Partiya sədrinin müavini: “Bu Saziş dövlətin və Xalqın mənafeyinə uyğundur”

MÜSAHİBƏ 19 may 2020, 14:43

Son günlər mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı gedən müzakirələrlə bağlı Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadənin  münasibətini öyrəndik.

 

- Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında yerli mətbuatda son günlər müzakirələr aparılır. Sizin bu məsələyə münasibətiniz necədir?  Ümumiyyətlə sazişdə nə deyilir?

 

- Doğrudur, mətbuatda bu məsələ ilə əlaqədar müzakirələr aparılır. Amma bəzi şəxslər müzakirədən daha çox spikuliyasiya edirlər. 

 

Əslində hidroqovşaqların tikilməsi məsələsi yeni deyil. Bu SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilibmiş. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılıb və layihələr yenidən işlənib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb.

 

Sonra bu Saziş, Prezident İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İrana rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq formasında” imzalanıb.


 
Saziş barəsində əminliklə deyə bilərəm ki, bu razılaşma Azərbaycan dövlətinin və Xalqının mənafeyinə uyğundur. 

 

Sazişdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi bir daha dəqiq formada təsdiq edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi vurğulanır. 


Həmçinin, Sazişdə, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.
     


Hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinə Azərbaycan höküməti heç bir investisiya ayırmır. Tərəflərin payına düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikasının payına düşən hissəsinin İran Tərəfinə həmin hidroqovşaqların Azərbaycan Tərəfinin mülkiyyətində olan su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və ya digər vasitələrlə ödənilir.

 

- Bəs əleyhine olanları narahat edən məqam nədir bu Sazişdə?


- Əleyhdarların bir çoxu bu Sazişi “Xalqa xəyanət” kimi təqdim etməyə çalışlar ki, guya elektrik stansiyalarından düşmən ölkə də faydalanacaq. Bu layihədən düşmən ölkənin istifadə etməsi müzakirə mövzusu ola bilməz və ümumiyyətlə, Sazişdə belə bir “istifadəyə” ehtimal qazandıracaq yanaşma da yoxdur.


Əlbəttə, onlar çox gözəl bilirlər ki, Qarabağ məsələsi Azərbaycan Xalqının həssas nöqtəsidir. Elə ona görə də bu nüansdan istifadə edərək özlərini “canıyanan”, “vətənpərvər” kimi göstərməyə çalışırlar. 


Bildirim ki, Sazişdə “Tərəflərin “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edən şərt öz əksini tapmışdır. Yəni, su elektrik stansiyalarından 3-cü dövlətin istifadəsi mümkün deyil. 


İstehsal olunan Azərbaycan Respublikasına məxsus elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir.


Sazişin üstün cəhətlərindən biri də odur ki, tərəflərin razılaşmasına əsasən “Xudafərin” körpüləri hazırki vəziyyətə uyğun olaraq İran tərəfinin maliyyə vəsaiti hesabına bərpa olunacaq. Daha sonra Tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər.


Hesab edirəm ki, Sazişin mətni ilə tanış olan istənilən şəxs razılaşmanın ölkəmizin mənafeyinə uyğun olduğunu anlamış olacaqdır. Lakin, çox təəssüflər olsun ki, bəzi şəxslər “onsuzda sadə vətəndaşlar bu Sazişi oxuyan deyillər” deyərək, pafoslu çıxışları ilə cəmiyyəti gərginləşdirmək, neqativ enerjidə kökləmək arzusundadırlar. Burada Sədi Şirazinin “bal vermirsən, heç olmasa sancma, ay eşşək arısı” sözünü xatırlamış oldum. 
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top