Gənc oğlan anasına işgəncə verən atasını amansızlıqla öldürdü — Dəhşətli CİNAYƏT

KRİMİNAL 19 may 2020, 10:46

Bakıda atasını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Laçın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Laçın Məmmədovun atası, 1965-ci il təvəllüdlü Mehman Məmmədovəvvəllər anası Məryəm Novruzovaya mütəmadi olaraq işgəncə verib.


Mehman Məmmədov yenidən 4 yanvar 2017-ci il tarixdə, saat 23 radələrində yaşadığı Binəqədi rayonu, 28 may qəsəbəsi, 4-cü paralel küçəsi, nömrəsiz fərdi evin mətbəxində sərxoş vəziyyətdə Məryəm Novruzovaya qarşı nalayiq ifadələr işlədib və onu döyüb.


Bu səbəbdən Lazın Məmmədov artıq aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində qisas almaq niyyəti ilə Mehman Məmmədovu öldürmək qərarına gəlib.


Bu niyyətini həyata keçirmək üçün Laçın Məmmədov həmin vaxt mətbəxdə stolun üzərində olan bıçağı götürüb və Mehman Məmmədova qəsdən 21 dəfə bıçaq zərbəsi vurub.  Mehman Məmmədov aldığı zərbələrin təsirindən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Laçın Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.


Hökmdən narazı qalan Laçın Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.


Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Laçın Məmmədovun şikayəti təmin olunmayıb.


Bu qərardan narazı qalan Laçın Məmmədov kasasiya şikayəti verib. onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin araşdırması başlanıb.


Araşdırma aparılan zaman məhkum Laçın Məmmədovun cəza çəkmə müəssisəsindən hakimə məktub göndərib. O, məktubunda şikayətini geri götürməsi barədə ərizə yazdığını, ərizəsində şikayətinə baxılmamasını, ərizəsinin təmin edilməsini istəyib.


Hakim heyəti Laçın Məmmədovun ərizəsini təmin edib. Onun kasasiya şikayəti baxışdan çıxarılıb və geri qaytarılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top