Bərdədə dəhşətli olay: Gənc oğlan yeni il gecəsi ona sataşanın qanını tökdü — Təfərrüat

KRİMİNAL 12 may 2020, 12:25

Bərdə rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, 31 dekabr 2018-ci il tarixdə, saat 23.50-də Bərdə rayon Mirzəxan inzibati ərazi dairəsi üzrə Köbər kəndinin ərazisində kənd sakini Cahid Quliyevin yaşadığı evin qarşısında həmin kənd sakini Rauf Əmrahov Rəşad Quluzadənin idarə etdiyi “Huindai GETZ” markalı avtomobilin altına “petard” partlayıcı maddə atıb.


Buna görə, onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rauf Əmrahov Rəşad Quluzadənin sinəsindən təpiklə vurub.


Bundan sonra Rəşad Quluzadə idarə etdiyi “Huindai GETZ” markalı avtomobildən götürdüyü bıçaqla Rauf Əmrahovun döş qəfəsi nahiyəsindən bir dəfə zərbə vurub.


Yaralıya xəstəxanada tibbi yardım göstərilib. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.


Rəşad Quluzadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Quluzadə 1 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.


Prokurorun protesti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokurorun protesti təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.


Rəşad Quluzadənin cəzası 3 ilə qədər artırılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top