"Ermənistan hərbi birləşmələri təxribat əməliyyatlarının sayını artırıb" — EKSPERT

SİYASƏT 11 mar 2020, 10:41

Son 15 gündə Ermənistanla sərhəddə ard-arda 3 sərhədçimiz snayperin qurbanı olub. Sərhədçilərimizin xüsusilə snayperlər tərəfindən vurulmasından sonra bəzi hərbi ekspertlər tərəfindən müxtəlif media orqanlarında belə iddialar irəli sürülür ki, Ermənistanla sərhəddə DSX-nın əsgərləri olmamalıdır. Bu ərazi tam olaraq Müdafiə Nazirliyinin peşəkar hərbçilərinin nəzarətində olmalıdır. Bəs bu yolla snayperlərin hədəfindən yayınmaq olarmı? Azərbaycanın da snayperləri varmı?


Hərbi-siyasi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Qazax-Tovuz istiqamətində son vaxtlar daha da fəallaşıb. Azərbaycanı Ermənistanla dövlət sərhədində hərbi münaqişəyə cəlb etməyə çalışırlar. Müdafiə Nazirliyinin bölmələri həmin istiqamətdə dislokasiya olunduğu zaman da döyüş və itkilər olurdu: “Qazax istiqamətində sərhəd zolağı, yəni qoşunların təmas xətti çox çətin şəraitdə formalaşıb. Bu ərazidə hər iki tərəfin snayperlərinin işləmək imkanları rahatdır. Bundan başqa, Ermənistan hərbi birləşmələri təxribat əməliyyatlarının sayını artırıblar. Əlbəttə, düşmənə lazımi formada cavab verilir. Nəzərə alınmalıdır ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları nizam-intizam və çevikliyinə görə xüsusi hərbi birləşmələrimizdəndir. Əgər Ermənistanın təxribatı varsa, burada Dövlət Sərhəd Xidmətini səriştəsizlikdə, qeyri-peşəklarlıqda ittiham etmək doğru deyil. Düşmənin təxribatının qarşısını sərhədçilərimiz də alır. Bu zaman isə itki ola bilir. İtkilər düşmən tərəfdən də olur. Kimsə düşünürsə ki, sərhəddə düşmənlə üz-üzə ancaq Müdafiə Nazirliyinin hərbçiləri olarsa düşmən hücum etməyəcək, edəcəyi halda heç vaxt heç bir itki olmayacaq, bu yanlış düşüncədir”. 

Ramil Məmmədli ile ilgili görsel sonucu

Ekspert onu da qeyd etdi ki, hərbi bölmələrin hər birində snayperçi vəzifəsi mövcuddur: “Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi birləşmələrində bu vəzifə var. Yəni bizim snayperçilər də lazımi formada düşmənə qarşı öz işlərini görürlər. Lakin Azərbaycandan fərqli olaraq Ermənistan tərəf daxili qarşıdurma-çaxnaşma olmaması üçün öz ordularının itkilərini gizlədirlər. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, deyilənlər, sadəcə, relyefi və vəziyyəti bilməyənlər tərəfindən söylənən fikirlərdir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top