Bu informasiyalardan Ermənistan Azərbaycana qarşı istifadə edir... — RƏY

SİYASƏT 29 apr 2020, 13:06

Son vaxtlar orduda aparılan islahatlar nəticəsində xidmətdən uzaqlaşdırılan bir neçə keçmiş zabitin orduya qarşı sosial şəbkələrdən intensiv anti-təbliğatının şahidi oluruq. Görəsən müharibə şəratində olan bir ölkədə bu cür antitəbliğat kampaniyaları nəyə xidmət edir? Xüsusən də bu kimi informasiylar dərhal Ermənistan mətbuatında Azərbaycana qarşı aparılan informasiya müharibəsində istifadə olunursa...


Məsələ ilə bağlı general-leytenant Yaşar Aydəmirov və sabiq millət vəkili Fərəc Quliyevlə əlaqə saxladıq. 
 

General-leytenant Yaşar Aydəmirovun sözlərinə görə, istefada olan zabit ordu haqqında neqativ açıqlamalar verməməlidir: 


"Ehtiyatda, ya istefada, harda olursa-olsun, zabit öz ordusu haqqında heç bir neqativ söz danışmamalıdır. Əgər orada müəyyən problemlər olsa belə, susmalıdır. Vəssalam. Olmaz... Zabit  heç nəyi danışmamalıdır. Problem varsa, müraciət eləsin, ölçü götürülər. Onların cəzası öz vicdanlarıdır". 
 

Sabiq millət vəkili Fərəc Quliyevin fikrincə, istənilən vətəndaş öz ordusunun, dövlətinin müharibə vaxtında vəziyyətini nəzərə almalı və dediklərini daxili senzuradan keçirməlidir: 


"Davranışlarına, fikirlərinə diqqət etməlidir. Siyasətçilər ordu ilə bağlı açıqlama verəndə hər şeyi nəzərə almalıdırlar. Ola bilər ki, orduda hər hansı neqativ çatışmazlıq, yaxud da hər hansı qüsur olsun. Bunu ancaq komandir heyətinə çatdırmaq, yaxud da daxili qaydada həll eləmək lazımdır. Bunu ictimailəşdirmək doğru deyil. Üstəlik də təqaüdə çıxan hərbiçilər, istefaya gedənlər, ehtiyatda olan zabitlər, döyüşçülər hər an əməliyyatlarda iştirak edə bilərlər. Bu kimi məqamlarda belə, olan neqativləri gizlətməlidirlər. Amma olmayan nəyisə qabartmaq, bu cür davranmaq, üstəlik də onu sosial şəbəkədə müzakirə etmək təbii ki, bizə yaraşan iş deyil. Düşünürəm ki, belə məsələlərdə onların hər biri haqqında ciddi ölçü götürülməlidir. Azərbaycan qanunvericiliyində belə məsələləri nəzərə alan kifayət qədər qanunlar var. Düşünürəm ki, bu məsələdə həm də jurnalistlərin üzərinə iş düşür. Üstəlik də sosial şəbəkələrdə bəzi qruplar həmin adamların narazılıqlarından dövlətə qarşı istifadə edirlərsə, bu, uyğun ifadə forması deyil. Məgər bunlar kiminsə fitvası ilə iş görürlər? Onlar uşaq deyil, zabitdirlər. Mən çağırış edirəm onlara, dərhal belə məsələlərə son qoysunlar. Onlara xəbərdarlıq  olunmalı və ölcü götürülməlidir. Azərbaycan ordusu kifayət qədər oturuşmuş ordudur. Dünyanın hər bir ordusunda çatışmazlıq var. Hər hansı çatışmazlıq varsa, bunların həlli yolları da var. 


Hər tərəfdən üstümüzə gəlirlər. Basqılar var, ölkəmizi zəiflətməyə çalışırlar. Cəmiyyətdə parcalanma yaratmaq istəyirlər. Vətəndaşla dövlət arasında himayə mexanizmini pozmaq istəyirlər. Belə məqamlarda hərbicilərimizə bu cür davranış yaraşmaz. Hesab edirəm ki, birinci ictimai qınaq olmalıdır, bu adamlar nəticə çıxarmalıdır. Çıxarmayacaqlarsa, qanunun ən sərt üzündən istifadə olunmalıdır. Ermənilər bundan bizə qarşı istifadə edirlər. Hamı bizi izləyir. Bu, ideoloji savaşdır. Ona görə mən narahatam. Bunları təşkil edən düşmən əlinə əsas verə bilmərik".


Qeyd edək ki, 2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəsi işləmiş, hazırda ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov, habelə ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə son vaxtlar sosial şəbəkələrdə müxtəlif hesablar yaradaraq, Azərbaycan ordusu ilə bağlı müxtəlif səpkili neqativ materiallar paylaşırlar.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top