Qüdrət Həsənquliyev: "Hazırkı mərhələdə müharibə etmək çox risklidir"

MÜSAHİBƏ 07 iyn 2020, 22:37

Demokrat.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

 

-Qüdrət bəy, iyun ayının birinci ongünlüyü başa çatmayıb, amma quraqlıq səbəbindən Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi rayonlarda ciddi su qıtlığı yaradıb. Artıq bəzi yaşayış məskənlərində insanların və mal-qaranın icməli su ilə təmin olunmasında cətinliklər var. Belə bir şəraitdə Azərbaycan hökuməti əhalini su ilə təmin etmək üçün hansı addımlar atmalıdır?

 

-İlk növbədə biz Sərsəng su anbarının təcili olaraq Azərbaycanın istifadəsinə qaytarılması üçün ciddi təşəbbüslər göstərməliyik. 26 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin ciddi dəstəyi, Elxan Süleymanovun fədəkarlığı sayəsində Azərbaycan diplomatiyası mühüm bir uğura imza atdı. Biz AŞPA-da Sərsəng su anbarının işğalı səbəbindən Azərbaycan üçün yaradılmış humanitar və ekoloji problemlərdən bəhs edən “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamənin qəbuluna nail olduq. Qətnamənin mətnini olduğu kimi oxucuların diqqətinə təqdim edirik:

 

Avropa Şirası Parlament Assambleyası

1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.

 

2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.

 

3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

 

4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.

 

5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.

 

6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

 

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:

 

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:

 

7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;

 

7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;

 

7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;

 

7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

 

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

 

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.

 

AŞPA-nı çağırmalıyıq ki, qəbul etdiyi qərara hörmət edib, Ermənistana təzyiq göstərsin, məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına, üzv dövlətlərin hökumət və dövlət başçılarına müraciət etsin. Ermənistana heç olmasa ciddi sanksiyaların tətbiqinə çalışsın. Hərbi güc tətbiqi etiraf edək ki, qeyri-realdır.

 

-Qüdrət bəy sizcə AŞPA bunu edərmi?

 

-Əslində, Prezident 3 iyunda Tərtərə səfəri zamanı bu təşkilatın qəbul etdiyi qərarların kağız parçası qədər də dəyəri olmadığını bildirdi. Dövlət başçısı AŞPA-nı işğalçı Ermənistana göstərdiyi münasibətə görə siyasi riyakarlıqda ittiham edir və bunda tam haqlıdır. Biz bu təşkilatın fəaliyyətində hər addımbaşı ikili standartların şahidi oluruq. AŞPA-nın Sərsəng su anbarı ilə bağlı “sifətini qorumaq üçün” qəbul etdiyi qərardan 4 il keçməsinə baxmayaraq, həmin qərarın icra olunması üçün heç bir əməli addım atmayıb. Bu Qərbdə hökm sürən islamofobiya və xristian həmrəyliyindən qaynaqlanır. Bu gün insan hüquqlarının ayaqlar altına atıldığı Qərbin aparıcı dövlətlərində baş verən, çoxsaylı insan itkisi ilə nəticələnən qanlı hadisələrə AŞPA reaksiya verirmi?

 

Yox! Amma onlara Avropanın ucqarında Azərbaycan kimi kiçik bir müsəlman ölkəsi lazımdır ki, xoruz banlamasını da işgəncə altında çıxarılan səs kimi qiymətləndirib “ciddi” işlərlə məşğul olduqlarını göstərsinlər. Bütün bunlara baxmayaraq, biz haqlı tələblərimizlə onları fakt qarışısında qoyub ifşa etməliyik.

 

-Qüdrət bəy su böhranı dərinləşərsə, Azərbaycan Sərsəng su anbarı ilə əlaqədar Ermənistana ultimatum verə bilərmi?

 

-Ultimatum beynəlxalq münasibətlərdə bir dövlətin digər dövlətə qarşı irəli sürdüyü tələbdir və həmin tələb müəyyən olunan müddətdə yerinə yetirilməsə o zaman hərbi güc tətbiq olunur. Mən Sizi başa düşürəm, yəni demək istəyirsiniz ki, susuzluqdan ölməkdənsə gedib vuruşub ölək.

 

Əvvəlki müsahibələrimdə də demişəm ki, hazırkı mərhələdə müharibə etmək çox risklidir. Biz hazırda Sərsəng su anbarı ilə əlaqədar qəbul edilmiş qətnamənin icra olunması üçün diplomatik səylərimizi artırmalı, iqtisadi, hərbi və məhkəmə islahatları yolu ilə daha güclü olmağa çalışmalıyıq. Su probleminin həlli üçün hazırda edə biləcəyimiz ən vacib iş sənaye üsulu ilə suvarma sisiteminin tətbiqinə başlamaq və sudan maksimum qənaətlə istifadə etmək ola bilər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top