Biləsuvarda 73 yaşlı kişinin arvadına qarşı dəhşətli əməli — Cinayət işi

KRİMİNAL 14 may 2020, 09:47

Biləsuvar rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1946-cı il təvəllüdlü Sahib Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sahib Əhmədov 1 may 2019-cu ildə, saat 18 radələrində sərxoş vəziyyətdə qeyri-rəsmi nikahda olduğu arvadı Təzəgül Mirzəyeva ilə müvəqqəti yaşadıqları Biləsuvar şəhəri, Sahil küçəsində yerləşən Biləsuvar İstilik Sistemləri İstismar Sahəsinin inzibati binasının onlara ayrılmış otağında aralarında mübahisə baş verib.


Sahib Əhmədov ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı nalayiq ifadələr işlədərək Təzəgül Mirzəyevanı vurmağa çalışıb. Təzəgül Mirzəyeva onun əlindən çıxaraq barəsində polisə şikayət edəcəyini bildirib və sonra evdən həyətə qaçıb.


Bu zaman Sahib Əhmədov qisas almaq məqsədi ilə arvadını öldürmək qərarına gəlib. O, mətbəxdən bıçaq götürüb və Təzəgül Mirzəyevanın arxasınca həyətə qaçıb. O, arvadının saçından tutaraq yerə yıxıb, sonra bıçaqla onun çənə, boyun və körpücük nahiyələrinə xəsarətlər yetirib.


Lakin qonşuluqda yerləşən yataqxanada müvəqqəti məskunlaşan Rafiq Əsgərov hadisəni görüb və onlara yaxınlaşaraq bıçağı Sahib Əhmədovun əlindən alıb, Təzəgül Mirzəyevaya bıçaqla əlavə xəsarətlər yetirməsinə imkan verməyib.


Qonşular tərəfindən çağırılmış təcili-tibbi yardım avtomobili ilə Təzəgül Mirzəyeva Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edilib.


İstintaq orqanı tərəfindən Sahib Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Əhmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Sahib Əhmədov apelyasiya şikayəti verib. Sahib Əhmədov şikayətində göstərib ki, ilk dəfədir cinayət törədib: “Eləcə də, zərər çəkmiş həyat yoldaşımdır, onunla barışmışam. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayəti və tələbi yoxdur”.


Hazırda ahıl yaşda olduğunu qeyd edən Sahib Əhmədov bildirib ki, 73 yaşı var, ağ ciyər xəstəliyindən əziyyət çəkir. O, qeyd edib ki, törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıq keçirir.


Sahib Əhmədov əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün təyin olumasını istəyib.


Sahib Əhmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Sahib Əhmədovun şikayəti təmin olumayıb, onun 18 sentyabr 2019-cu il tarixli hökmü qüvvədə saxlanılıb..


Qeyd: Sahib Əhmədov Prezident İlham Əliyevin dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, imzaladığı sərəncamla azadlığa çıxıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top