Bəxtiyar Aslanbəyli: "Komanda ruhunu qorumaq çox vacibdir" — VİDEO

SOSİAL 10 mar 2020, 18:53

BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Yaxşı idarəçi dəyişikliyə açıq olmalıdır”

 

“Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbər qrupunun üzvlərinin təcrübəsindən yararlanacaqlar. Onlarla əyani şəkildə iş mühitində iştirak edəcəklər. Ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin top-menecerlərindən ibarət komandanın üzvü olan BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli uğurlu idarəçilərə xas keyfiyyətlərlə bağlı sualları cavablandırıb. 


Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansıdır?


- Uğurlu idarəçinin 2+2 qədər dəqiq tərifi və ya əlamətlər toplusu təəssüf ki, yoxdur. Zənnimcə, uğurlu idarəçilər, bütün komanda üzvlərinin eyni idarəçilik üslubuna cavab vermədiyini başa düşənlər, liderlik üslublarını şəxsə və situasiyaya uyğunlaşdırmağı bacaranlardır. Hər bir idarəçi qabiliyyət, bacarıq və motivasiya səviyyəsindən asılı olaraq hər hansı bir qrupa və ya şəxslərə fərqli üslubda rəhbərlik etmək istəyə bilər. Ancaq ümumilikdə müəyyən cəhətlər var ki, effektiv rəhbərliyin, idarəçiliyin təməli hesab oluna bilər.  


Ən əsası, idarəçinin düzgün fəaliyyət istiqamətini müəyyən etmək bacarığı olmalıdır. İdarəçilər təşkilatlarının yerinə yetirməli olduqları və ya yerinə yetirmək istədikləri hədəfi, niyyəti, görüşü təyin etmək üçün məsuliyyət daşıyırlar. Məhz hədəflər aydın olduqda hətta stresli zamanlarda belə, təşkilatlar və qruplar bir yerdə qalmağa, fəaliyyətlərini cəmləməyə nail olurlar. 
Hədəf bəlli olduqdan sonra insanları bu hədəf(lər) ətrafında birləşdirmə bacarığı olmalıdır. Elə ola bilər ki, komandanın hər bir üzvü var gücü ilə, bütün potensialından istifadə edərək işləyər, ancaq bu, hələ onların eyni hədəfə qulluq etməsi və ya sinerjinin yüksək olduğu anlamına gəlməz. Onları eyni hədəf ətrafında cəmləşdirə bilmək bacarığı məqsədə, hədəfə nail olmağı asanlaşdıra bilər. Bütün komanda ilə işləmək - komanda ruhunu qorumaq çox vacibdir. Komanda ruhu komandanı bir yerdə saxlayan yapışqandır. 


İdarəçi həmçinin həvəsləndirməyi bacaran və ruhlandıra bilən olmalıdır. Yaxşı idarəçi komandasının bütün üzvlərinə ən yaxşı tərəflərini üzə çıxarmaqda, aşkarlamaqda yardım etməlidir. Başqa sözlə, öz resursunun gücündən və zəifliklərindən xəbərdar olmalıdır. 


İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (Kitablar və ya vərdişlər)?


- Bir sıra vacib bacarıq və qabiliyyətlərlə bərabər, eyni zamanda düzgün ünsiyyət qurmağı xüsusilə tövsiyə edərdim. Heç kimə sirr deyil ki, eyni xəbər çatdırılma üsulundan asılı olaraq fərqli qəbul oluna və fərqli nəticələr verə bilər.  Hər hansı bir yanlış ünsiyyət isə hədəfə çatmanı ləngidə bilər.  Ona görə də, hesab edirəm ki, effektiv ünsiyyət çox vacibdir. Effektiv ünsiyyət isə yalnız dəqiq başa düşüldükdə olur.


Eyni zamanda, öyrənməni ömürlük vərdişə çevirmək çox əhəmiyyətlidir.  Əksər insanlar tədrisi məktəb, universitetdə alınan formal təhsil ilə əlaqələndirirlər. Hamımızın valideynlərimizlə yaxşı təhsil almağın vacibliyi haqqında söhbətlərimiz olub. Ancaq formal təhsil öyrənmənin yalnız bir növüdür. Bilikləri daha da artırmağın və həyatda lazım olan bacarıqları inkişaf etdirməyin bir çox başqa imkanlari da var. Həyat boyu öyrənmə ətrafımızdakı dünya haqqında təsəvvürümüzü inkişaf etdirə bilər, bizə daha çox və daha yaxşı imkanlar verər.


Digər tövsiyəm isə hər bir işin, layihənin məhdudiyyətlərini və risklərini əvvəlcədən araşdırmaqdır. Effektiv liderlər hər zaman B planın olmasına əmin olmalıdırlar. 


- Yüksəliş müsabiqənin iştirakçılarından gözləntiləriniz nədir?


- Dəyişikliklərə və yeniliklərə açıq olmaq vərdişlərinə sahib olmaları. Bəzən dəyişiklik etmək, dəyişikliyə rəhbərlik etmək idarəçiliyin çətin tərəfi hesab olunur, çünki insanlar dəyişikliyi çox vaxt mənfi təcrübə kimi qəbul edirlər. Yaxşı idarəçi dəyişikliyin xüsusiyyətlərini və səbəbinin həm mənfi, həm də müsbət tərəflərini tarazlaşdıraraq həqiqi təqdimatını etməyi bacarmalıdır. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top