Bakıdakı "novostroyka"ları tikən kənd uşaqları... — YAZI

SOSİAL 12 apr 2020, 19:38

Yeni dünya düzəni yaranır. Yeni təfəkkürlər formalaşır. Yeni yanaşmaların şahidi olmaqdayıq. Ancaq biz dövlətin qayğılarına, təşəbbüsləri və dəstəyinə rəğmən, toplum, cəmiyyət olaraq bu periodda da deyəsən, yenə ötən əsrin əvvəlindəki kimi edəcəyik: "Hamı fil boyda işlər görəndə biz siçan boyda işlər görməyə başlayırıq" ənənəsi hələ hakim olacaq.


Sübut: Dünya yıxılır, yenidən qurulur, Azərbaycanda isə hörmətli Afaq Bəşirqızının məlum ayrımçılıq açıqlaması peyda olur, qəbilə, tayfa təfəkkürü yenidən müzakirəyə buraxılır... Dünya nələri müzakirə edir, bizim gündəmdə şəhərli-kəndli söhbətidir. "Koronavirus yoluxmuş" düşüncələrdir bunlar əslində...
Əlbəttə, Afaq Bəşirqızı istedadlı sənətkardır, yaddaqalan rollar ifa edib, Söylü obrazını canlandırıb, özü də rayondan, səhv etmirəmsə, İmişlidən olan hörmətli bir kişi ilə ailə qurub. Xoşbəxt də yaşayır. Bəlkə də bu xoşbəxtliyinin nəticəsidir ki, kasıbların olması, mövcudluğu onun moralını pozur. Bəlkə də ürəyi yandığından deyib ki, rayonunda torpağı, təsərrüfatı olan adam niyə gəlib Bakıda "novostroyka"nın zirzəmisində zülüm çəkir, getsin kəndində yaşasın, işləsin.


Bəli, həqiqətdir, bu gün xeyli adam var ki, zəlzələdən, ya vəlvələdən kənddə yaşamaq istəməyib və şəhərə üz tutub, amma burada da özünə güzəran düzəldə bilmir. Əlbəttə, könül istərdi ki, şəraiti, torpağı varsa, öz yurdunda firavan yaşasın o adamlar. Ancaq inanmıram ki, kimsə kefindən şəhərə iş dalınca gəlib və fors-major halında ikiqat çətinliklər içərisindədir...
Amma bununla yanaşı, 10 minlərlə kənddən Bakıya gəlib, oxuyub yüksək mənsəb, hörmət, mədəniyyət, mal-mülk sahibi olan vətəndaşımız var. Hansı ki, onların əksəri vəzifələrə sahibləniblər, bir çoxu dövlət idarəçiliyində yüksək postlar tuturlar və siyasi, elmi, mədəni dairələrdə nüfuz yiyələridir. Ölkənin qaymaqlarından sayılarlar...


Bu, sadəcə inteqrasiyadır və heç kimə harada yaşamalı olduğunu göstərmək haqqı da verilməyib. Hər kəs özünə və öz evindən içəriyə cavabdehdir...


İnanmaq istəmirəm Afaq xanım məlum fikirləri ürək yanğısı ilə yox, rayon adamlarını aşağılamaq, küçümsəmək üçün deyib. Çünki Afaq xanım bilməmiş deyil ki, cümləsi müasir, bəzəkli görünsün deyə vurğuladığı "novostroyka"nı Bakıda ilk olaraq elə kənd uşaqları tikib. Səhv etmirəmsə, Hacı İbrahim Nehrəmli inşa edib birinci "göydələn"i. Sonra Şərurlu İsfəndiyar. Ardınca göyçaylı, tovuzlu, gədəbəyli, ucarlı, lənkəranlı və digər rayon uşaqları "novostroyka" tikiblər.. Həmin vaxtlara qədər isə Bakının mərkəzindəki iç-içə, daxma kimi evlərin 3-4-nün bir tualeti, bir hamamı vardı, siçanlar yuva salmışdı həyətlərdə... Və o məhəllələrdə narkoman əlindən tərpənmək olmurdu...
Əksər evlərin damı belə yox idi, üstünü çəp örtüb, tollayırdılar, qırlayırdılar ki, yağış yağanda ev gölməçəyə dönməsin. Şükür, oraları uçurdular, kənd uşaqları, bakılı, şəhərli oğlanlarla birlikdə yerində gözəl evlər tikdilər...


Bir də gözəl İçəri şəhər var Bakıda, onu da vaxtı ilə Şirvanşahlar dövründə əslən şamaxılılar, şirvanlılar qurub... Elita da məhz o dönəmdən sonra formalaşmağa başlayıb paytaxtımızda...


1950-60-ci illərdə isə Bakıda hansı durum olub, yəqin çoxları bilir. SSRİ-nin siyasəti nəticəsində şəhərin mərkəzində yaşayanların təxminın 60 faizi qeyri-azərbaycanlılar olub. Bakıda azərbaycanca danışılmırmış artıq... Sonra mərhum Heydər Əliyev paytaxtda milli ruhu özünə qaytarmaq, bərpa etmək, Azərbaycan dilində danışanların sayını artırmaq üçün addımlar atıb, rayonlardan xeyli azərbaycanlı Bakıya oxumağa, işləməyə gəlib. Beləcə, zaman keçdikcə 70-80-ci illərdə bir milli ruhlu adamlardan ibarət elita da formalaşıb Bakıda...


Sözümün canı odur ki, nə bakılı, nə göyçaylı, nə qazaxlı? İndi bu ölkənin dərdi, problemi kimin harada doğulması, yaşaması deyil, Afaq xanım, dərdimiz fərdi olaraq kimin hansı qafaya, mədəniyyətə, savada sahiblənə bilməsidir. Məgər bu gün bütün bakılılar, şəhərlilər hamısı yüksək sosial durumdadır? Ölkə əhalisi bütövlükdə necə yaşayırsa, neçə faizi varlı, neçə faizi kasıbdırsa, bütün bölgələr üzrə göstəricilər eynidir... Eynilə də mədəni göstəricilər bərabər paylanıb...


Bu cür söhbətlər etmək sadəcə ayıbdır... Dünya harada, biz harada qalmışıq?!


Fərdi olaraq kimsə yanlış yaşayırsa, ona doğru yol göstərmək lazımdır, kütləvi ayrımçılıq etmək "koronabeyin" - gerizəkalılıq əlamətidir...


Hə, bir də görsəniz Afaq xanıma deyərsiniz ki, gözəl Bakımızın 32 kəndində hazırda çox acınacaqlı durumda olan yüzlərlə ailədən 10-a baş çəksin, bir özünə gün ağlamış, ağbirçək stutuslu görünmək istəyən şəxs kimi köməklik etsin bu ağır günlərdə...


Elşad Məmmədli

"Yeni Müsavat"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top