Erkin Qədirli: “Milli Məclisdə çıxış edərkən mikrofonum söndü”

SİYASƏT 13 mar 2020, 23:33

Bu gün Milli Məclisdə ilk çıxışımı etdim. Çıxış üçün 10 dəqiqə ayrılır, amma yazılanların sayı çox olduğundan sədr təklif etdi ki, çıxışlar 3 dəqiqə olsun. Əksəriyyət razılaşdı. Ağlımda tutduğum çıxış 3 dəqiqəyə sığmadı və 3-cü dəqiqənin tamamında mikrofon söndü. Buna etirazım yoxdur, gərək çıxışlarımı qısa etməyə öyrənim.

 

Bügünkü iclasda 5-ci çağırışdan qalmış bir qanun layihəsi və 6-cı çağırışın baxılmasına verilmiş yeni bir qanun layihəsi qəbul olunub İkisi də qüvvədə olan qanunlara düzəlişlərlə bağlı olub. İkisilə də bağlı iradımı bildirdim.

 

Birincisi, layihələr çağırışdan çağırışa ötürülə bilməz. Parlamentarizm ənənələri güclü olan ölkələrdə belə edilmir. Bir çağırışın içində layihəni sessiyadan sessiyaya ötürmək və ertələmək olar, amma bir çağırışın başlayıb başa çatdıra bilmədiyi bir işi başqa çağırışın (eyni deputatlardan ibarət olsa da) baxılmasına çıxarmaq doğru deyildir. Heç bir çağırış özündən sonra gələn çağırış üçün iş yükü yarada bilməz (çağırışlar arasında varislik əlaqəsi olmur). Öncəki çağırışda başa çatdırılmamış layihələr sıfırlanmalı, sonrakı çağırışda yenidən (birinci oxunuşdan) başladılmalıdır. Parlamentarizm ənənələri həm də bunun hesabına qurulur.

 

İkincisi, Normativ-Hüquqi Aktlar haqqında Konstitusiya Qanununa görə, layihə, onu təqdim etmiş subyektin əsaslandırması (qəbul edilməsi zərurətinin əsaslandırılması, eləcə də maliyyə-iqtisadi əsaslandırılması) ilə birlikdə verilməlidir. Layihəni Prezident təqdim edib, amma deputatlara onun əsaslandırılması verilməyib. YAP-ın deputatları onu əsaslandırmağa çalışdılar. Bununla belə, qanunun tələbinə görə bu halda əsaslandırma Prezidentdən gəlməli idi, çünki qanunvericilik təşəbbüsü Prezidentdən gəlmişdi.

 

Bugünkü iclasda komitələrin formalaşması yekunlaşdı. Mən Hüquq Siyasəti və Dövlət Quruculuğu, eləcə də Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitələrinin üzvü seçildim.

 

Deputat Erkin Qədirli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top