"65 yaşdan yuxarı məhbusların əfvi onların qorunmasına yaradılan şəraitdir" — Tahir Kərimli

SİYASƏT 06 apr 2020, 20:49

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub.


Demokrat.az bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə xatırladıb ki, 200 nəfərin məhkəmə qaydası ilə azad edilməsindən sonra o, əfv və ya amnistiya ilə bağlı arzusunu dilə gətirib:

 

"Ona görə, cənab Prezidentin 176 nəfəri əfv etməsi mənim üçün də çox önəmli və xoş addımdır. Hər zaman vətəndaşlar tərəfindən müraciətlər olur. Biz bu müraciətlər barədə Əfv Komissiyasına da məlumat veririk. Ölkə başçısının bu cür humanist addımı bir növ bizim də işimizi yüngülləşdirir. Prezidentin əfv barədə qərarları beynəlxalq ictimaiyyətdə də hər zaman təqdirlə qarşılanır. İndi bu məsələnin aktuallığı odur ki, koronavirusla bağlı 65 yaşdan yuxarı insanların həssaslığı aydındır. 


Qanunvericilikdə də bu məsələ öz təsdiqini tapdı və ölkə başçısının 65 yaşdan yuxarı məhbusları əfv etməsi onların daha yaxşı qorunmasına yaradılan növbəti şəraitdir. Psixoloji təsir altında olan yaşlı məhbuslar həbsxanada deyil, ailəsinin yanında olsa, daha yaxşı idi. Cənab Prezident məhbusların bu durumunu, onların ailələrinin müraciətlərini, təcridxanada nizam-intizama əməl etmələrini nəzərə alaraq, belə bir qərar verdi. Məhbusların azadlığa çıxması onların gələcəkdə ictimai faydalı əməklə məşğul olmaları üçün də bir şansdır. Mən uzun illər məhkəmə orqanlarında işləmişəm. Məhkumların və onların yaxınlarının azadlığı nə qədər arzuladıqlarının şahidi olmuşam. Ali Məhkəmədə işlədiyim zaman da Əfv Komissiyasına məhbusların əfv olunması ilə bağlı rəylər vermişəm. Proses mənim üçün doğmadır. Ona görə, həm öz adımdan, həm də Vəhdət Partiyasının adından ölkə başçısına təşəkkür edirəm. Əfv tədbirlərinin davamlı olmasını arzu edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top