ABŞ-da koronavirusdan ölən azərbaycanlı harada dəfn olunacaq?

DÜNYA 27 apr 2020, 15:00

ABŞ-da koronavirus pandemiyasından dünyasını dəyişən azərbaycanlı Natiq Qasımovun həyat yoldaşı mərhumun cənazəsinin Vətəninə göndərilməsi üçün kömək gözləyir.

 
Demokrat.az xəbər verir ki, Farzadə Qasımova həyat yoldaşının ABŞ-da deyil, Azərbaycanda dəfn olunmasını istədiyini bildirib: “Biz on ildir ABŞ-da yaşayırıq, iki qızımız və bir oğlumuz var. Qızlarım Azərbaycanda yaşayır, oğlumuz isə Kanadadadır. Natiq Azərbaycanla nəfəs alırdı. Nyu-Yorkda Azərbaycanla bağlı keçirilən elə bir tədbir yox idi ki, orada iştirak etməyək. Onun Azərbaycanda dəfn olunması üçün ölkəmdən, dövlətimdən kömək istəyirəm”.

 
Onun sözlərinə görə, N.Qasımov, təxminən, 22 gün öncə xəstəxanaya aparılıb: "Əvvəllər onun səhhətində heç bir problem olmayıb. Vəfat etdiyinə hələ də inana bilmirəm. Qızdırması vardı, nəfəs darlığından əziyyət çəkirdi. Özünü yaxşı hiss etmədiyini dedi və təcili yardıma zəng etdik. Xəstəxanada analizlər verdik, vəziyyəti günbəgün yaxşılaşırdı. Ancaq sonradan nə oldu bilmirəm. Hərarəti 40 dərəcəyə qalxdı və onu xüsusi nəfəs aparatına qoşdular. Mən hesab edirəm ki, Natiq həmin xəstəxanada infeksiyaya yoluxdu. Artıq böyrəkləri işləmirdi. Halbuki xəstəxanaya gedəndə onun heç nəyi yox idi”.

 
F.Qasımova Azərbaycanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxladığını deyib: "Səfirlikdən Natiq Qasımovun ABŞ-da dəfn olunması üçün bütün zəruri yardımı göstərəcəklərini söylədilər. Onun başının üzərində belə qara buludların olduğunu hardan bilərdik? Tam hazırlıqsız vəziyyətdə yaxalandıq. Səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi bizə dəstək üçün hazırdır. Həyat yoldaşımın hələlik Nyu-Cersi ştatındakı Azərbaycan qəbiristanlığında dəfn olunmasını məsləhət görürlər. Çünki onun koronavirusdan ölməsi səbəbindən hələlik Vətənə aparılmasının mümkün olmadığını deyirlər. Bütün qohumlarımızın hamısı Azərbaycandadır. Mən istəyirəm ki, həyat yoldaşım orada dəfn olunsun. Əgər bunun üçün şans varsa, mənə köməklik olunmasını istəyirəm. Əgər onun cənazəsini Azərbaycana apara bilsəm, bir qədər təsəlli taparam”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top