Vətəndaşlar arxayın olmamalıdır — Koronavirusun ölümcül dalğası gələ bilər

TƏHLİL 30 apr 2020, 09:40

Koronavirus pandemiyasının yayılmasını minimallaşdırmaq üçün tətbiq olunan xüsusi karantin rejiminin yumlaşdılmasına start verildi. Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun və dünyada pandemiya ilə mübarizədə ən effektli mübarizə vasitəsi olan karantin rejimini həyata keçirməklə ölkəmizdə virusun geniş arealda yayılmasının qarşısını almağı bacardı. Regionda, eləcə də dünyanın inkişaf etmiş ölkələrindəki vəziyyətlə müqayisədə Azərbaycandakı vəziyyət qənaətbəxş hesab oluna bilər. Lakin pandemiya hələ başa çatmayıb, bunu unutmamalıyıq.


Xüsusi karantin rejiminin yumşaldılması vətəndaşların sosial həyata tədricən dönməsinə hesablanıb. Artıq bəzi iaşə obyektlərinin fəaliyyəti, o cümlədən, rayonlararası hərəkət bərpa olunub. Yumşalma prosesi mərhələ-mərhələ həyata keçiriləcək. ÜST də tövsiyələrində karantin rejiminin tam olaraq həyata keçirlməsinin doğru addım olmadığını bildirir. Çünki pandemiyanın yenidən qayıtması, ikinci dalğanın yaşanması təhlükəsi hələ də aktualdır.


Pandemiyaların tarixi və dünya təcrübəsi bunu təsdiqləyir. Ötən əsrdə milyonlarla insanın ölümünə səbəb olan "İspan qripi" zamanı ən çox tələfat ikinci dalğada qeydə alınmışdı. 

Koronavirusun yayılmağa başladığı Çində də ikinci dalğanın yaşandığına dair məlumatlar var. Belə ki, yoluxma hallarının qarşısını alandan sonra Çində karantin rejimi ləğv olundu, amma mart ayında yeni yoluxma faktları qeydə alındı.

 


Bu iki fakt koronavirusun yenidən qayıdacağı riskinin olduğunu təsdiqləyir.


Virus necə qayıda bilər?


Mütəxəssislər bunun iki yolunun olduğunu qeyd edirlər. Birincisi, növbəti payız ayında havalar soyuyarkən epidemiyanın yenidən yayılacağı, ikincisi, mutasiya olunmuş şəkildə peyda olacağı hesab olunur.


ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi hesab edir ki, 2020-ci ilin payızı ərəfəsində yeni növ koronavirusun növbəti dalğası olacaq.


İslandiyalı alimlərin mart ayında apardığı araşdırmalar nəticəsində isə koronavirusun 40 növdə mutasiyaya uğraya biləcəyi ortaya çıxarılıb.


Bu faktlar təhlükənin hələ də bitmədiyini, önləyici tədbirlərin görülməyəcəyi təqdirdə ikinci dalğanın yaşanacağı reallığını təsdiqləyir.


Azərbaycanda dövlətin atdığı addımların əsas məqsədi ölkəmizi bu bəladan xilas edə bilmək, prosesdən daha az itki ilə çıxmaqdır. Təsadüfi deyil ki, gündəlik 150 milyon manata qədər iqtisadi zərərə baxmayaraq, dövlət karantin rejiminin bütün qaydalarını tətbiq etdi, hətta evində qalan vətəndaşların hər birinə bu və ya digər formada dəstək göstərildi. Bu dəstək davam etməkdədir. Buna paralel olaraq, dünya ölkələrinin karantin rejimini yumşaltması təcrübəsi də tətbiq olunur. Lakin bu həm də ikinci dalğa təhlükəsini artırır. 

 


İkinci dalğanın yaşanmaması üçün nə etməliyik?


ÜST bütün dünya ölkələrinə sərhədlərin eyni vaxtda açılmamasını, məhdudlaşdırıcı tədbirlərin hamısının birdən ləğv edilməməsini tövsiyə edir. Çünki tarix və mövcud vəziyyət ikinci dalğanın olacağı ehtimalını gücləndirir.


Azərbaycanda hökumət karantin rejimini tam olaraq ləğv etməyib. Tədris prosesinin hələ də onlayn formada davam etdirilməsi bunun əyani nümunəsidir. Ən böyük təhlükə vətəndaşların vəziyyətin ciddiliyini düzgün anlamamasıdır.


Vətəndaşların karantin rejiminin yumşaldılmasını təhlükənin tam sıradan çıxması kimi başa düşməsi mənfi nəticələrə gətirib çıxara bilər və bu dəfə yoluxma daha kütləvi hal ala bilər. Bunun üçün karantin rejimində tətbiq olunan qaydalara əməl etmək olduqca vacibdir. 

 

Bu gündən ictimai iaşə obyektlərində qadağalar başladı - VİDEO

 

Xüsusilə kütləvi tədbirlər keçirilməməli, şənliklər yaxud digər əyləncə xarakteri daşıyan, insanların toplaşdığı kimi mərasimlərə icazə verilməməlidir. Vətəndaşlar da zərurət olmadığı halda evdən çıxmamalı, bütün hallarda öz sağlamlıqları üçün gigiyena qaydalarına əməl etməlidirlər.


Əks təqdirdə, ikinci dalğadan sağlam çıxmaq çətin olacaq. Çünki pandemiyalarda ikinci dalğa daha ağır, itki daha çox olur. Əgər hər bir vətəndaş üzərinə düşəni etsə, qaydalara tabe olsa, bəladan tam xilas olacağımız tarix uzaqda deyil. Bunun əksini etmək həm kütləvi yoluxmaya, həm də daha sərt məhdudiyyətlərin tətbiqinə səbəb ola bilər. 


İlk növbədə öz sağlamlığı və həyati üçün bunu hər kəs nəzərə almalıdır...


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top