Özünü "Azərbaycanın dostu" kimi aparan Mişanın GİZLİ ÜZÜ

TƏHLİL 02 may 2020, 11:13

2013-2014-cü illərin Maydan hadisələrində Azərbaycan müxalifətinin “hakimiyyətə gəlmək” arzuları yenidən qanadlanmışdı. Hətta, Bakıdan Kiyevə uçan və Maydanda inqilaba dəstək verən siyasətçilərimiz də var idi. Müsavatın keçmiş başqanı İsa Qəmbər bir zamanlar Maydanda kütlə önündə çıxış etməsindən hələ də fəxrlə danışır, onun “mehriban düşməni” Əli Kərimli isə çox getmək istəsə də, gedə bilməyib, əvəzinə “nümayəndə heyəti” göndərməsi ilə fəxr edir. 


Maydan hadisələri Ukraynadakı hakimiyyət dəyişikliyi ilə nəticələndi, Azərbaycan müxalifətinə qalan isə yalnız xatirələr oldu, bir də çəkdikləri fotolar...

 


Bu fotolar arasında amerikalı senator, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilən 907-ci düzəlişin müəlliflərindən biri Con Makkeyn də, Gürcüstanın sabiq prezidenti, Ukraynaya “göydən düşmüş” və bu ölkənin idarəçiliyinə ukraynalılardan daha çox iddia edən Mixeil Saakaşvili də var. 


Mişa ləqəbli bu siyaətçi Gürcüstanda hakimiyyətdə olarkən rəsmi Bakı ilə münasibətlərə xüsusi diqqət yetirirdi. Təbii ki, bu təsadüfi deyildi, çünki ölkəsinin Azərbaycandan siyasi-iqtisadi asılılığını yaxşı anlayırdı. Amma onun Gürcüstandakı soydaşlarımızın haqlarını bərpa etməmək üçün əsl “siyasətçi” kimi davranması da unudulmayıb. Mişa Gürcüstanda hakimiyyəti təhvil verəndən sonra Ukraynada peyda oldu. Onun Tbilisini tərk etməsi Ukaynada Maydan hadisələrinin başlamasına təsadüfi etmişdi. Bir çox “inqilabçı”, əslində bəlli dairələrə bağlı siyasətçilər kimi Saakaşvili də Kiyev küçələrində çıxış etməyə başladı. 

 


Tbilisi küçələrində özünü rəsmi Bakının "dostu" kimi aparan Mişa Kiyev küçələrində isə Azərbaycan hakimiyyətinə müxalif olanlarla qol-boyun gəzirdi və yəqin ki, onlara inqilabı necə etmək haqda nağıllar da danışırdı.


Poroşenkonun Ukaraynaya rəhbərlik etdiyi dövrdə bu ölkənin daxili siyasətində aktiv olan Saakaşvili bir müddət Odessanın qubernatoru də oldu. Amma kənardan gəldiyi Ukraynada daxili siyasi çəkişmələr onun oyundan kənar vəziyyətə düşməsi ilə nəticələndi. 

 


Bu gün Saakaşvilinin Ukraynada meydanlara yenidən qayıtması müşahidə olunur. Bunun fonunda Azərbaycan müxalifətinin “çiçəyi də çırtlayıb”. Yəqin ki, keçmiş xatirələrin nostaljisini yenidən yaşayırlar.  


Amma Mişanın dönüşünə çəpik çalanlar arasında Azərbaycanda hakimiyyəti dəstəklədiyini deyənlər, Prezident İlham Əliyevi müdafiə etdiyini iddia edənlər də var. Belələri həm ölkə daxilində, həm də Ukraynadakı diaspor təşkilatlarında fəaliyyət göstərirlər. 

 

 

Həm özünü Azərbaycan Pezidentinin tərəfdarı kimi göstərmək, həm də radikal müxalifətə “inqilab dərsləri” verən Mişanı dəstəkləmək arasında paradoks var. Bu paradoks belələrinin fikirlərində daha aydın hiss olunur. Misal üçün, dövlətin diaspora verdiyi dəstəkdən yaxşı bəhrələnənlərdən biri Saakaşvilini öyməkdən yorulmur. Bildirir ki, Saakaşvili dünya səviyyəli liderdir, ona dəstək vermək lazımdır və sairə. 


Bu diaspor “fəalımız” həm də Azərbaycan Prezidentini dəstəklədiyini iddia edir. Halbuki, müsahibələrində dünya liderlərindən sitatlar gətirməyi sevən bu şəxs bircə dəfə də olsun belə dünya səviyyəli siyasətçi olan Ulu Öndər Heydər Əliyevi xatırlamayıb. Yaxud da Prezident İlham Əliyevin beynəlxalq layihələrində əsas təşəbbüskar kimi çıxış etdiyindən, dünya siyasətçilərinin də təsdiqlədiyi kimi, güclü strateq olduğundan bəhs etməyib. Amma məsələ maliyyə dəstəyinə gələndə olurlar Prezidentin tərəfdarı. Belə “tərəfdarlar” indi ölkənin içində də var, çölündə də. Onları görməmək mümkün deyil.

 


Cənablar, gündüz iqtidar, gecə müxalifətçi olmaq artıq mümkün deyil. Bu, bir gün mütləq ifşa olunacaq. Ümummilli Lider Heydər Əliyevin də söylədiyi kimi, mövqeyinizi göstərin...


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top