İrandan gələn iş adamı gömrükdə “ilişdi” — Astara xəstəxanasında əməliyyat olundu (ÖZƏL)

KRİMİNAL 26 may 2020, 10:44

İran İslam Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Abbasıpestekan Alıreza Hosseıngholının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abbasıpestekan Alıreza Hosseıngholı 14 may 2019-cu il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 1,2 qram təşkil edən üzərində “M20” yazısı olan 60 ədəd metadon həbini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hər birində 20 həb olmaqla, 3 sellofan bükümdə qablaşdıraraq daxili orqanı-düz bağırsağında yerləşdirib.


Daha sonra o, 15 may 2019-cu il tarixdə saat 10 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.


İstintaq orqanı tərəfindən Abbasıpestekan Alıreza Hosseıngholının barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbasıpestekan Alıreza Hosseınghol elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, İran İslam Respublikasının Təbriz şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır: “Təqribən 5-6 il olar ki, mütəmadi olaraq metadon adlı dərman preparatı qəbul edirəm. Çoxdan tanıdığım Həmədan şəhər sakini Pərviz adlı şəxsin zəng etdi. O, Bakı şəhərində yaşayan və tikinti işləri ilə məşğul olan Rza adlı bir dostuna “kərpic bişirən” aparatını qurmaqda köməklik etməyimi və buna görə də Rzanın mənə 2000 manat pul verəcəyini və təqribən 20-25 gün Bakıda qalmalı olacağımı dedi. Buna görə də mayın 14-də Təbriz şəhərində olan bir aptekdən 61 ədəd metadon həbi aldım və avtobus ilə Təbriz şəhərindən İran İslam Respublikasının Astara şəhərinə gəldim”.


Təqisrləndirilən şəxsin sözlərinə görə, yolda həmin həbləri 3 ədəd bükümdə büküb və həmin həblərdən birini istifadə edib: “Mayın 15-də İran İslam Respublikasının Astara şəhərində bir çayxananın tualetinə girərək içərisində metadon həbləri olan 3 ədəd bükümü daxili orqanım – düz bağırsağına yerləşdirdim və İran İslam Respublikasının gömrüyünə, oradan da saat 10 radələrində isə piyada yolla Azərbaycan gömrüyünə daxil oldum. Yoxlama xəttində bir nəfər gömrük əməkdaşı məni saxlaı, şifahi sorğu-sual apararaq üstümdə, əl yükümdə və ya daxili orqanlarımda qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətindən gizlədilmiş mallar–narkotik vasitələr, psixotrop maddələr, silah-sursat, qızıl və digər zinət əşyaları, dərman peraparatları olub-olmadığını soruşdu. Məndə belə şeylər olmadığını bildirdim. Sonra gömrük əməkdaşı başqa bir otaqda, iki nəfər hal şahidnin iştirakı ilə üstümü yoxladı. Həmin otaqda gömrük işçisi mənimlə təkrar sorğu-sual apararaq, zərurət yarandığı üçün xəstəxanaya aparılaraq müayinə olunacağımı bildirdi”.


Abbasıpestekan Alıreza Hosseınghol qeyd edib ki, iki nəfər hal şahidinin iştirakı ilə onu Astara rayon Mərkəzi xəstəxanasına aparıblar və orada tibbi müayinə nəticəsində daxili orqanında-düz bağırsağında gizlətdiyii 3 ədəd bükümü aşkar ediblər.


Astara rayon Məhkəməsinin hökmü ilə Abbasıpestekan Alıreza Hosseınghol 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Abbasıpestekan Alıreza Hosseınghol apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Abbasıpestekan Alıreza Hosseıngholın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, Abbasıpestekan Alıreza Hosseıngholın şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top