Əli Həsənov ayırdığı 10 min manatı trolları vasitəsilə reklam etdirir

TƏHLİL 28 mar 2020, 23:52

Bu gün Demokrat.az saytında müəllifi olduğum "Əli Həsənovun portmanatda yoxa çıxan "sadiqliyi" yazısı dərc olunandan az sonra eks-media maqnatının sosial şəbəkələrdəki və mediadakı trolları aktiv hərəkətə başladılar. Adi bir tənqidə dözə bilməyən Həsənovçular komplo teoriləri üzərində mühakimə yürüdür, tənqidçilərə əxlaq, vicdan və vətənpərvərlik dərsi keçirlər. 

Bəs ay haray, Əli Həsənov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat, kafedra müdiri kimi 3 aylıq maaşını, həyat yoldaşının rəhbərlik etdiyi "Kaspi" Təhsil Mərkəzi 10 min, oğlu Şamxal Həsənov isə 20 min manat pul köçürüb. 


Ölkə başçısının öz birillik maaşını Fonda köçürdüyü halda cılız rəqəmlərlə Əli Həsənovun ucuz piarını aparan belə şəxslər güzgüdə əksini görüb özlərinə düzən vermək əvəzinə güzgünü sındırmaqla məşğuldurlar. Bu da təbiidir, çünki Əli Həsənov mediada tənqidi əsla sevməyib, "parçala, hökm sür" prinsipi ilə özü idarə edib və dövlətin ona verdiyi imkanlar daxilində özünün "mediaya qayğı nağılları"nı mətbu killerləri vasitəsilə tirajlayıb. Ona qarşı çıxanları isə ya "arzuolunmaz şəxs" elan edib, ya da media orqanların qapadıb, bir hissəsini isə özününküləşdirib. Hətta ölkə rəhbərliyini bir vaxtlar sərt tənqid edən müxalif media qurumları da Əli Həsənovdan göstəriş aldıqları üçün sabiq köməkçinin adını çəkə bilməyiblər. Soruşan da olmayıb ki, axı nə baş verir? Niyə Əli Həsənovun tənqidi qadağan edilib, hansı yollarla özünü hədəfdən yayındırıb? 


Hələ ünvanımıza yönəlik yazılarda təhdid elementləri də diqqət çəkir. Bu azmış kimi, "duyğusal" cümlələrlə ölkə rəhbərliyinin gördüyü işlərə də sabiq "patron"larını ortaq etmək niyyətindədirlər. Amma bu adamlar bir şəxsi yox, bütün ölkə insanını hədəfə ala biləcək virus qorxusunu görə-görə bir dəfə səslərini çıxarmadılar ki, niyə bu qədər var-dövlət sahibi olan adam Prezidentin təşəbbüsünə qoşulmaqdan yayınır? Məhz media və sosial şəbəkələr yazdıqdan sonra belə bir addım atılmalı idi? Bunlar ritorik suallar deyil, cavabı verilməli suallardır. 


İndi də Fonda köçürdükləri 5-10 manatın ucuz piarını qurub özlərini gülünc vəziyyətə salırlar. Halbuki Əli Həsənov bu pulları və biznes səltənətini sıradan bir iş adamı, sadə vətəndaş olaraq qazanmayıb, məhz dövlətin onlara etimad etdiyi ali vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əldə edib. 


Məncə, ayırdığı 5-10 manatı bu şəkildə, həm də qəhrəmanlıq kimi cəmiyyətə sırıyaraq özü haqda "mələk" orazı yaratması elə "dövlət və millət heysiyyatı" ilə oynamaqdır. Bunun başqa izahı yoxdur. Bunun adı hiyləgərlikdir! 

 

Vasif Həsənli 

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top