Qarakilsə necə "Sisian" oldu? — TARİXİ FAKTLAR

SİYASƏT 08 iyn 2020, 00:00

1946-cı il 10 sentyabr tarixində Qarakilsə və azərbaycanlılara məxsus bəzi yaşayış yerlərinin adları dəyişdirilib. Cənab Prezident İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində rayon tarix və diyarşünaslıq muzeyinin yenidən qurulmasından sonra açılışı zamanı orada asılmış xəritələrə nəzər yetirərək Sisian rayonunun adının xəritədə əks olunduğuna öz haqlı iradını bildirdi. Ölkə başçımız tarixi yer-yurd adlarımızın olduğu kimi xəritələrdə əks olunmasını bir daha xatırlatdı və gələcəkdə belə Azərbaycanın tarixi adlarının, toponimlərin öz qədim adları ilə adlandırılması ilə bağlı çağırış etdi.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası Kafedrasınn baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bildirib.

 

Onun sözlərinə görə, xüsusilə 30-cu illərin əvvəllərindən toponimlərimizə qarşı başlanan erməni vandalizmi geniş vüsət alıb: “Əlbəttə, ötən əsrdə ermənilərin öz havadarlarından aldıqları güc-qüvvə sayəsində tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan ərazilərində Azərbaycanlılar yaşayan ərazilərin adlarının dəyişdirilərək erməniləşdirilməsi prosesi geniş vüsət almağa başladı”.

 

Tarixçi vurğulayıb ki, ermənilərin azərbaycanlılara məxsus yer adlarını dəyişdirməsi məsələsi 1935-ci ildə pik nöqtəsinə çatıb: “Belə ki, həmin ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar tarixli fərmanı ilə 29 rayonda azərbaycanlılara məxsus olan 72 yaşayış məntəqəsinin, 1939-cu ilədək 100, 1940-ci ildə 30 azərbaycanlı yaşayış yerinin adı dəyişdirilərək erməniləşdirilib”.

 

T.Cəfərov qeyd edib ki, 1941-ci ilin iyun ayında müharibə başladıqdan sonra bu işdə fasilə yaranıb, 1945-ci ildə erməni diasporunun nümayəndələrinin azərbaycanlılara məxsus yaşayış yerlərinə yerləşdirilməsi nəticəsində 30-dan çox toponim dəyişdirilərək erməniləşdirilib: “SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 10 sentyabr tarixli fərmanı ilə Mikoyan və Sisian (Qarakilsə) rayonlarında azərbaycanlılara məxsus bəzi yaşayış yerlərinin adları dəyişdirildi. 1945-1950-ci illərdə 80-dən çox toponim zorla erməniləşdirilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1950-ci il 19 sentyabr tarixli fərmanı ilə dəmir yolu stansiyalarının da adları dəyişdirilib. Uluxanlı-Masis, Qəmərli-Artaşat, Şirazlı-Ayqavanla erməni adları ilə əvəzlənib”.

 

Tarixçi onu da bildirib ki, 1951-1959-cu illərdə 20-dən çox, 1960-1979-cu illərdə 170 yaşayış yerinin adı zorla dəyişdirilərək erməniləşdirilib: “Təbii ki, sual oluna bilər ki, bu dəyişikliklərə orada yaşayan əhali öz etirazını niyə etməyib? Sözsüz ki, ermənilərin bu əməllərinə qarşı etirazları olub, sadəcə olaraq azlıqda və gücsuz qalmış soydaşlarımız buna heç cürə təsir etmək imkanında olmayıb. Əksinə bu cür etirazlar etdiklərinə görə min bir işgəncələrə, məhrumiyyətlərə məruz qalıblar”.

 

Taleh Cəfərov vurğulayıb ki, 1988-ci il Ermənistanın Azərbaycana elan olunmamış müharibəsinin ilk işartıları göründükdən sonra da azərbaycanlılara qarşı deportasiya və milli qırğın siyasəti davam etdirilib, nəticədə 1991-ci il 9 aprel tarixli fərmanla azərbaycanlılar yaşamış 94 məntəqənin adı dəyişdirilərək erməniləşdirilib: “Bununla da qədim Azərbaycan torpaqlarında adları min illərlə qorunan, yaşadılan yurd-yuva adları mənfur ermənilər tərəfindən zorla erməniləşdirildi”.

 

Onun sözlərinə görə, Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb: “1940-ci il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Qeyd edim ki, rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə bölgəsi çox qədim tarixə malikdir. Buradan tapılmış “qoç heykəllər” ermənilər tərəfindən özününküləşdirilərək dünyaya “ermənilərin daş dövrü abidəsi” kimi təqdim edilir. Bundan savayı Qarakilsə rayonu ərazisindəki e.ə. II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerində tikilmiş karvansaranı, Qaraqoyunlu dövlətində Çuxur-Sədd əmirlərinə aid Cəfərabad türbəsi, XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərəsini tanınmaz hala salaraq müxtəlif üsullardan istifadə etməklə üzərində erməni işarələri vurulub və bu yolla erməniləşdirilməyə çalışılıb. Bunun davamı olaraq da ermənilər İrəvanda və Zəngəzurda fəaliyyət göstərən 391 məscidi dağıdaraq yerlə-yeksan edib və bu yolla azərbaycanlıların izini tarixdən silməyə cəhd ediblər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top