Ermənistanda gərginlik: “Kombinat partkomu necə milyarder ola bilər?” — Şok detallar

SİYASƏT 12 mar 2020, 17:36

“Uzun illər Ermənistanın Müdafiə naziri hərbi cinayətlər törədən, Xocalı qətliamında iştirak edən, mülki əhalinin qətlində rolu olan Seyran Ohanyan olub. Ümumiyyətlə, Ermənistanın əvvəlki rəhbərliyi bütövlükdə hərbi cinayətkarlardan ibarət olub. Onlar cinayətlər üzərində öz karyeralarını qurublar ki, talamaq və zənginləşmək imkanları olsun. Odur ki, Ermənistanda təkcə maliyyə, iqtisadiyyat sahələrinin deyil, ordunun da talanması realdır. Necə ola bilər ki, kombinatın partkomu gəlib milyarder olsun?”

 

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, DİP sədri Asim Mollazadə Nikol Paşinyanın Gorusdakı çıxışına münasibət bildirirəkən deyib.

 

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Gorusda çıxışı zamanı bəyan edib ki, Serj Sərkisyan ordu üçün 42 milyon dollarlıq silah alıb. Amma sonradan müəyyən edilib ki, bu silahlar ordu üçün yaramır və sadəcə metallomdur. Əvvəlki hakimiyyəti erməni ordusunu talamaqda ittiham edən Baş nazir əlavə edib ki, buna görə cinayət işi açılıb və Serj Sərkisyan məhkəmədə cavab verəcək.

 

Deputat Asim Mollazadə keçmiş erməni rəhbərliyinin ordunu talamasının mümkünlüyünü istisna etmir. O bildirir ki, bunlar mümkün, bəlkə də real faktdır. Eyni zamanda, indiki Ermənistan rəhbərliyi də ancaq daxili çəkişmələrlə məşğuldur və Qarabağ konfliktinin sülh mərhələsi, Ermənistanın real müstəqilliyinin bərpası istiqamətlərindəheç bir real addımlar atmır:

 

“Ona görə də Ermənistanın taleyi və gələcəyi şübhə doğurur. Ermənistan hansısa hərbi baza kimi həyatını davam etdirir. Bir daha qeyd edirəm ki, hərbi cinayətkarlar Ermənistana rəhbərlik etdiyi dövrdə ordunun talanmasını istisna etmirəm. Amma bununla yanaşı ölkədə daxili çəkişmələr davam edir. Ermənistanın yeganə şansı sülhdür və bu, onu xilas edə bilər”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top