“Çöndüm ki, qardaşım dizi üstə çöküb, elə bildim öldürür” — Bir qətlin TARİXÇƏSİ

KRİMİNAL 30 apr 2020, 09:30

Şirvan şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yaşar Məmmədov 17 avqust 2017-ci il tarixdə, saat 12 radələrində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Əvəz Əliyev ilə telefonla danışaraq 2 ay əvvəl ona satmış olduğu “Hermes” adlı ətirin pulunun ödənilməməsi səbəbi ilə mübahsiə edib.


Həmin vaxt Əvəz Əliyev bu məsələnin aydınlaşdırılması məqsədilə Yaşar Məmmədovu Şirvan şəhəri, Xəqani küçəsi 1-də yerləşən “Söyüdlü” kafesinin qarşısına çağırıb. Yaşar Məmmədov qardaşı Anar Məmmədov ilə birlikdə həmin görüş yerinə gəlib.


Orada Yaşar Məmmədov bu məsələni bir daha Əvəz Əliyevlə müzakirə edib, ona satmış olduğu ətirin pulunun ödənilməməsi səbəbindən yenidən Əvəz Əliyevlə mübahisə edib.


Əvəz Əliyev Yaşar Məmmədovla bir daha görüşəcəyini deyərək oradan uzaqlaşıb. Əvəz Əliyev həmin gün saat 13.40-da Anar Məmmədova zəng edib, onları Şirvan şəhəri, Şirvan-Salyan yolu istiqamətində yerləşən “Qardaşlar” kafesinə çağırib.


Yaşar Məmmədov da qardaşı Anar Məmmədovla birlikdə həmin yerə gəlib. Əvəz Əliyev telefonla Anar Məmmədova zəng edərək avtomobillə bir qədər irəliyə gəlmələrini bildirib. Anar Məmmədov idarə erditi “Mercedes Benz” markalı avtomobillə Əvəz Əliyevin dediyi istiqamətdə hərəkət edib və Əvəz Əliyevin əyləşdiyi “Mercedes Benz” markalı avtomobili görərək onun arxasınca Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, “Şirvan İstilik Elektrik Stansiyası”nın yaxınlığında yoldan təqribən 700-800 metr aralıda yerləşən boş əraziyə gəliblər.


Orada avtomobili saxlayıb və yerə düşüblər. Həmin vaxtı  Anar Məmmədovun tələbi ilə olduğu yerdə gözləyən Yaşar Məmmədov Əvəz Əliyevin əlində olan “Makarov” konstruksiyalı odlu silahın qundağı ilə qardaşının başına vurduğunu görüb.


Bu hərəkətinə görə qisas almaq məqsədi ilə Əvəz Əliyevi öldürmək qərarına gəlib. Bu məqsədlə avtomobilin yük yerindəki qabaqcadan qoyduğu ov bıçağını götürüb, Əvəz Əliyevin üstünə cumub. O, bıçaqla Əvəz Əliyevin bel, sinə və sol qol nahiyələrinə 3 zərbə vuraraq ona xəsarət yetirib. Əvəz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Yaşar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, mərhum Əvəz Əliyevlə əvvəllər münasibətlari yaxşı olub, aralarında heç vaxt hər hansı bir münaqişə olmayıb: “Bir müddət əvvəl Əvəz məndən ətir almışdı, pulunu hissə-hissə ödəyəcəyi barədə razılaşmışdıq. Lakin bir gün Əvəzə zəng edərək ətrin pulunu istədim. Bu zaman Əvəz məni nəlayiq söyüşlər söydü. Mən də qardaşım Anarla birlikdə Əvəzlə görüşüb, nə üçün belə danışmasını soruşdum. Əvəz mənimlə mübahisə etdi, bizdən ayrıldı. Sonra yenidən Əvəz Anara zəng vurdu, bizi çayxanaya çağırdı. Biz “Çılpaqlı” qəsəbəsinə çatanda Əvəzə zəng vurdu. Bizim maşını gördüyünü, onun arxasınca gəlməyimizi tapşırdı. Avtomobillə Əvəzin dediyi istiqamətə sürdük. Əsas yoldan xeyli aralı avtomobili sürərək bəndin üstünə çıxdıq. Bəndin üzərində boş ərazidə dəmir turba olduğuna görə Əvəzin olduğu avtomobil bizdən solda, onlbiz isə onun sağında saxladıq. Əvvəl Əvəz avtomobildən düşdü və əli ilə məni çağırdı. Qardaşım Anar Əvəzin çağırdığı istiqamətə getdi. Mən siqaretini götürmək üçün avtomobilin yanına qayıtdım. Həmin vaxt Elvin hər iki avtomobilin ön tərəfinə yaxın, Emin və Eldəniz isə avtomobillərin arxa tərəfində gördüm. Namiqdə onların yanında olub. Avtomobildən siqaretini götürərək Anar və Əvəz tərəfə çöndüm. Siqareti yandıranda Əvəzin hansısa əlində olan sonradan tapança kimi gördüyüm əşya ilə Anarın başına vurduğunu gördüm. Əvəz Anarın başına vurduqdan sonra geri çəkildi, əlində olan tapançanı dolduraraq Anara tərəf tuşladı, atəş açmaq istədi. Anar həmin vaxt dizi üstə çökmüş vəziyyətdə əlləri başında olub”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, dərhal avtomobilin yük yerindən bıçağı götürüb və Anara tərəf qaçıb: “Əvəzin qarşısına keçdim, qışqıraraq “Əvəz neynirsən” dedim. Əvəz isə sağ əlində olan tapançanı yenə də bir dəfə doldurub və mənə tərəf tuşladı. Əvəzin tapança olan sağ əlindən tutdum. Əvəzdə öz sol əli ilə mənim yaxamdan yapışdı. Bu vəziyyətdə biz kolluğa tərəf düşərək dalaşmağa başladıq. Əvəz sol əlini mənim başımın arxasından keçirdirərək tapança olan əlimə tərəf gətirdi və sol əli ilə də tapançadan tutdu, “sənidə onun yanına göndərəcəm” dedi”.


Təqsirləndirlən şəxs qeyd edib ki, dalaşan zaman Əvəz təsadüf nəticəsində xəsarət alıb: “Bu vaxt Əvəz sinəsi qanlı vəiyyətdə kolluğun arxasınca bəndin üstünə qalxdı. Bir-iki saniyə yerində dayanaraq kolluğun dibinə tərəf aşdı. Orada olan şəxslər Əvəzin yıxıldığı yerə gəldi, birlikdə onu oradan götürdük, avtomobilin arxasına qoyduq. Sonra Anarla birlikdə Əvəzi tez xəstəxanaya çatdırdıq. Sonra könüllü polis şöbəsinə gedərək törətdiyim cinayət əməli barədə məlumat verdim”.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Yaşar Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.


Yaşar Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Yaşar Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top