“Paşinyanın davranışı müharibəni yaxınlaşdırır" — Hərbi ekspert

SİYASƏT 27 apr 2020, 20:38

Ermənistan tərəfinin məntiqdən kənar bəyanatları müharibəni yaxınlaşdırır. Ancaq müharibənin nə zaman baş verəcəyini konkret demək olmaz. Şəxsən mən müharibənin bu il baş verəcəyinİ zənn etmirəm. Fikrimcə, erməni tərəfinin məntiqdən uzaq açıqlamaları ilə yanaşı başqa faktorlar da təsir etməlidir ki, diplomatik müharibə qaynar müharibəyə keçsin.

 

Demokrat.az bildirir ki, bu sözləri teleqraf.com-a hərbi ekspert Azad İsazadə son danışıqlar prosesindən sonra erməni tərəfinin hərəkətlərini şərh edərkən deyib.


Onun fikrincə, indi müharibənin baş verməsi üçün əlavə amillər hələlik yoxdur:


“Ancaq müharibə riski həddən artıq çoxalıb. Praktiki olaraq, ermənilər danışıqlar prosesindən çıxıblar. Bütün danışıqları artıq dayandırmalıyıq. İstəsələr özləri danışıqları bəpa etsinlər. Biz ya Minsk Qrupu, ya da başqa amillərə görə hələlik kəskin mövqe səsləndirməmişik. Əgər diqqət etsəniz, görərsiniz ki, kəskin mövqenin ifadə edilməməsi Milli Məclisin son iclası zamanı da narazılıqla qarşılanıb.


Açıq qeyd ediblər ki, bizim cavablar nisbətən yumşaq, diplomatik olub. Hətta deputatlar xarici işlər nazirinin Milli Məclisdə hesabat verməsi məsələsini də qaldırdı. Hesab edirəm ki, Azərbaycan tərəfinin son danışıqlar prosesindən sonra yumşaq və diplomatik reaksiya verməsinin başqa səbəbləri də ola bilər. Məsələn, Azərbaycan tərəfi Paşinyanın daxili siyasətdə elektoratını itirməməsi, “Qarabağ klanı” qarşısında zəifləməməsi və onlar arasında rəqabətin açıq müstəviyə çıxması üçün belə mövqedən çıxış edə bilər”.


Ekspert hesab edir ki, biz erməniləri diplomatik baxımdan zəif hesab etməməliyik:


“Onlar sözsüz ki, çıxılmaz vəziyyətə düşəndə prosesi uzadırlar ki, bəlkə siyasi vəziyyət xeyirlərinə dəyişdi. Məncə, biz indi diplomatik hücuma keçməliyik. Sözsüz ki, hərbi hücuma həmişə keçə bilərik. Amma burada çətinlik erməni ordusu deyil, beynəlxalq təzyiqlərlə rastlaşma təhlükəsidir. Etirazlar olar ki, dünya koronavirusla mübarizə aparır, sizsə burada müharibəyə başlayırsınız. Bu baxımdan biz siyasi aktivliyi gücləndirməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top