Yeni böhran və yeni dövran: qloballaşmadan qlokallaşmaya

TƏHLİL 09 apr 2020, 21:33

Tez-tez televiziya efirlərindən, internet kanallarından eşitdiyimiz və kütləvi informasiya vasitələrində qarışımıza çıxan bir məvhum var: Qloballaşma. Yaxşı, bəs nədir qloballaşma? Bu terminin arxasında nə dayanır və nəyə görə həyatımızın bir çox epizodunda onunla qarşılaşırıq? Son vaxtlarda baş verən prosseslər; Koronavirus pandemiyası və onun fonunda neft qiymətlərinin kəskin azalması, maliyyə böhranları, ekoloji hərəkatlar qloballaşmaya necə təsir edəcək və ən əsası bundan sonra dünyamızı nələr gözləyir? Bütün bu suallara aşağıdakı araşdırma yazısında prossesləri addım-addım təhlil edərək cavab tapmağa çalışacağıq. 

 

Qloballaşma əsas etibarı ilə fərqli hüdudlar daxilində fəaliyyət göstərən hüquqi və fiziki şəxlər arasında hər cürə kommunikasiya və inteqrasiyanın ümumdünya səviyyəsində aparılmasını təklif edən bir yanaşmadır. Amerikalı akademik Filip Bobbitə (Philip Bobbitt) görə istehsalın və kapitalın beynəlmiləlləşməsi ilə əlaqədar olaraq, qloballaşma üçün uyğun zəmin milli dövlətlərdən bazar dövlətlərinə transformasiya şəraitində yaranır və bu prosses son illərdə özünün pik həddinə çatmışdır. 


İlk baxışda sözügedən məvhum sıravi vətəndaşlara azad ticarət, vizasız səyahət və sair səbəblərdən məqbul görünsə də, bu yanaşmanı üstün və əksik tərəfləri ilə detallı nəzərdən keçirmək faydalı olar. 


Qloballaşma, daha müxtəsər və bəsit formada ifadə etsək ölkələr arasında iqtisadi, siyasi, mədəni sərhədlərin aradan qalxmasını təlqin edən və dünyada eyni tip istehlak vərdişlərinə sahib insan yaratmağa hesablanmış kompleks bir mexanizmdir. Belə ki, sərhədlər aradan qalxdıqda insanların səyahəti il yanaşı, mal, xidmət habelə kapital dövriyyəsi asanlaşır. Beləliklə, qloballaşmanın yayğınlaşması ilə yerli bazarlar əcnəbilərə tam açılır və kapital miqdarı ilə imtiyazlar arasında parallellik yaranır. Buna nümunə kimi bəzi transmilli şirkətlərin hədəf bazarlara ağlasığmaz miqdarda kapitalla daxil olmasını və iqtisadi üstünlüyü ələ keçirməklə yanaşı siyasi üstünlüyə də yiyələnməsini göstərmək olar. 

 


O cümlədən hədəf bazarlarda vətəndaşlar da Amerika istehsalı məhsul və brendlərdən (Məs: “Coca-Cola” ,”McDonald's”, “Nike” və s.) istifadə və istehlaka bu və ya digər formada təşviq olunur. Qloballaşmanın dünyamızda bərqərar olması ilə Neo-Liberalizmin (Neo-liberalizm 1970-ci illərdən bəri iqtisadi liberalizmin ciddi önəm qazanması kimi başa düşülən və böyük dövlətdən kiçik dövlətə çevrilməyi proqnozlaşdıran bir sistemdir.) üstünlüyü geniş miqyasda təsis edilmişdir.  

 
Bütün bunlara rəğmən uzun illər dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyi gözlənilən sistem özünü doğrultmamış və dünya sakinlərinin əksəriyyəti özlərinin təmin olunmayan iqtisadi maraqları ilə yanaşı artıq biznes predmetinə çevrilmiş milli dəyərlərinin də total deqredasiyasının fonunda zamanla sözügedən nizama olan ümidlərini itirməyə başlamışlar. Bu məqamda əsasən Yaxın Şərqdə qanlı qarşıdurmalar və xaosla nəticələnən inqilablar baş vermiş, bundan sonrakı dövrdə isə dünyanın müxtəlif yerlərində ekoloji hərəkatların (Environmentalism) fəaliyyəti genişlənərək miqyas baxımından təhlükləli xarakter almışdır. Bundan bir qədər əvvəlki dövrlərdə isə davamlı xarakter alan dünya maliyyə sistemində baş verən böhranlar ələxsus, 2008-ci ildə baş vermiş Dünya Maliyyə Böhranı “Qloballaşmaya” olan inamın azalmasına səbəb olan amillər sırasındadır. Bütün bu axtarışların fonunda isə təhlükəni sezən qlobal sistemin əsas oyunçuları cavabı gecikdirmir və alternativ kimi Qloballaşmanın modifikasiya olunmuş variantı Qlokallaşma (Glocalisation) təqdim olunur. 
 

“Lokal düşün, qlobal hərəkət et!” şüarı ilə başlayan və biznes perspektivindən olduqca faydalı görünən Qlokallaşma sosioloq Robert Rolandsona görə sosial, iqtisadi və siyasi sferalarda ümumiləşdirici və spesifikləşdirici meyllərin vəhdətidir. Yəni Qlokallaşma (yeni qiyafəyə bürünən Qloballaşma) mahiyyət etibarilə müəyyən qədər yerli dəyərləri özündə ehtiva etməklə cəmiyyətlər üçün sistemlərarası keçid və yeni sistemə inam mənbəyi rolunu oynayır. Bu isə Qlokallaşmanın yalnız marketoloji aspektdən dəyərləndirilməsinin yanlış olduğuna dəlalət edir. 


Yaxın Şərq konteksində məsələni bəsit bir misalla qiymətləndirsək, son dövrlərdə bir qisim beynəlxalq “fastfood” qida şəbəkələrinin qeyd etdiyim regionda fəaliyyət göstərən restoranlarında müştərilərə təklif olunan qidaların üzərində və reklam bannerlərində  “Halal” ifadəsinin yerləşdirilməyə başlanılması heç də təsadüfi deyildir. Təbii sual yaranır ki, bu restoran şəbəkələri hansı zərurətdən sözügedən regionun dini-mənəvi dəyərini özünün marketinq siyasətinə daxil edir? 

 

Глобализация и её влияние на нашу жизнь | Makulatura | Яндекс Дзен


Bu addımın arxasında ilk növbədə şübhəsiz ki, bazar payını maksimallaşdırmaq vardır və bu tam normal qarşılana bilər. Hətta başqaları buna sosial məsuliyyət də deyə bilər, bu da tam normaldır. Lakin burada məqsədin yalnız bunlar olduğunu düşünmək sadəlövhlük olardı. Yuxarıda qeyd edilən ifadənin yayğın və nümayişkaranə istifadəsi cəmiyyətin bir qədər mühafizəkar seqmentinə xitab etməklə onların da istehlak vərdişlərini dəyişdirərək toplumun bütün kateqoriyalarına nüfuz etmək məqsədi daşıyır. 


İkincisi isə, insanların təhtəlşüuruna “Biz əcnəbi deyilik, biz heç də sizdən fərqli deyilik.” mesajının yerləşdirilməsinə cəhd olunur. Narahatlıq doğuran məqam ondan ibarətdir ki, istehlak vərdişi bu formada dəyişən insanın zamanla yaşam tərzi də dəyişməyə başlayır və bunun ardınca deqredasiya adlanan prosses qaçınılmaz olur. O cümlədən, qlobal qüvvələrin maraqlarına cavab verən lakin tətbiq olunmaq istənilən cəmiyyətə kifayət qədər yad olan ünsürlər lokal elementlərlə zənginləşdirildikdən sonra asanlıqla şüurlarda mənimsənilir.  
 

Qloballaşmaya zərbə vuran digər bir məsələ isə bu gün yer kürəsinin üzləşdiyi Koronavirus pandemiyasıdır. Onun yaratdığı ajiotaj, doğurduğu nəticələr və prosseslərin ardıcıllığı ilə əlaqədar yaranan suallar bu məsələnin tədqiqini labüd edir. Bəşəriyyətin 1960-cı illərdən bəri tanış olduğu Koronavirus, 2019-cu ilin sonunda Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində bir heyvan bazarında yeni formada peydə olmuş, ilk növbədə epidemiya ardınca da pandemiyaya çevrilmişdir. 


Mövcud xəstəliyin meydana çıxdığı ilk andan etibarən internet resurslarında onun əsas səbəbi kimi Uzaq Şərqdə yayğın olan qida vərdişləri göstərilmiş və bu qəbildən olan xəbərlər surətlə dövriyyəyə buraxılmışdır. Təbii suallar yaranır, insanların qida rasionunda ən azı son 30 ildir ciddi dəyişiklik olmayan Uhan şəhərində nəyə görə spesifik bir tarixdə bu hal ortaya çıxır? Nəyə görə ilk çıxdığı anda qarşısı asanlıqla alına biləcək virusa qarşı laqeydlik sərgilənir və nəyə görə cəmiyyət tərəfindən kifayət qədər tanınmış simalar surətlə bu xəstəliyə yoluxur? Sanki görünməz bir əl panika mühiti yaradaraq Qloballaşmanın əksik tərəflərini bizə göstərməyə çalışır. Nəticədə sərhədlər bağlanır, idxal-ixrac əməliyyatları məhdudlarşır, bütövlükdə prosseslər lokallaşır və ən əsası dövlətlər maliyyə resurslarının əhəmiyyətli hissəsini pandemiya ilə mübarizəyə xərcləməyə məcbur olur. 


Görünən mənzərədə Qloballaşma vasitəsi ilə cəmiyyətlərə nüfuz edərək yerli dəyərləri ümumiləşdirərək onları biznes predmetinə çevirən və Qlokallaşma ilə mövqelərini lokal aspektdən tam bərqərar edən və öz imiclərini istehlakçı gözündə spesifikləşdirən transmilli şirkətlər prossesin şəriksiz qalibinə çevriləcəkdir. 

 


Yəni rəqabət immuniteti zəif yerli istehsalçılar bir-bir bazarı tərk etməyə məcbur olacaq və yerlərini Qlokallaşma sayəsində “yerliləşən və milliləşən” əcnəbilərə vermək məcburiyyətində qalacaqlar. Pandemiya nəticəsində xərclənən resurslar bir sıra iqtisadi öhdəliklərin icrasına əngəl törədərək kütləvi işsizlik, inflasiya və uçot dərəcələri kimi makroiqtisadi göstəricilərə negativ təsir göstərəcək və böhran mühiti yaradacaq. 


Bununla da dövlət büdcələrində kəsrlər yaranacaq və bu kəsrlərin aradan qaldırılması üçün dövlətlər ilk növbədə daxili mənbələrdən kapital təmin etməyə məcbur qalacaqlar. Daxili mənbələrin yəni yerli bazarların Qloballaşma vasitəsilə dominant oyunçusuna çevrilmiş xarici şirkətlər dövlətlərin borclanma tələbini ödəməklə yeni imtiyazlar qazanaraq dövlətlər qarşısında da yeni öhdəliklər yaradacaqlar. Bunun ən bariz nümunəsini biz ABŞ-ın timsalında müşahidə edirik. Təqribən ötən ayın sonu Federal Ehtiyatlar Sistemi-FES  kəmiyyət yumuşalması (Quantitative Easing) siyasətini həyata keçirdərək istiqrazlar alaraq dövriyyəyə əlavə Dollar kütləsi buraxacağını eyni zamanda uçot dərəcələrini 0-0.25% səviyyəsinə endirdiyini elan etdikdən sonra ABŞ-da Koronavirusa yoluxma sayı həndəsi silsilə ilə artmağa başladı. 


FES əslində bu həmlə ilə iqtisadi durğunluğun qarşısını almaq və maliyyə bazarlarında canlanma yaratmaq üçün addım atsa da Koronavirus səbəbindən mal və xidmət dövriyyəsi minimal səviyyəyə düşmüş və insanlar qeyi-müəyyən situasiyada xərcləmə əvəzinə yığıma üstünlük vermişlər. Bu isə nəzəri olaraq önümüzdəki vaxtlarda ABŞ-da likvidlik tələsi (liqudity trap) dediyimiz təhlükəli durumun yaranmasına və nəticə etibarilə ciddi bir böhrana səbəb 
ola bilər. Bütün bu məsələlərin bir-birindən müstəqil baş verməsi ehtimalı heç də inandırıcı görünmür. Bu baxımdan yazının əvvəlində qeyd etdiyim “milli dövlətlərdən bazar dövlətlərinə keçid” ifadəsini xatırlamaq məqsədəuyğun olardı. 


Artıq ABŞ Qloballaşmanın təminatçısı rolundan çıxış edən ABŞ dollarının Birləşmiş Ştatlar daxilində dövriyyəsində və yerli iqtisadiyyatın canlanmasında maraqlıdır. Bu lokallaşdırma xarakterli addımlar Qloballaşma adlanan anlayışa vurulan ən böyük zərbələrdən ikincisidir. Birincisi isə Koronavirus pandemiyası səbəbindən dünyada xüsusilə Çində neft istehlakının azalması səbəbindən neft qiymətlərində olan kəskin azalmadır. Belə ki, bu gün dünyada 73 neft ixracatçısı olan ölkə mövcuddur. 

 


İxrac həcmi baxımından bunlarda 30 ölkə əsas ixracatçı hesab edilir. Qiymətlərin bu qədər aşağı düşməsi əsas gəlir mənbəyi neft olan ölkələr heç də yaxşı perspektiv vəd etmir. Bu qəbildən olan dövlətlərin həm gəlirləri azalacaq həm də prioritetləşmə nöqteyi-nəzərindən pandemiya ilə mübarizəyə küllü miqdarda vəsait ayırmağa məcbur qalacaqlar. Bununla da sosial öhdəliklərin yerinə yetirə bilməməsi ehtimalı qüvvətlənərək kəskin böhranlara, bu isə sosial partlayışlara səbəb olaraq lokallaşma tendensiyasını surətləndirəcəkdir. 


Son zamanlarda, dünyada geniş vüsət alan ekoloji hərəkatların keçirdiyi aksiyaların əsas məqsədi sənayeləşmənin dinamik artım tempinin qarşısını almaqdır. Hətta onların bəzi şüarları CO2 emissiya dərəcələri yüksək olan ağır sənaye məhsullarının idxal olunmasını qətiyyətlə ifadə edir. Buna misal olaraq son zamanlar ekoloji hərəkatın fenomeninə çevrilmiş bir yeniyetmənin çağırışıyla Latın Amerikasında on minlərlə insanın iştirakı ilə baş tutan aksiyaları göstərmək mümkündür. 


Şübhəsiz ki, ətraf mühitin mühafizəsi kimi xoşməramlı missiyanı özündə ehtiva edən istənilən əməl təqdirəlayiqdir. Lakin məsələlərin məntiqi ardıcıllığı bizə onu deməyə imkan verir ki, burada bir qədər fərqli məqamlar vardır. İstehsal prossesinə bu cür lokal kütləvi itaətsizlik aksiyaları ilə məhdudiyyətlərin tətbiq olunması əcnəbi istehsalçılar üçün ələdüşməz bir fürsətdir. 


Hipotez belədir ki, transmilli şirkətlər şərti olaraq “Siz istehsal etməyin, biz sizi və yerli dəyərlərinizi nəzərə alıb sizin üçün istehsal edərik.” yanaşmasını təklif edirlər. Belə olan halda daxildəki gərginlikləri və bütövlükdə siyasi immunitetinin zəifliyini nəzərə alan rəhbərliklər vəziyyətlə razılaşmağa məcbur olurlar. 


Vaxt ötdükcə sənaye məhsullarından imtina daha çox xammadə satışı ilə kompensasiya olunmağa çalışılır və əslində ətraf mühitə vurulan ziyan qat-qat artır. Bundan əlavə, ticarət balansı səmərəsiz xammal ixracının və sənayə məhsulu idxalının davamlı xarakter alması səbəbindən idxalçı ölkə əleyhində dəyişir və vaxt keçdikcə transmilli şirkətlərin davamlı səyləri nəticəsində faktiki idxaldan tam asılı vəziyyətə düşərək “Banan Respublikalarına” çevrilirlər. Tarixdə belə halların sayısız örnəkləri mövcuddur.  
 

Dünyamızda hal-hazırki vəziyyətdə az qala defolt vəziyyətinə düşən ölkələrlə yanaşı baş verən prosseslərə adekvat cavab verməyi bacaran və robustluq dərəcəsi yüksək olan iqtisadiyyatlar da kifayət qədərdir. Karbohidrogen ehtiyatları ilə zəngin və geosiyasi baxımdan müstəsna əhəmiyyətə malik olan məmləktimiz Azərbaycan da bu ölkələrin sırasına aid edilməkdədir. Sistemli riskləri standardlaşdırılaraq onlara qarşı effektiv model formalaşdıran Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əlahiddə əhəmiyyət kəsb edən addımlar atmış və hüdudları daxilində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maddi-texniki bazalarının gücləndirilməsi fonunda onları “Made in Azerbaijan” brendi altında ixraca təşviq etmişdir. 

 

Кургинян: глобализация задумывалась под господство США, а ...


Qeyd edilən düşünülmüş addımlar ölkəmizin maliyyə ehtiyatlarını ciddi şəkildə artıraraq böhranlı situasiyalarda manevr imkanlarını maksimallaşdırmışdır. Bu mürəkkəb günlərdə cəmiyyətin bütün kateqoriyalarının bir qisim iqtisadi proqramlarla əhatə edərilməsi, strateji addımlar səbəbindən artan manevr imkanlarımızın sayəsində baş vermişdir. 


Azərbaycanlılar isə Azərbaycan Dövlətinin yanında dayanaraq rəşadət nümunəsi göstərmiş, xalqımız vətənpərvərlik və millətpərvərlik kimi çoxəsrlik ülvi dəyərlərə söykənərək bu situasiyada koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədiylə yaradılmış fonda özlərinin dəstəyini ifadə etmişlər. 


Qlokallaşma kontekstində isə Azərbaycan kifayət qədər üstün pozisiyadadır. Həm qədim dövlətçilik ənənələri həm də xalqımızın sağlam düşüncə tərzi iqtisadi, siyasi və mədəni cəhətdən yad olan ünsürlərin şuurlara yerləşməsinə qarşı ardıcıl mübarizə aparmış bununla yanaşı ölkəmiz dünya ölkələri ilə beynəlxalq və bərabər hüquqlu iqtisadi, siyasi və mədəni əlaqələr yaratmağa müyəssər olmuşdur.  

 
Qloballaşmanın yeni bir sistem kimi özünü nə dərəcədə doğruldacağı bir qədər qeyri-müəyyəndir. Şübhəsiz ki, bir model olaraq müfəssəl tədqiqinə zərurət vardır. Lakin reallıq bundan ibarətdir ki, dünyada baş verən iqtisadi, siyasi və mədəni prosseslərdə ciddi lokallaşma tendensiyası vardır və yeni bir nizam yaranana qədər də davam edəcəkdir. 
 

Nicat Muradzadə

İstanbul Universitetinin İdarəetmə ixtisası üzrə bakalavriatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top