"Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəs şübhə etməsin" — XİN

SİYASƏT 11 mar 2020, 17:27

“Öncə bir məsələyə aydınlıq gətirək, bu bəyanatı kim verir? Bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistan Respublikasına aiddir”.

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in martın 10-da bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə təşkil etməkdə ittiham etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

“Ermənistan tərəfinin diqqətinə bir daha çatdırırıq ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-kvo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir. Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu ölkəmizin təhlükəsizliyinə əsas təhdid mənbəyidir.

 

Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh və qanunun aliliyi şəraitində yaşaması, birgə təhlükəsizliyin təminatı və bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir”, - deyə L.Abdullayeva bildirib.

 

XİN rəsmisi qeyd edib ki, Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir:

 

“Azərbaycanın ədaləti və beynəlxalq tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəs şübhə etməsin”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top