Əbülfəsin mədəniyyətimizə vurduğu "QARA"

TƏHLİL 14 may 2020, 18:14

“Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq”.

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mesajı verdi. 


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvətxorluğa, korrupsiyaya qarşı son əməliyyatları fonunda dövlət başçısının bu mesajı yeni proseslərdən xəbər verir. Videoformat şəkilində keçirilən qəbulda Prezidentin həm də Kəlbəcərin, eləcə də digər ərazilərin işğal olunmasında AXC-Müsavat cütlüyünün xəyanətini vurğulaması da diqqətdən qaçmır.


Azərbaycan məhz bu cütlüyün hakimiyyəti dövründə ərazi itkiləri və böyük bəlalarla qarşılaşdı. Bu gün işğalçı ölkənin torpaqlarımızı işğal altında saxlaması, işğal altındakı ərazilərdə madi-mədəni irsmimizin məhv edilməsi məhz keçmiş hakimiyyətin mirasıdır.


İndi işğal altındakı ərazilərdə ermənilərin maddi-mədəni irsimizə tutduğu divanı ürəkağrısı ilə izləyirik. Həm də bu mənzərəyə laqeyd qalanları da ürəkağrısı ilə izləməyə davam edirik. 


Yəqin ki, ictimaiyyət zaman-zaman erməni işğalındakı maddi-mədəni irsimizin dağıdılması haqqında onun açıqlamasını görüb, xüsusilə bu haqda danışarkən, üzündəki laqeydliyi, hətta gülüşü də müşahidə edib. DTX-nın son əməliyyatları da göstərdi ki, bu adam üçün şəxsi qazancı hər şeydən öncə gəlir.


Söhbət mədəniyyət naziri Əbülfəs Qarayevdən gedir. Əbülfəs Qarayevin yaxınları əslən işğal altında olan Qarabağdandır və böyük ehtimalla onlarının qəbrləri bu gün işğal altında qalıb. Amma nazirin bu haqda danışdığını heç görmüsünüzmü? Yaxud da nadir hallarda danışarkən, üzündəki laqeydliyi hiss etmisinizmi? 


Mədəniyyətimizin qorunmasının həvalə edildiyi Əbülfəs Qarayevin respublikada mövcud olan maddi-mədəni irmisimizin başına açdığı oyunlar Qarabağda baş verənlərdən çox da fərqlənmir. Əslində onun erməni işğalındakı maddi-mədəni irsimizə laqeydliyi ümumiyyətlə mədəniyyətimizə yad olmasından irəli gəlir.


19 ildir nazir postunda əyləşən Əbülfəs Qarayev madi-mədəni irsimizə, incəsənətimizə, milli kinomuza qarşı sözün əsl mənasında “mədəni qətliam” törədib. 


Mütəfəkkirlərimizin abidələri dağılmaq həddinə çatıb, maddi-mədəni irsimiz sıradan çıxmaq təhlükəsi ilə üzləşib, mədəniyyət evlərinin demək olar ki, yalnız adı qalıb, milli kinomuzda uçuruma yuvarlanıb. Bu siyahını nə qədər istəsəniz uzatmaq olar.


Əslində, mədəniyyətimizə sahib çıxmayan bir nazirin işğal altında erməni vandalizminə məruz qalan maddi-mədəni irsimizə laqeyd olması heç də təəccüblü deyil.

 


Əbülfəs Qarayev illərdir mədəniyyətimizə divan tutmaqla məşğul olur. Dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə hər il ayrılan orta hesabla 300 milyon manatı mənimsəməkdən başqa heç nə etməyib. Nə maddi-mədəni irsimizi qoruyub, nə mədəniyyətimizi dünyada tanıdıb, nə də milli kinonu inkişaf etdirə bilib. Bir sözlə, büdcə vəsaitini talamaqdan başqa heç bir miras qoymayıb. 


DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlar, nazirin müavinləri də daxil olmaqla vəzifəli şəxslərin həbs edilməsi bunun rəsmi təsdiqidir. Bütün bunlara rəğmən, Əbülfəs Qarayev özünü heç nədən xəbərsiz kimi aparır. Sanki onun müavinləri dövlət vəsaitini mənimsəyərkən, rüşvət alarkən bundan xəbərsiz ediblər.


Nə xalqı, nə də dövləti aldatmaq mümkün deyil. Nazirlikdə baş verən qanunsuzluqlara görə Əbülfəs Qarayev birbaşa məsuliyyət daşıyır. Hətta, inandırıcı olmasa da, onun bütün bunlardan “xəbərsiz” olması belə məsuliyyətdən yayınmasına əsas ola bilməz. Çünki bu sahənin cavabdehi birbaşa nazir Əbülfəs Qarayev olub. 


Mövcud mənzərəni təəssüflə izləyirik. İnsan bilmir ki, ermənilərin işğal altındakı ərazilərdə maddi-mədəni irsimizi dağıtmasına yansın, yoxsa Əbülfəs Qarayevin mədəniyyətimizin başına açdığı oyunlara. Onun 19 illik nazir fəaliyyəti soyadı kimi mədəniyyətimizə də qara ləkə oldu. Bu müddətdə Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət naziri olsa da, amma özü mədəniyyətli ola bilmədi...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top