AŞPA-nın səsi o zaman da batmışdı. Güclülərə və ermənilərə sevgisi bu qurumun nüfuzunu faktiki olaraq alt-üst edib.


2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev bu məqama toxundu.

 


Dövlət başçısı bildirdi ki, indi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür: “Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!... Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

 


İkili standartlar və zəifləyən nüfuz...


Son dövrlər AŞPA-nın tamamilə nüfuzdan düşmüş bir quruma çevrildiyi müşahidə olunur. Görünür AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələrin daha sönük keçməsi də nüfuzunun aşağı düşməsi ilə bağlıdır. Qurumun 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.


AŞPA-nın nüfuzunun düşməsi xüsusilə təşkilatın ikili standart mövqeyindən irəli gəlir. Artıq ölkələrin bu quruma inamı qalmayıb. Bu gün AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platforma kimi tanınır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

 


Dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət/cəsarət etmir. ABŞ-ın Minneapolis şəhərində Corc Floydun öldürülməsi ilə başlanan və bütün ölkəyə yayılan etirazlar, bu etirazlara qarşı amansız addımların atılması qarşısında müşahidə olunan susqunluq bunun bariz nümunəsidir. 


AŞPA öhdəliyinə əməl etmir...


Məsələ işğalçı Ermənistan olanda da eyni susqunluq nümayiş etdirilir. Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.

 


Halbuki, Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalıb.


Göründüyü kimi, AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.


Revanşçılar Azərbaycana qarşı... 


Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri də şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.


Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!

 


AŞPA azərbaycanlıları doğrudanmı sevir?


Eyni qərəzli münasibət AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibətində də ortaya çıxdı. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənaraq qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. 


Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA bu qədər Azərbaycanı canı yanır? 


Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.


AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.

 


Utanmasan, oynamağa nə var ki?


AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. 


Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.


AŞPA-nın qatı anti-Azərbaycan kampaniyası Azərbaycanı öz yolundan döndərə bilməz. Prezident İlham Əliyev də çıxışında bunu açıq şəkildə bildirdi. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz və Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.


Azərbaycanın güclənən nüfuzu...


30 ilə yaxındır ki müstəqillik əldə edən Azərbaycan bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə veribdir. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş etmiş AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.


Azərbaycan Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirildi. Qeyd edək ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak etdi. Bu bir daha Azərbaycan və bu ölkənin Prezidentinə inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardımlar göstərib.


Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top