“ASAN xidmət”in vəzifəli “işçisi” vətəndaşları necə aldadıb? — Şok cinayət işi

KRİMİNAL 15 apr 2020, 10:01

Özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan 1992-ci il təvəllüdlü Raiq Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Raiq Mürsəlov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü guya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib.


O, Yetər Piriyevaya övladı Elnur Piriyevi “ASAN xidmət” mərkəzində nəzarətçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib.


2017-ci ilin avqust ayında Xətai rayonu ərazisində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzinin inzibati binasındakı çayxanada Yetər Piriyevadan 3.000 manat pulu alıb.


Bundan sonra Raiq Mürsəlov qeyd olunan işin alınmadığını bildirərək Elnur Piriyevi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Vətəndaşların qəbulu şöbəsində mütəxəssis” vəzifəsinə işə qəbul etdirəcəyi barədə eyni üsulla yalandan vəd verib. O, həmin ilin noyabr ayında Xətai rayonu ərazisində yerləşən “Bizim market”in qarşısında Yetər Piriyevadan  əlavə olaraq 1.300 manat alıb.


Daha sonra Raiq Mürsəlov Yetər Piriyevanı inandırmaq məqsədilə Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 248-də yerləşən mənzilində özünə məxsus kompüterdə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri tərəfindən verilməsi görüntüsü yaradan sənəd hazırlayıb. Həmin sənədə əsasən guya Elnur Piriyev 5 saylı Bakı “ASAN xidmət” mərkəzində vətəndaşların qəbulu şöbəsində mütəxəssis kimi işləməsinə dair əmr imzalanıb. Raiq Mürsəlov həmin sənədi Yetər Piriyevaya təqdim edib.


Bundan başqa, o, özünü 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin oktyabr ayının sonlarında Ramilə İsmayılovaya övladı Ceyhun Əlizadəni “ASAN xidmət” mərkəzinə baş mühasib vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib. O, Ramilə İsmayılovaya 6.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib və əmin tarixdə Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığında ondan 3.000 manatı alıb.


Bundan sonra Ramilə İsmayılova aldadıldığını başa düşüb və qalan məbləği verməkdən imtina edib. Bu səbəbdən o, Ramilə İsmayılovadan qalan məbləği ala bilməyib.


Daha sonra Raiq Mürsəlov Bakı şəhər sakini Adil Nuriyevi “ASAN xidmət” mərkəzlərindən birinə baş məsləhətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verərək ondan 7 min manat, Mingəçevir şəhər sakini Samir Seyidməmmədovu sektor müdiri düzəldəcəyi adı ilə 11 min 500 manat alaraq dələduzluq edib.


Raiq Mürsəlovun daha bir dələduzluq əməli isə Mingəçevir şəhər sakinlərinə qarşı olub. O, özünü 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək Mingəçevir şəhər sakini İntiqam Musayevi sözügedən şəhərdə açılacaq “ASAN xidmət” mərkəzinə mühafizəçi kimi, arvadı Ziba Musayevanı isə həmin mərkəzdə qeydiyyatçı kimi işə düzəldəcəyi barədə yalandan vəd verib. O, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə 3.500 manat, arvadı Z.Musayeva üçün isə 2.000 manat verilməsi müqabilində həll edəcəyini bildirib.


Daha sonra Raiq Mürsəlov İntiqam Musayevdən 2017-ci ildə Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 1.000 manat, 2018-ci ilin yanvar ayında “20 yanvar” metrostansiyasının yaxınlığında 2.000 manat, bundan bir neçə gün sonra isə həmin yerdə 2.500 manat alıb.


Bundan əlavə, Raiq Mürsəlov Mingəçevir şəhər sakinlərini həmin şəhərdə açılacaq “ASAN xidmət” mərkəzinə sürücü kimi işə düzəldəcəyi adı ilə aladadaraq, onlara qarşı dələduzluq edib.O, Fərid Fərəcovdan 3500 manat, Eşlad Tağıyevdən 3000 manat, Təbriz Savxanovdan 3000 manat, Rəhman Əliyevdən 3000 manat, Abbas Əliyevdən 2500 manat alıb.


Digər şəhər sakini Hörmət Məhərrəmovu həmin mərkəzə bağban kimi işə götürəcəyini vəd verib və ondan 3000 manat alıb.


Daha sonra Raiq Mürsəlov Mingəçevir şəhər sakini Şaiq Abdullayevi sözügedən şəhərdə açılacaq “ASAN xidmət” mərkəzində sektor müdiri vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib. O, bunun müqabilində Şaiq Abdullayevdən 9.000 manat istəyuib.


Şaiq Abdullayevdə 17 yanvar 2018-ci il tarixdə Bakı şəhərində “Dənizkənarı Milli Park”da ona ilkin olaraq 4.500 manat məbləğində pulu verib.  Yanvarın 19-da isə Şaiq Abdullayevin arvadı Dilarə Abdullayeva tıərəfindən “Expressbank” ASC-nin Mingəçevir filialı vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 2.600 ABŞ dolları, eyni gündə qeyd olunan bank vasitəsi ilə eyni qaydada göndərilmiş 80 manat məbləğində pulu ələ keçirib.


Bundan başqa, o, Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzində yönəldici kimi işə düzəldəcəyi barədə yalandan vəd verməklə daha bir neçə Mingəçevir sakinin aldadıb.


Belə ki, Raiq Mürsəlovdan qızı Ayseli həmin vəzifəyə görücəyinə dair yalan vəd verərək, ondan 4000 min manat, Elnur Atakişiyevin arvadı Leylanı həmin işə götürmək üçün 3000 manat alıb.


Daha sonra Raiq Mürsəlov Bəhruz Babayevi Mingəçevir şəhərində açılacaq “Yüngül Sənaye Parkı”nda sektor yönəticisi vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib və ondan 5000 manat alaraq dələduzluq edib.


Raiq Mürsəlovun növbəti dələduzluq əməlini Saatlı rayon sakini Valeh Hüseynova qarşı edib. O, Valeh Hüseynovu 1 saylı Bakı “ASAN xidmət” mərkəzində nəzarətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib və ondan 1.500 manat alıb.


Daha sonra o, Qəbələ rayon sakini Aygün İsrafilovanı Qəbələ rayonunda yerləşən Qəbələ Regional “ASAN” Xidmət Mərkəzinə hüquq sektoruna məsləhətçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib və ondan 3000 manat alaraq dələduzluq edib.


İstintaq orqanı tərəfindən Raiq Mürsəlovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 29,178.2.2-ci (təkrar dələduzluq törətməyə cəhd), 29,178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raiq Mürsəlov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Hökmdən narazı qalan Raiq Mürsəlov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Raiq Mürsəlovun şikayəti araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Raiq Mürsəlovun şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top