Prezidentin vətəndaşa xidmət edən SOSİAL SİYASƏTİ

TƏHLİL 18 apr 2020, 14:28

Dünyanı karantin rejiminə keçməyə məcbur edən COVİD-19 pandemiyası işsizliyə və aclığa da səbəb olub. Müxtəlif ölkələrdə özəl sektor çökür, bağlanan müəssisələr işçilərini bir daha qayıtmamaq üçün evə göndərir, insanlar aclıqla sınağa çəkilirlər. İnkişaf etmiş Avropa ölkələri və ABŞ-da son statistikaya görə, milyonlarla insan işini itirib və qida çatışmazlığı ilə üz-üzə qalıblar. Hökumətlərin hazırladığı dəstək proqramları ya işləmir, ya da hər kəsi əhatə etmir. 


Dünyanın bu dəhşətli mənzərəsi Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində dövlətin sosial-iqtisadi dəstək istiqamətində həyata keçirdiyi işlərin nə qədər həyati əhəmiyyət kəsb etdiyini anlamağa imkan verir. 


Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, burada işsizlik problemi yaşanmadı, vətəndaşlar sosial çətinliklə üzləşmədi, hər bir vətəndaş dövlətin qayğısını hiss edir, nəinki iş yerləri bağlanır, əksinə yeni iş yerlərinin yaradılması sürətlənir.

 


Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planı bu proseslərin ana xəttini təşkil edir. Plana uyğun olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə hazırlanan 4 istiqamət özündə 10 tədbiri əhatə edir. Bununla yanaşı, aprelin 17-də dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsaitin ayrılması Azərbaycan sosial dövlət olduğunu əyani sübutudur.


Dünya ölkələri işsizlik və sosial-iqtisadi çətinliklə üzləşdiyi halda Azərbaycanda nə baş verir? 


İlk növbədə iş yerləri və əmək haqlarının qorunması istiqamətində mühüm addım atıldı. Dövlət və qeyri-dövlət sektoru üzrə 1 milyon 629 min işçinin (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Dövlət nəzarətinin gücləndirilməsi əmək müqaviləsinin sayında ciddi artımla da müşahidə olundu. 


Rəsmi statistika: 1 aprel - 17 aprel: 55 min artım; 1 yanvar - 17 aprel: 77 min artım.


Bununla yanaşı, dövlət tərəfindən 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Pandemiyanın ən çox zərər vurduğu məhz bu təbəqədir, çünki muzdlu işçilər adətən gündəlik qazanc əldə edirlər, eləcə də sahibkarlıq subyektləri karantin rejiminin tətbiqinə görə fəaliyyətini dayandırmışdı. Lakin dövlət vətəndaşın sağlamlığını düşündüyü kimi, onun sosial-iqtisadi rifahını da unutmur.

 


Digər mühim məqam əhalinin məşğulluq imkanlarının artırılması, yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.


Bu il ərzində əlavə iş yerlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). 
Banklarla da əməkdaşlıq həyata keçirlir. 


Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Dünya Bankı ilə layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək.


BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

 


Dövlət heç bir vətəndaşını unutmur


İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə start verilib. Birdəfəlik ödəmə əvvəlcə 200 min şəxsi əhatə etsə də, Prezident İlham Əliyevin qərarı ilə 600 min şəxsə ödəniləcək. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində -  2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, mayın əvvəlinə qədər 600 min şəxsin hər birinə ödəniş ediləcək. Ödəmələr aprel-may aylarını əhatə edəcək. 


Lakin dövlət bununla kifayətlənmir. Belə ki, növbəti mərhələdə birdəfəlik ödəmə alan, yəni işsiz və işini itirmiş şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.


Bununla yanaşı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb.

 


Həssas təbəqələrin sosial müdafiəsi gücləndirilir


Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər Azərbaycanın “sosial dövlət” modelinin bariz nümunəsidir. Faktlar reallığı özündə əks etdirir:


Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənildi. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. 


Ünvanlı dövlət sosial yarımının verilməsi daha da sadələşdirildi. Belə ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

 


Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Lakin bütün bunlar dövlətin sosial qayğının hamısı deyil. 


2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və  bunun üçün 2.6 milyon manat ayrılıb. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində) 40 milyon manatdır.


Vətəndaşa xidmət edən sosial siyasət bundan sonra da davam etdiriləcək. Çünki dövlət başçısnın bəyan etdiyi kimi, “Azərbaycan dövləti daim vətəndaşın yanındadır” və bu dövlətə “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” prinsipini daim əsas tutan Prezident İlham Əliyev rəhbərlik edir.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top