Bakıda adam oğurluğu edən kriminal dəstənin şok əməlləri — Cinayət işi

KRİMİNAL 21 may 2020, 09:48

Bakıda adam oğurluğunda ittiham olunan Şirvan şəhər sakinləri -  Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə adam oğurluğu törətmək barədə qabaqcadan razılığa gəliblər. Onlar qrup halında Elşən Günəşovun oğurlanması barədə qrup üzvlərinə sifariş əldə ediblər.


Cinayətkar razılaşmaya əsasən qrupun üzvü Rüfət Əmirov 24 mart 2017-ci ildə Bakı şəhərində fəaliyyət göstərən “Baku Rent a Car 555” MMC-dən “Hyundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb.


Bundan sonra martın 25-də Rüfət Əmirov icarəyə götürümüş həmin avtomobildə, digərləri isə “Hyundai Elantra” markalı 99-DM-018 dövlət qeydiyyat nişanlı avtomobillə qrupun üzvləri Elvin Cəfərov, Əli Hüseynli, və cinayətin naməlum iştirakçısı ilə oğurlamaq istədikləri Elşən Günəşovun yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, döngə 4, dalan 02 ünvanının yaxınlığına gəliblər, onun evdən çıxmasını gözləyibər.


Həmin tarixdə saat 13 radələrində Elşən Günəşov yaşadığı evdən çıxıb və etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı 90-ZL-958 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi şosesi, 8 nömrəli ünvandakı “Rəvan” market qarşısına gəlib.


Mütəşəkkil dəstə üzvləri yol boyu arxadan onu müşahidə edib, həmin yerə çatdıqda Rafət Əmirov idarə etdiyi “Hundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzürlü səbəb olmadan qəsdən Elşən Günəşovun idarə etdiyi dayanmış vəziyyətdə olan avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyib.


Rafət Əmirov bu hərəkətləri ilə Elşən Günəşova 1.100 manat maddi zərər vurub. Digər avtomobildə olan dəstə üzvləri Elşən Günəşovun idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırılar.


Bu zaman Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli, və cinayətin naməlum iştirakçısı avtomobillərdən yerə düşüb yumruq və təpiklə Elşən Günəşovun bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona müxtəlif dərcəli bədən xəsarətləru yetiriblər. Dəstənin daha bir üzvü özündə olan bıçaqla Elşən Günəşovun sol bud və sol sağrı nahiyələrin kəsilmiş-deşilmiş yaraları yetirib.


Bunun davamı olaraq Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib , Elşən Günəşovun dəstə başçısının ünvanına işlətdiyi nalayiq ifadələrə görə cəzalandırmaq məqsədi ilə məcburi qaydada Rüfət Kərimovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilin yük yerinə qoyub, iradəsinə zidd olaraq naməlum istiqamətdə aparıbkar.


Avtomobil qısa məsafə getdikdən sonra Elşən Günəşov avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb. O, qaçmaq istəyərkən Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən onu tutub, yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə qoyublar.


Bu vaxt arxadan onları müşayiət edən Rafət Əmirov idarə etdiyi “Hyundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşüb və Rüfət Kərimovun “Hyundai Elantra” markalı avtomobilin sükanı arxasına əyləşib. Avtomobili hərəkətə gətirib və hadisə yerindən uzaqlaşmaq istəyərkən Elşən Günəşov yenidən avtomobilin yük yerini içəridən açaraq yerə düşməklə ətrafdakı insanları köməyə çağırıb.


Bu səbəbdən də Rüfət Əmirov, Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və istintaqa şəxsiyyəti məlum olmayan şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyiblər.


Bundan başqa, Rafət Əmirov istintaqa məlum olmayan mənbədən “Makarov” konstruksiyalı tapançanı, döyüş sursatı hesab edilən yeddi ədəd zavod üsulu ilə istehsal edilmiş, “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalarda atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli atəşə yararlı patronları əldə edib, O, silah-sursatı üzərində saxlayaraq odlu silah olan tapançanı gəzdirməsi barədə daxil olan məlumat əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən 8 iyul 2017-ci ildə saat 20 radələrində Bakı-Ələt şosesinin Bakı şəhəri Qaradağ rayonu ərazisində olan “Azpetrol” yanacaq doldurma məntəqəsində saxlanılıb.


Rafət Əmirov Bakı şəhəri Nəsimi rayon polis İdarəsinə gətirilməklə, orada olan xidməti otaqların birində hal şahidlərinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın arxa bel nahiyəsindən qanunsuz əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi odlu silah hesab edilən “Makarov” tipli 9,0 mm kalibrli tapança, həmin tapançaya aid zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli 7 ədəd patron və 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq aşkar edilib.


Daha sonra mütəşəkkil dəstənin digər üzvləri həbs edilib.


İstintaq orqanı tərəfindən mütəşəkkil dəstənin üzvləri barəsində Cinayət Məcəlləsinin 29,144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətməyə cəhd), 29,144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətməyə cəhd), 29, 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətməyə cəhd), 29, 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əmirov, İsmayıl İbrahimov və Rüfət Kərimov hər biri 7 il, Rafət Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.


Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzanı 1 il artırıb.


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə gödərilib.


Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, prokurorun kasasiya protesti təmin edilməyib.


Qeyd edək ki, cinayət işində adı keçən Əli Hüseynlinin işi ayrıca icraatda araşdırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.


Əli Hüseynli 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddəsi ilə təqsirli bilinib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top