Müxalifət çalxalanır — Milli Şura REAL, Altay Göyüşov Sevinc Osmanqızı ilə üz-üzə...

SİYASƏT 27 apr 2020, 22:04

Müxalifət düşərgəsində yeni savaş başlayıb.


Bu dəfə REAL və əsas özəyini AXCP təşkil edən Milli Şura bir-birini “qırır”. Virtual qarşıdurmaya səbəb isə, Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verməsi, Məmmədova 234 min, Cəfərova isə 57 min 400 manat mənəvi təzminat təyin etməsidir. 


Cəbhəçilər açıq şəkildə barələrində qərar çıxarılanları aşağılayır, onları hakimiyyətlə anlaşmada ittiham edirlər. Bunlar olmadan belə qərarın verilməsinin mümkünsüz olduğu vurğulanır. 

 

 

Savaş təkcə REAL-Milli Şura arasında getmir. ABŞ-dan internet üzərindən canlı yayımlar təşkil edən jurnalist Sevinc Osmanqızı ilə REAL-ın sabiq funksioneri, tarixçi alim Altay Göyüşov arasında ciddi gərginlik yaranıb. Buna da səbəb jurnalistin verilişlərinin birində A.Göyüşovu sərt şəkildə tənqid etməsidir. 

 
S.Osmanqızının bu statusu gərginliyi birə-on qat artırıb: ““Qədeşbala” professor Altay Göyüşöv məni bəyənmir, təəccüblənmirəm, amma “fırıldaq” dediyi nədir? Mən onun kimi gah REAl-a girib, gah çıxıb, gah yenə girib, yenə çıxmıram. Çörək kəsdiyim dostlarımı (Azər.. İlqar...Erkin...) bir-bir satmıram. Burada Vaşinqtonda qrant alıb, “mən Azərbaycana getsəm, həbs edərlər” deyib, sonra rahat Azərbaycana qayıtmıram. Mən 30 il əvvəl nə etmişəmsə, indi də onu edirəm. Doğru bildiyimi müdafiə edir, yanlış bildiyimi tənqid edirəm. Allah qismət etsə, həyatımın bir o qədərini də bunu edəcəm. Dostlar, siyasət riyakarlıq demək deyil. Onu bu vəziyyətə salıblar. Siyasətdə şəxsiyyəti bütöv, sözləri əməllərini tamamlayan, ləyaqətli adamlar olmalıdır. Onlar ziyalı yox, ziyanlıdırlar. Hesabatlı olacaqsan - hər əməlinə, hər sözünə görə. Əvvəl şəxsiyyət, sonra siyasət! Biz Azərbaycana bu mühiti gətirəcəyik. Yaşasın Azərbaycan”.

SSRİ hokkeydə Amerikaya uduzanda ağlayırdım<font color="red ...

 

A.Göyüşov son olaraq, belə bir status paylaşıb: “İki gündə İsmayılın başına gələnlər, bir daha bizim qənaətlərimizi sübut etdi. Tutaq ki, hakimiyyət də qrant ittihamı ilə kimisə xalq düşməni elan edir, iqtidara müxalif olub, amma sistemə müxalif olmağı bacarmayanlar da bunu edir. Hakimiyyət də opponentlərinə qarşı şər, böhtan, iftira atır, Əliyevə müxalif olub sistemə müxalif ola bilməyən qaragüruh da opponentlərinə qarşı eyni üsullardan istifadə edir. Hakimiyyət də opponentlərinə ermənipərəst deyir, iqtidara müxalif olub, sistemə müxalif ola bilməyənlər də opponentlərində erməni qanı axtarır. İsmayılın başına gələn birinci hadisə sübut etdi ki, dəyər məsələsində bəzi guya hakimiyyətə müxalif şəxslər liberal-demokratik dəyər daşıyıcısı filan deyillər. Əslində müxalifliyi gözdən salmaqla, bununla da mövcud sistemi möhkəmləndirməklə məşğuldurlar, bilərəkdən, ya bilməyərəkdən. Güman edirəm ki, dar düşüncəli Mirzəyeva (Sevinc Osmanqızı) bu biabırçılığa etiraz edən Cəmil müəllimi çörək kəsdiyi dostlarını satmaqda günahlandırmaz. Əlindəki vasitədən adekvat istifadə etməyi bacarar. Əks təqdirdə fəaliyyəti ölkədə liberal-demokratik sistemin qurulmasına deyil, feodalizmin möhkəmlənməsinə dolayısı ilə xidmətdir. Ya biclikdən, ya bisavadlıqdan, burasını artıq bilmirəm... Ona görə də bu sistemin qurulmasında, onun formalaşmasında əvəzsiz xidmətləri olmuş Əli İnsanov kimilər hakimiyyətdən incik düşən kimi müxaliflər onu qollarını açıb qucaqlayırlar. Çünki davaları sistemin mahiyyəti ilə deyil. Dəyişiklik xalq fərqi görəndə və məhz bu fərqi gördüyünə görə mübarizəyə ruhlananda olacaq”.

 

 

Müxalifət düşərgəsində bu cür savaşları sərt şəkildə tənqid edən qüvvələr də var. Onlar hesab edirlər ki, belə hallar ümumi düşərgəni cəmiyyət arasında nüfuzdan salır, mövqelərə ciddi zərbə vurur. 

 

Əli Orucov - AMİP - YouTube

 

AMİP katibi Əli Orucov yaşanan qarşıdurmadan təəssüfləndiyini dilə gətirdi: “Müxalifət düşərgəsində qarşıdurmalar və didişmələr həmişə olub və bundan sonra da olacaq. Sanki bəzi siyasi qüvvələrin işi-gücü müxalifət daxilində gərginlik və qarşıdurmalar yaratmaqdan ibarətdir. Düzü, Milli Şura ilə REAL arasında qovğanı təəssüflə izləyirəm. Belə hallar baş verməməli idi. Amma müxalifət düşərgəsinin indiki çətin durumunda bu cür davranışların nə dərəcədə doğru olub-olmadığına özləri qərar verməlidirlər. Mən siyasi mübarizədə etik normaların və milli əxlaqi dəyərlərin gözlənilməsinin həmişə tərəfdarı olmuşam. Mühafizəkar partiya olaraq AMİP də bu günədək çərçivələri gözləyib, təhqirlərə və aşağılamalara yol verməyib. Təbii ki, siyasi partiyalar və onun istər liderləri olsun , istərsə də funksionerləri, cəmiyyət üçün bir etalondur. Onların davranışları, ifadələri, hərəkətləri nümunə olmalıdır. Ancaq pis yox, yaxşı nümunə. Ona görə də hesab edirəm ki, hər kəs danışıqlarının və bəyanatlarının, seçdiyi sözlərin fərqində olmalıdır. Üzərində bir məsuliyyət hiss etməlidir. Çünki müxalifətdaxili hansısa siyasi qüvvələrin qarşılıqlı ittihamları və münasibətləri ümumi düşərgənin həm daha da zəiflədilməsinə, həm də cəmiyyətdə nüfuzdan düşməsinə gətirib çıxara bilər. Milli Şura ilə REAL arasında baş verən xoşagəlməz qovğa, didişmələr nə cəmiyyətə, nə də müxalifətin inkişafına zərərdən başqa heç nə vermir. Heç kim “süddən çıxmış ağ qaşıq” deyil”. (Musavat.com)

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top