Bakıda dəhşətli cinayət törədənin əmisi oğlu həbsxanada qaydaları POZDU

KRİMİNAL 27 apr 2020, 11:12

Bakıda qətl törədən Amin Kazımovun əmisi oğlu Samir Kazımovun  barəsində cinayət işi başlanıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Samir Kazımova qarşı Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham elan edilib.


Onun barəsində olan cinayət işi baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Teymur Qurbanovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub.


İttihama görə, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Amin Kazımov ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Samir Kazımovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilib.


Baxış zamanı Samir Kazımovun ayaqqabısının daban hissələrində xüsusi üsulla gizlədilmiş 1 ədəd Samsung markalı mobil telefon aparatı və daxilində danışıq kartı olan 1 ədəd Bright Quick markalı mobil telefon aparatı aşkar edilib.


Qeyd edək ki, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Amin Kazımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2017-ci il, martın 4-də Amin Kazımov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.


Cinayəti törədən Amin Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.


Qeyd edək ki, Amin Kazımov Yaşar Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.


Hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Bu zaman tərəflər mübahisə edib.


Amin Kazımov ifadəsində bildirib ki, Yaşar Məmmədov onu söyüb. Hadisə də məhz həmin söyüş üstündə baş verib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top